İlahi nemətlər

Yer üzünün ən dəyərli suyu – Zəmzəm

 

Yer üzünün ən dəyərli suyu – Zəmzəm

 

«Zəmzəm» sözü ərəb dilində əmr formasında olub, tərcümədə «dur-dur» və yaxud da «dayan-dayan» mənasındadır. «Zəmzəm» sözü Həzrət İbrahimin (ə) əyalı Hacər xanım və onun oğlu Həzrət İsmayılın (ə) adı ilə bağlıdır. Belə ki Hacər xanım körpə oğlu İsmayılın ayaqlarının altından suyun çıxmasını görüb çox sevinmiş və axıb getməməsi üçün  zəmzəm (dur-dur və ya dayan-dayan) deyə, suya müraciət etmişdir. Zəmzəm Hacər xanım və oğlu İsmayılın susuzluğunu aradan qaldırmaq üçün Məkkənin (Kəbə) kimsəsiz çölündə uca olan Allah-Taalanın qüdrəti ilə yerdən çıxan müqəddəs, qeyri-adi və əvəzolunmaz bir sudur.

 

Zəmzəm suyu müalicəvi əhəmiyyətə malikdir 

Yer üzündəki suların ən yaxşısı olan zəmzəmdir ki, xəstələr üçün bir şəfadır. Odur ki, zəmzəm suyu həm müqəddəsliyi, həm də tərkibində olan dəyərli mineralların olması baxımından şəfaverici bir vasitədir. Bu baxımdan məhz şəfa niyyəti ilə içildikdə müəyyən xəstəliklər üçün müalicəvi təsirə malik olur. Zəmzəm suyu fərqli kimyəvi təsirə malikdir.

Zəmzəm suyunun kimyəvi tərkibinə gəlincə, bu suyun tərkibi çox fərqlidir; həll olan mineral duzlar milyonda – 1620 mlq, xlor qrupu milyonda 234 mlq, karbonat qrupu milyonda – 365 mlq, kükürd qrupu milyonda – 190 mlq, lakin nitrat və sulfat yoxdur. Bu suyun tərkibində müəyyən dəyərli mineral duzlar olduğu üçün böyrəkləri təmizləyir, ürəyin və qaraciyərin fəaliyyətini yaxşılaşdırır, hərarəti və baş ağrılarını aradan qaldırır, gözlərin görmə qabiliyyətini artırır, qorxunu, üzüntü və kədəri yox edir.

İbn Qəyyum deyir: «Özümün və yaxınlarımın zəmzəm suyu ilə şəfa tapmağını təcrübədən keçirtdim. Müxtəlif xəstəliklərin müalicəsinin bu su ilə mümkün olduğunu anladım. Bir sıra xəstələrin yarım ay və daha çox yalnız bu sudan içməsini və heç bir aclıq hiss etmədiyini müşahidə etdim».

Cabir ibn Abdullah isə belə rəvayət edir: «Peyğəmbər (s) Mədinəyə hicrətdən sonra, fəthdən əvvəl Məkkədə yaşayan Suheyl ibn Əmrə bir məktub yazaraq ona təcili olaraq, zəmzəm suyunun göndərilməsini istəmişdi və: «Əgər məktubum sənə gecə də çatsa, mənə zəmzəm göndərmək üçün səhəri gözləmə və əgər məktubum sənə gündüz çatarsa, axşamı gözləmə!» – deyə buyurmuşdur. «Suheyl ibn Əmr, gecə ikən iki böyük tuluq ilə gizlicə Mədinəyə zəmzəm suyunu göndərmişdir».

 

Zəmzəm suyu aclıq hissini aradan qaldırır

İnsanların çox sevdiyi və suların ən şərafətlisi olan zəmzəm aclıq hissini aradan qaldırır, hətta kökəlməyə səbəb olur.

Peyğəmbərin (s) yaxın əshablarından olan Əbu Zərr İslamı qəbul etməyini belə açıqlayır: «Allahın Rəsulunun (s) peyğəmbərliyini eşidəndə Məkkəyə gəldim, onun yaşadığı yeri soruşurdum ki, məkkəlilər mənə hücum etdilər və məni möhkəm döyüb, əl-üzümü qana bulaşdırdılar, bayılıb, özümdən getdim; bir müddətdən sonra ayılıb əl-üzümü yumaq üçün dərhal zəmzəm quyusunun yanına gəldim, zəmzəm suyu ilə həm əl-üzümün qurumuş qanlarını yuyub təmizlədim, həm də doyunca içdim, o gündən etibarən, gecə-gündüz 30 gün Kəbədə qaldım, zəmzəm suyundan başqa bir içəcəyim və yeyəcəyim yox idi; bu müddət ərzində hətta kökəlib ətə-cana gəldim».

