Hikmət Xəzinəsi

Allah Rəsulunun (s) dilindən imam Hüseynin (ə) fəziləti

Allah Rəsulunun (s) dilindən imam Hüseynin (ə) fəziləti

Allahın Rəsulu (s) kamil və nümunəvi bir insan olduğu üçün kamilləşmək istəyən hər bir insan onun sözlərinə itaət etməli, getdiyi yolla getməlidir. Onun sevdiyini sevməli, uzaq olduğu şəxsdən uzaqlaşmalıdır. Bu həmçinin Allahın əmridir. Onun həyatını mütaliə etdikdə görürük ki, öz pak əhli-beytini (ə) hamıdan daha çox sevmiş və bizlərə də gələcəkdə rəhbər kimi onlardan uzaqlaşmamağı tövsiyyə etmişdir. Burada onlardan bir neçəsini diqqətinizə çatdırırıq.

“Əxbarud-duvəl” kitabında deyilir: “Hüseyn (ə) dünyaya gəldiyi vaxt Peyğəmbəri (s) hadisədən xəbərdar etdilər. Peyğəmbər (s) Zəhranın (s.ə) evinə gəldi və onu (Hüseyni) qucağına götürdü. Sağ qulağına azan, sol qulağına isə iqamə oxudu. Cəbrail (ə) nazil oldu və Həsən barəsində etdiyi kimi göstəriş verdi ki, onu Hüseyn adlandırsınlar” (“Əxbarud-duvəl və asarul-əvvəl”, səh.107).

Allah Rəsulu (s) buyurub: “Hüseynə gəldikdə o, məndəndir. O, mənim oğlum və balamdır. O, qardaşından sonra insanların ən yaxşısıdır. O, müsəlmanların imamı, möminlərin başçısı, aləmlərin Rəbbinin xəlifəsi, kömək istəyənlərin köməyi, pənah axtaranların pənahı və Allahın bütün yaratdıqları üçün höccətdir. O, Cənnət cavanlarının başçısı və ümmətin nicat qapısıdır. Onun əmri mənim əmrimdir və ona tabe olmaq mənə tabe olmaqdır. Kim ona itaət etsə məndəndir və kim ona itaətsizlik etsə məndən deyil”(“Ə’mali”, Şeyx Səduq, səh.101).

Buxarinin kitabında Peyğəmbərdən (s) nəql olunmuşdur: “Həsən və Hüseyn mənim bu dünyada iki reyhanəmdir”(“Səhihi Buxari”, c.5, səh.33).

Hakim Nişapuri sənədilə Səlmandan nəql edir ki, Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “Həsən və Hüseyn mənim iki övladlarımdır. Hər kəs onları sevsə, məni sevmiş sayılır və hər kəs məni sevsə, Allah onu sevmiş olar və Allahın sevdiyi hər bir kəs Behiştə daxil olacaqdır. Hər kəs onlarla düşmənçilik etsə, mənə düşmən sayılır və hər kəs mənə düşmən olsa, Allah onunla düşmənçilik edər və Allaha düşmən olan hər kəsin yeri Cəhənnəmdir”(“Müstədrəki-Hakim”, c.3, səh.166).

Ömərin oğlundan nəql olunmuşdur ki, Peyğəmbər (s) buyurdu: “Həsən və Hüseyn Behişt cavanlarının iki başçısıdır və ataları onlardan daha üstündür”(“Müstədrəki-Hakim”, c.3, səh.167).

 Tirmizi Yusif ibni İbrahimdən nəql edir ki, Ənəs ibni Malikin belə dediyini eşitdim ki, Peyğəmbərdən (s) sual olundu: “Öz əhli-beytinizdən hansı daha əzizdir?” Buyurdu: “Həsən və Hüseyn”. Peyğəmbər (s) onları həmişə bağrına basaraq öpərdi” (“Sunəni-Tirmizi”, c.5, səh.323).

 Peyğəmbərin (s) dillər əzbəri olan belə bir hədisi də var: “Hüseyn məndəndir və mən də Hüseyndənəm”(“Kənzul-ummal”, c.13, səh.662).

 Müfəssirlərimiz bu hədisi belə təfsir etmişlər: “Hüseyn məndəndir” – bu o deməkdir ki, onun atası həzrət Əli (ə) olsa belə Mübahilə ayəsinə əsasən o, Peyğəmbərin (s) özündən sayılır. Bu səbəbdən də onu Peyğəmbərin (s) oğlu hesab etmək olar. Hər bir ata onun yolunu davam etdirən, onun şəxsiyyətini qoruyan bir oğlu olmasını istəyər. Burada imam Hüseyn (ə) öz qiyamı və şəhadətilə Peyğəmbərin (s) risalətini diriltdiyindən onun şəninə belə sözlər deyilmişdir: “Mən Hüseyndənəm”. Yəni, mənim risalətimin davamı və yaşamağı Hüseynə bağlıdır.

