İlahi nemətlər

Quranda onun adı «Mənn» deyərək çəkilir

 

 

Quranda onun adı «Mənn» deyərək çəkilir

 

Quranda adı çəkilən bitkilərdən biri də «Mənn»dir. Tikanlı bitkilərdən birinin adı – dəvətikanıdır. Paxlalılar fəsiləsindəndir, çoxillik tikanlı ot bitkisidi.

         Azərbaycanda dəvətikanının əsasən iki növü yayılıb: adi dəvətikanı (Alhagi pseudalhagi) və İran dəvətikanısı (Alhagi persarum). Azərbaycanın bütün ərazisində yayılmışdır, quru yеrlərdə bitir. Əsasən Samur-Dəvəçi, Kür-Araz ovalıqlarında, Abşeronda yayılıb. Quraqlığa son dərəcə dözümlüdür. Kökləri 3-4 metrdən tutmuş 20-30 metr dərinliyə qədər uzana bilir. Uzunsov, lanset və ya oval formada yarpaqları var. Çiçəklərinin rəngi qırmızı-çəhrayıdan bənövşəyiyə qədər dəyişir. Qurudulduqda əsasən bənövşəyi rəng alır. Meyvəsi təsbehvaridi, düz və ya bir qədər əyri paxladan ibarətdir.

         Adi dəvətikanına Abşeronun demək olar, hər yerində rast gəlmək mümkündür, Bakının özündə də ona tez-tez təsadüf edilir. Son illərdə Abşeronun ekoloji mühitinin dəyişməsi, daha doğrusu, suyun ümumi səviyyəsinin artması bu qiymətli bitkinin tədricən yoxa çıxmasına da gətirir.

 Adi dəvətikanı otunun tərkibi aşı maddələri, kumarinlər, flavonoidlər, efir yağları, selikli maddələr, şəkərlərlə zəngindir.

         Orta əsr Azərbaycan təbabətində dəvətikanın «tərancəbin» adında qatı, bərkimiş şirəsi (еlmi dildə «manna») gеniş istifadə еdilirdi və Quranda onun adı «mənn» deyərək çəkilir. Məhəmməd Mömin (vəfatı 1697-ci il) yazır ki, dəvətikanının mannası cinsi həvəsi artırır, öskürəkdə, sinə ağrılarında, ürəkbulanmada, güclü titrəmə-qızdırmada və susuzluqda xеyirlidir. Kərə yağı ilə manna sidik tutulmasında da xеyirlidir. Dalaq üçün zərərlidir. Onun zərərini tamarind toxumları və innab aradan qaldırırlar. Dozası: 32-135 q. Onu söyüd mannası əvəz еdir.

         İbn Sina təsdiq еdir ki, dəvətikanının mannası öskürəyi dəf еdir, sinəni yumşaldır, susuzluğu aradan qaldırır və azca ödqovucu təsirə malikdir. Bir dəfədə 45-90 q su ilə içilir.

Hindistan və Sеylonun ənənəvi təbabətində tərqovucu vasitə kimi məşhurdur, kökündən hazırlanmış həlimi isə xarici vasitə kimi şiş və irinləmələrin müalicəsində istifadə еdilir. Bu bitkinin qara dəlibəng, tütün və acuan toxumları ilə qarışığından astma xəstəliyinin müalicəsində istifadə olunan xüsusi siqarеtlər hazırlanır.

 

Dəvətikanının tarixi və praktik istifadəsi

         Dəvətikanının yayılma coğrafiyası çox genişdir. Rusiyanın Avropa hissəsinin cənubu, qərbi Sibir, Qazaxıstan, Mərkəzi Asiya və Qafqaz dəvətikanının ən çox yayıldığı ərazilərdir. O əslində əsil səhra bitkisi hesab edilə bilər, susuzluğa dözümlüdür. Adının dəvətikanı olması da dəvələrin qidasında əsas yeri tutmasıyla bağlıdır. Başqa heyvanlar onu yalnız üyüdüləndən sonra yeyə bilər. Mərkəzi Asiya xalqları dəvətikanını çox sevir və onların şifahi xalq ədəbiyyatında dəvətikanına həsr edilmiş çoxlu nümunələr var.

Dəvətikanı bir növ səhranın meşə zolağıdır. Bildiyimiz kimi, qum açıq şəraitdə sürüşüb axa bilir. Dəvətikanı öz iri tikanları və dərin köklərilə bu cür qum axınlarının qarşısını alır. Hətta Abşeron şəraitində böyük həyətyanı sahələri olanlar dəvətikanını kəsib qurudur, onları bir-birinə calayıb uzun məftiləbənzər bir dolaq yaradır, sonra isə quma batırırlar ki, bunda da məqsəd qum axınlarının qarşısını almaqdır.

Abşeronda dəvətikanının ən çox praktik istifadəsi meyvə qurudulanda olur. Soyuducuların olmadığı vaxtlarda qışa çoxlu ehtiyat yığmağa ehtiyac yaranırdı. Dəvətikanı yığılır, qurudulub preslənirdi. Onun üstündə yay vaxtı əsasən əncir qurudulurdu, çünki istər ənciri, istərsə də digər meyvələri qurudanda onların hər tərəfdən yaxşı hava almasını təmin etmək vacibdi. Təbii şəraitdə bu rolu dəvətikanından gözəl heç bir bitki yerinə yetirə bilmir. Ən keyfiyyətli əncir qurusunu da preslənmiş dəvətikanının üstündən almaq mümkündü.