Nəhayət, bir gün Peyğəmbər (s) Əbu Bəkrlə Kəbəyə gəldi, təvaf edib namaz qıldı. Namazdan sonra ona yaxınlaşaraq salamlaşdım və bu vaxt Allahın Rəsulu (s) məndən: «Sən kimsən?» – deyə soruşdu. Mən: «Qafar oğullarındanam» – dedim. «Nə zamandan burdasan?»– deyə soruşdu. Mən: «Gecəli-gündüzlü tam 30 gündən bəridir ki, burdayam» – dedim. «Bəs bu günlərdə səni kim doydururdu?» – buyurdu. Mən: «Zəmzəm suyundan başqa yeyəcəyim yox idi, hətta bu müddət ərzində kökəlmişəm və heç aclıq hiss etmirəm» – dedim. Bu vaxt Allahın Rəsulu (s): «Zəmzəm həqiqətən də, mübarək (bərəkətli) bir sudur. O, doğrudan da, acı doyduran bir yemək kimidir, xəstəliklərə qarşı şəfavericidir» – deyə buyurmuşdu.

Həzrət Əlinin (ə) qardaşı Əqil müsəlman olmamışdan əvvələ aid olan bir hadisəni danışaraq, deyirdi: «Biz səhər yuxudan oyananda yeməyə bir şey tapmadığımız zaman atamız Əbu Talib bizə «Haydı zəmzəm suyu içməyə gedin» – deyərdi. Biz də zəmzəm quyusuna gedib, ondan içərdik və onunla kifayətlənərdik».

 

Zəmzəm suyu ana südünü çoxaldır

Bu suyun tərkibində olan minerallar ana südününü çoxalmasına kömək edir. Bu haqda Allahın Rəsulu (s) buyurmuşdur: «Əgər Hacər suyu özbaşına buraxsaydı, axıb gedən bir çay əmələ gələcəkdi» buyurmuş və davamında: «Hacər zəmzəmdən içir, içdikcə də İsmayılı əmizdirmək üçün südü çoxalırdı» – deyə buyurmuşdu.

Gördüyümüz kimi, zəmzəm suyunun nə qədər hikmətləri vardır. Bütün bunları nəzər alaraq, İslam Peyğəmbəri (s) buyurmuşdur: «Zəmzəm suyu hansı niyyətə içilərsə, onun üçündür. Əgər şəfa niyyəti ilə içilərsə, Allah həmin şəxsə şəfa verər. Əgər susuzluğu aradan qaldırmaq niyyəti ilə içilərsə, susuzluğu aradan qaldırar. Əgər aclığı aradan qaldırmaq niyyəti ilə içilərsə, insanı doydurar».

 

Zəmzəm suyu qoxumur

Zəmzəm suyunun o biri sulardan fərqli olan bir xüsusiyyəti vardır ki, bu su uzun müddət qalmasına baxmayaraq, qətiyyən qoxumur. Bunun səbəbi həm bu suyun müqəddəsliyi, həm də digər sularda mövcud olmayan kimyəvi tərkibidir. Bu hikmətli suyun tərkibində olan azacıq duzluluq kimi xüsusiyyətlər olduğuna görə, uzun müddət qoxumadan qala bilir. Odur ki, müsafir və hacılar rahatlıqla bu sudan yaşadıqları yerlərə apara bilirlər.

 

Zəmzəm suyunun içilməsinin də müəyyən qaydaları var

Bu müqəddəs suyu içmək istədikdə qibləyə doğru dönmək, Allahın adını xatırlamaq, «Bismillah» («Allahın adı ilə!») sözünü demək, içərkən 3 dəfəyə içmək, içdikdən sonra isə «Əlhəmdulilləh» («Həmd olsun Allaha!») sözünü demək ədəb qaydalarındandır.

Həqiqətən də, bu su içənlərə ləzzət verən müqəddəs və şəfalı sudur.

Məkkəni ziyarət edən hacılar bu müalicəvi və əvəzolunmaz sudan içərək, mənəvi və fiziki xəstəliklərdən təmizlənirlər.

Həqiqətən də, zəmzəm yer üzünün ən qiymətli və ən dəyərli suyudur. Bu günə qədər neçə-neçə nəsillər bu sudan istifadə edir və müəyyən dərəcədə ondan bəhrələnirlər. Milyonlarla insanların bu sudan istifadə etməsinə baxmayaraq, bu quyunun suyu tükənmir. Quraqlıq olan bir ərazi də belə bir quyunun mövcud olması,

Hər şeyə qadir olan UCA ALLAHIN qüdrət nişanələrindən biridir!

Zahirə Qurbanova, «İslam və Təbabət»

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 4461, 

Dostların veb səhifələri

15665801
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5929
8276
14205
15493342
140940
160067
15665801

sizin IP ünvanınız: 3.12.165.68
2024-12-23 19:59

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!