 Hakim Nişapuri sənədilə Əbu Hüreyrədən nəql edir ki, Peyğəmbəri (s) Hüseyn ibn Əlini (ə) qucaqlayan halda gördüm. Buyurdu: “İlahi! Mən onu sevirəm. Sən də onu sev”(“Müstədrəki-Hakim”, c.3, səh.177).

Huzeyfə ibn Yəman deyir: “Peyğəmbərin (s) Hüseynin (ə) əlindən tutub belə dediyini eşitdim: “Ay camaat, bu, Hüseyn ibn Əlidir. Onu tanıyın. Canım (qüdrət) əlində olana and olsun ki, həm o, həm onu sevənlər, həm də onu sevənləri sevənlər cənnətdədirlər!” (“Ə’mali”, Şeyx Səduq, səh.478)

İbn Səbbağ Maliki rəvayət etmişdir: “İmam Hüseyn (ə) namaza dayandığı vaxt rəngi saralardı. Ona deyildi: “Namaz vaxtı sizdə yaranan bu nə haldır?” Həzrət buyurdu: “Bilmirsiniz ki, mən kimin qarşısında dayanacağam?” (“əl-Fusulul-muhimmə”, səh.183)

 Zəməxşəri rəvayət etmişdir ki, Hüseyn ibn Əlini (ə) Kəbəni təvaf etdiyi halda müşahidə etmişlər. Belə ki, İsmail məqamına tərəf gəlib namaz qıldı. Sonra üzünü məqama qoyub ağlamağa başladı və ərz etdi: “Kiçik bəndən evinin qapısındadır, kiçik xidmətçin evinin qapısındadır, sail evinin qapısındadır”. Bu cümlələri dəfələrlə təkrar etdi. Oradan çıxdıqda çörək tikələrini yeməklə məşğul olan miskinləri gördü və onlara salam verdi. Onu yeməyə dəvət etdilər. Həzrət (ə) onların yanında əyləşib buyurdu: “Əgər bunlar sədəqə olmasaydı mən də sizinlə yeyərdim”. Buyurdu: “Qalxın və mənim mənzilimə gəlin”. Həzrət (ə) onlara yemək və libas verdi” (“Rəbiul-əxbar”, səh.210).

Təbəri sənədilə Zəhhak ibn Abdullahın belə dediyini nəql edir: “Elə ki, Kərbəlada gecə oldu Hüseyn və əshabı bütün gecəni namaz, istiğfar, dua və yalvarışla keçirdilər...” (“Tarixi-Təbəri”, c.5, səh.421)

 Buxari sənədilə Nəimdən nəql etmişdir ki, ibni Ömərdən soruşuldu: “Ehram halında bir milçəyi öldürən şəxsin hökmü nədir?” Cavabında dedi: “İraq əhli bir milçəkdən sual edir, bir halda ki, Peyğəmbər (s) qızının oğlunu qətlə yetirmişlər” “(Səhihi-Buxari”, c.5, səh.33).

Ənəs ibn Malik deyir: “Hüseyn ibn Əlinin (ə) şəhadətindən sonra onun başını ibn Ziyada gətirdilər. O, çubuqla həzrətin dişlərinə vurmağa başladı. Mən ürəyimdə dedim: “Nə pis iş görürsən! Mən görmüşəm ki, Allah Rəsulu (s) çubuqla vurduğun həmin yeri öpərdi” (“Zəxairul-uqbə”, səh.126).

 

  İmam Hüseyn (ə) Rasuləllahın (s) dilindən

 

Allah Rəsulu (s) buyurmuşdur:

 

“Ən şərəfli ölüm şəhadətdir”.

 

“Şəhidin borcdan başqa bütün günahları bağışlanar”.

 

“Düşmənlə üz-üzə gələn şəxs əgər öldürülənədək müqavimət göstərsə və ya qalib gəlsə qəbr əzabı görməz”.

 

“Kim sidq ürəklə Allahdan şəhid olmasını istəyərsə, öz yatağında ölsə belə, Allah-təala onu şəhidlərin məqamına çatdırar”.

 

“Kim Allah yolunda yaralanarsa, Qiyamət günü müşk ətrinə bənzər bir ətir saça-saça, rəngi zəfəran rəngində və üzərində şəhidlərin nişanəsi ilə gələr. Kim ixlasla Allahdan şəhidlik istəsə, yataqda ölsə belə, Allah-təala ona şəhidin mükafatını verər”       (Mizanul-Hikmət).