 

Müalicəvi əhəmiyyəti

 Əslində o qədər də seçilməyən adi dəvətikanı çox böyük müalicəvi əhəmiyyətə malikdi. Elektron texnologiyası dövründə xüsusi əhəmiyyət kəsb edən bir şey varsa, o da vaxtdı. Müasir insan daim tələsir, düzgün qidalanmır, rafinasiya prosesindən keçmiş məhsulları yeyir. Nəticədə piylənmə, mədə-bağırsaq sistemində və qaraciyərdə problemlər yaranır, böyrək və öd kisəsində daş əmələ gəlir. Düzgün həyat tərzi sürməyən müasir insan öz sağlamlığını nəzarətsiz dərman preparatları qəbul etməklə daha da korlayır.

Heç kimin ağlına gəlməyən müalicə vəsitəsi isə orda-burda – açıq sahələrdə, həyətlərin künc-bucağında bitir. Biz də onu amansızcasına qırıb atırıq. Adi dəvətikanı bir sıra müalicəsi çətin görünən xəstəliklərin dərmanıdı.

         Dəvətikanın demək olar ki, bütün hissələri müalicə vasitəsi kimi yararlıdı: tikanlı üst hissə, çiçəkləri, kökü. Toxumları haqda isə həlilik heç bir tibbi ədəbiyatda məlumat yoxdu. Ola bisin, toxumları ilə bağlı heç bir təcrübə aparılmayıb. Hər halda ziyanı barədə də məlumat yoxdu. Çox güman ki, elə qurudularkən toxumlarından da istifadə edilir.

Böyrəyində və öd kisəsində Daş olanlar, o cümlədən ödqovucuya, sidikqovucuya ehtiyac duyanlar dəvətikanının kökünü suda dəmləyib içə bilərlər. Ümumiyyətlə, dəvətikanının bütün hissələrinin əsas təsiri bu orqanlarla bağlıdı. Bu bitkinin qurudulmuş kökünü çay kimi dəmləyib hərarəti aşağı salmaq olar.

Dəvətikanının tikanlı yarpaqlı hissəsi adətən çay kimi dəmlənir və spesifik, bir qədər turş dada malik olur. Ödqovucu, tərqovucu, hərarətsalıcı xassəsi var. İshalda, dizenteriyada, babasildə istifadə edilir. Quru yarpaqlarından dəmlənən çay mədə və onikibarmaq bağırsağın xorasında yaraları sağaltmağa kömək edir.

Dəvətikanının ən mühüm və qiymətli hissəsi onun may-avqust aylarında əmələ gələn çiçəkləridi. Dəvətikanı çox iynəli olduğundan çiçəkləri toplamaq əziyyətli işdi. Daha sonra onu qurudub saxlamaq da olar. Yuxarıda sadaladığımız bütün xəstəliklərdə faydalıdı. Dəvətikanı çiçəkləri əsasən öd kisəsi və babasil xəstəliklərini sağaldır.

Çiçəklərindən və köklərindən qurudulmuş halda istifadə olunsa da, dəvətikanının yarpaqlı və tikanlı hissəsindən yaşılkən yararlanmaq lazımdı, çünki qurudulanda müalicəvi əhəmiyyətini bir qədər itirir.

Müasirtibbelmi

         Alimlər müəyyən еdiblər ki, dəvətikanın otu və kökünün həlimi mikrobları öldürür və onların çoxalmasının qarşısını alır, həmçinin büzüşdürücü və qan saxlama xüsusiyyətlərinə malikdir. Dəvətikanın sulu cövhəri və 10%-li həlimi ödqovucu və sidikqovucu vasitə kimi istifadə еdiləbilər. Bu bitkinin yayın istisində yarpaq və budaqlarında əmələ gələn boz-sarı, şirin, gеcədə bərkimiş mayе «manna» adı ilə məşhurdur. Onun tərkibin ikitrə, mannit, şəkər, limon turşusu və acı maddələr təşikl еdir.

 

Xalq təbabətində istifadəsi

Dəvətikanı xalq təbabətində təmizlənib qurudulmuş dəvətikanın köklərindən çaydəmləyib, soyuq dəymələrdə hərarəti salıcı, yarpaqlarından, çiçəklərindən və cavan budaqlarından hazırlanmış çay soyuq dəymələrdə tərlədici və sidikqovucu vasitə kimi işlədilir. Dəvətikanın köklərindən, çiçək və meyvələrdən bir yerdə hazırlanmış sulu bişirmə ishala və dizenteriyaya qarşı istifadə edilir. Quru yarpaqlarından çay dəmləyərək mədə və 12-barmaq bağırsaq xorasında yarasağaldıcı vasitə kimi verirlər. Qurudulmuş dəvətikanın çiçəklərindən dəmlənmiş çay isə babasil xəstəliyində iltihabı aradan qaldırmaq və qanı kəsmək üçün qəbul edilir.

İnsan öz taleyindən çox vaxt narazı olan varlıqdı. Sağlam olarkən pul, pullu olarkən daha çox pul, qocalanda cavanlıq və sağlamlıq arzulayır. Sağlam həyat isə sağlam düşüncədən, təmiz qidadan və düzgün müalicədən asılıdır. Qəzəb-kin insanın ödünü çoxaldır, konservləşdirilmiş qida mədəni zay edir, çirkli su böyrəkləri daşlaşdırır. Dəvətikanı isə ödü qovur, mədə yaralarını sağaldır, böyrəkləri daşlardan təmizləyir. Mərkəzi Asiya xalqları dəvətikanının təkcə tibbi-fiziki yox, mənəvi-mistik qüvvəsinə də inanırlar.

Aynur  Əzimova, Fəlsəfəçi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 4450, 

Dostların veb səhifələri

15665305
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5433
8276
13709
15493342
140444
160067
15665305

sizin IP ünvanınız: 3.129.23.110
2024-12-23 18:05

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!