 

Allaha səcdə zamanı alnı imam Hüseynin (ə) türbətinə qoymağın fəlsəfəsi

 

Namazda Allaha səcdə edərkən alnı torpağa qoymaq Peyğəmbərin (s) danılmaz sünnəsidir. Bu əməl torpaqdan yarandığımıza, öldükdən sonra torpağa qayıdacağımıza işarədir.

Bəzi məkanlar və torpaqlar Allah dərgahında xüsusi üstünlüyə sahibdirlər. Bunu bir çox Quran ayələri ilə sübut etmək olar:

“Biz ona və Luta nicat verdik ki, aləmdəkilər üçün çox bərəkətli etdiyimiz yerə doğru hərəkət etsinlər” (“Ənbiya” surəsi, ayə 71).

“Və Süleyman üçün bərk küləyi ram etdik ki, onun əmri ilə çox bərəkətli etdiyimiz torpağa (Şam torpaqlarına və Fələstinə) əsərdi. Biz hər şeyi əzəldən bilirik” (“Ənbiya” surəsi, ayə 81).

“O zaman Rəbbi onu müqəddəs “Tuva” vadisində səslədi...” (“Naziat” surəsi, ayə 16)            

Bu kimi ayələrdən məlum olur ki, məkanlar fəzilət baxımından bir-birindən fərqlənərək özünəməxsus xüsusiyyətə malikdir. Bu mövzuya rəvayətlərdə də rast gəlmək olar. Peyğəmbərin (s) “Səmud” məntəqəsinə olan ikrahı Buxarinin kitabında belə nəql olunmuşdur ki, Allah Rəsulu (s) bu məkandan keçərkən buyurdu:

“Siz də müsibət görməyəsiniz deyə lənətlənmiş zalımların torpağından keçməyin” (“Səhih-Buxari”, c.6, səh.7).

Nəql olunur ki, həzrət Əli (ə) İlahi əzaba düçar olmuş “Babil” torpaqlarında namaz qılmaqdan çəkinərdi.

İmam Hüseyn (ə) türbəti də Allah-təalanın bərəkət verdiyi torpaqlardan biridir. Belə ki, Allah yolunda canından, malından, ailəsindən və hər şeydən keçmiş Seyyiduş-Şuhəda (ə) məhz bu torpağa tapşırılmışdır.

Rəvayətə görə Əmirəl-möminin Əli (ə) Siffeynə gedərkən Kərbəla torpağına daxil olub, Əhli-beytin (ə), övladlarının, şiələrinin qətligahına və ürəyinin parasının qanı axıdılacağı yerə nəzər saldı. Sonra oranın torpağından bir az götürüb iylədi və buyurdu: “Əhsən sənə ey torpaq! Səndən elə bəndələr cənnətə gedəcəklər ki, onlardan sorğu-sual olunmayacaq! Xoş sənin halına! Sənin üzərində Allahın ən əziz dostlarının qanı töküləcək!” (“Biharul-Ənvar”, c.44, səh.253-255)

Belə isə Allaha səcdə zamanı belə bir müqəddəs torpağa alnı qoymaqdan çəkinilərmi?

Tovhid və məbuda eşqi xatırladan bu torpağın başqa torpaqlardan fərqi yoxdurmu?

Bu torpağa alın qoymağın fəlsəfəsi bundan ibarətdir ki, namaz qılan şəxs imam Hüseynin (ə) Allah yolundakı fədakarlığını yad etsin ki, bir aşiq məşuqu uğrunda necə müsibətlərə qatlaşmalıdır. Bir bəndənin ən gözəl səcdə halı belə bir təfəkkürlə dünyanı gözündə kiçiltməsi və yüksək mənəvi ruhla Allaha yaxınlaşmasıdır. İmam Hüseyn (ə) və sahəbələrin ən yüksək məqamı kimi. Bu türbət imam Hüseynlə (ə) olan bir növ vasitə və rabitədir. Belə rabitələr psixoloji cəhətdən insan tərbiyyəsinə və mənəviyyatına öz təsirini qoyur.     

(Allaha səcdə zamanı alnı imam Hüseynin (ə) türbətinə qoymaq barəsində bir çox rəvayət kitablarından, o cümlədən, “Əl-Buxari”, c.1, səh.207, 212, 171;  “Tirmizi”, c.2, səh.22; “Səhih Müslim”, c.1, səh.433; “Müsnədi Əhməd”, c.5, səh.108-110-dan əldə etmək olar.)

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4314, 

Dostların veb səhifələri

15657849
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
6253
7422
53396
15456216
132988
160067
15657849

sizin IP ünvanınız: 3.142.55.138
2024-12-22 18:42

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!