İlahi nemətlər

Ağacın Quranda yeri

 

Ağacın Quranda yeri

 

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللَّهُ مَثَلًا كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاءِ 

Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. (İbrahim surəsi, ayə - 24)

Ağac Allahı tanıma ayəsi, ilahi qüdrətin bənzərsiz nişanələrindəndir. Ağac təbiət kitabında müxtəlif forma və fərqli şəkillərdə görsənən tovhid ayələrini özündə toplayan bir surədir. Necə ki, Qurani-kərimin hər bir surəsi qısa və uzun olmasından asılı olmayaraq Allahın sonsuz elm və hikmətinin bir nişanəsidir, hər bir ağac da Onun qüdrət, bacarıq və elminin bir ayəsidir.

Ağacdan danışılan ayələrə diqqət etdikdə onları bu başlıqlar altında qruplaşdırmaq olar:

 

Ağac və Allahı təsbih etmə

 

Qurani-kərimin bildirdiklərinə əsasən yaradılış aləmində yoxluqdan vücuda gələn və varlıq libası geyən hər bir şey hal və dil ilə müqəddəs ilahi zatı təsbih, təqdis və sitayişlə məşğuldur. Lakin biz insanlar maddiyyat hasarları daxilində bir növ həbs olunduğumuzdan və öz maddi ehtiyaclarımızı təmin etməyə başımız qarışdığından (təəssüf ki, bu bəzən günah və Allaha itaətsizliklə yanaşı olur) məxluqatın Allahı davamlı zikr etməyini dərk edə bilmirik. Allah-təala buyurur:

“Elə bir şey yoxdur ki, Onu təsbih və sitayişlə məşğul olmasın. Lakin siz onların təsbihini dərk etmirsiniz” (“İsra” surəsi, ayə 44).

Bu və buna bənzər onlarla ayəyə diqqət etməklə belə bir nəticəyə gəlirik ki, “ağac” da varlıq aləminin bir üzvü kimi başqa məxluqlarla birlikdə gecə-gündüz Allahı təsbih və Ona sitayiş edir.

Müfəssirlər arasında mövcudatın təsbihinin necəliyi barədə müxtəlif nəzərlər mövcuddur. Bəziləri təsbihin hal, digərləri isə dil olduğu fikrindədirlər. Əllamə Təbatəbainin nəzərinə görə isə bütün mövcudatın təsbihi həqiqi və dil ilə olan təsbihdir.

 

Ağac və Allaha səcdə

 

“Həcc” surəsinin 18-ci ayəsində oxuyuruq:

“Məgər görmürsən ki, göylərdə və yerdə olan hər bir kəs, günəş, ay, ulduzlar, dağlar, ağaclar... və insanların bir çoxu Allaha səcdə edirlər” .

Bu ayədə, həmçinin “Rəhman” surəsinin 6-cı ayəsində mövcudatın Allahın müqəddəs zatı qarşısında səcdə etməsindən söhbət açılır və “ağac” da bu səcdə edənlərdən biri kimi qeyd olunur.

 

Ağac – Allahın qüdrət nişanəsi

 

Biz hamımız ağaclara baxanda hər şeydən əvvəl onun zahiri gözəlliyinə, yarpaq və meyvələrinə diqqət yetiririk. Çox az hallarda bir kəs bu zahiri pərdənin arxasına keçərək məsələnin mahiyyətinə və həqiqətinə varır. Aqil insanın nəzərində yaşıl ağac yarpağından daha qəribə və heyrətamiz, yaşıllıq və həyata səbəb olan başqa bir şey yoxdur. Ona görə də mübarək Nəml surəsinin 60-cı ayəsində göylərin və yerin yaradılması, yağışın səmadan endirilməsinə işarə edildikdən sonra bostan və bağların necə meydana gəlməsinə toxunulur və bu mühüm məqam vurğulanır ki, ey insanlar ağaclarda həyatın yaranmasının necəliyinə diqqət yetirin və bilin ki, əgər Allah tərəfindən həyatverici qüvvə olmasaydı, sizlər heç vaxt onları becərib məhsullarından faydalana bilməzdiniz.

Ağacların becərdilib böyüdülməsində biz insanların işi toxumu torpağa əkmək və suvarmaqdır. Amma o toxumun daxilində həyatı yaradan, günəş işığı, yağışın həyat bəxş edən damlaları və torpağın zərrələrinə onu inkişaf etdirmək göstərişini verən isə yalnız Allahdır.

 

Quranda ağacdan təmsil üçün istifadə olunması

 

Allah-təala bəzi mənəvi və təbiətüstü həqiqətləri anlatmaq üçün Qurani-kərimin bir çox ayələrində təmsil yolundan istifadə etmişdir. Təmsil üçün istifadə olunan varlıqlardan biri də ağacdır. “İbrahim” surəsinin 24-cü ayəsində oxuyuruq:

“Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tovhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib)”.

Bu mübarək ayədə “pak kəlmə” möhkəm kökü olan sağlam, bol meyvəli, yarpaqlı ağaca bənzədilmişdir ki, budaqları səmaya doğru ucalıb bar vermə fəsli çatdıqda meyvələrinin bolluğu hər görənin diqqətini cəlb edib heyrətə gətirir.

“Pak kəlmə”nin nədən ibarət olması barədə müfəssirlər arasında müxtəlif nəzərlər mövcuddur. Əllamə Təbatəbainin nəzərinə görə “pak kəlmə” bəşər qəlbinin dərinliklərində kökü olan haqq əqidələrdən ibarətdir.

Həmin surənin 26-cı ayəsində isə “pis kəlmə” “pis ağac”a bənzədilmişdir. Əllamənin nəzərinə görə “pis kəlmə” dedikdə məqsəd küfr və şirkdir ki, sabit kökü olmayan, şərr və zərərdən başqa bir bar verməyən pis ağaca oxşadılmışdır.

“Pis (küfr və şirk) kəlmə(si)nin məsəli isə yerdən qopardılmış və əsla sabitlik və qərarı olmayan pis ağac kimidir”.

“İsra” surəsinin 60-cı ayəsində deyilir:

“…Və Biz sənə göstərdiyimiz o yuxunu və Quranda lənətlənmiş o ağacı insanlar üçün yalnız bir sınaq etdik...”

Burada bir qrup adam pis əməllərinə və şeytani təbiətlərinə görə Allahın lənətinə düçar olmuş ağaca bənzədilmişdir. Sanki onlar eyni kökdən olan bir ağacın budaqları kimidir. Əllamə Təbatəbai İslamın yayıldığı ilk dövrlərdəki üç qrupu – yəhudi, müşrik və münafiqləri və hər birinin sifət və xüsusiyyətlərini araşdırmış, belə bir nəticəyə gəlmişdir ki, ayədə “lənətlənmiş ağac”da məqsəd münafiqlərdir ki, zahirdə İslamı qəbul edərək müsəlmanlar arsında fitnə yaratmışlar.

 

İlahi peyğəmbərlərin həyatında ağacın rolu

 

Qurani-kərimdə peyğəmbərlərin həyatından bəhs edən ayələrdə insandan başqa digər varlıqların, o cümlədən, “ağac”ın da rolu müşahidə olunur. Quran beş peyğəmbərin həyatında bu məsələyə işarə etmişdir:

  1. Ağacın həzrət Adəmin (ə) həyatında və onun Cənnətdən çıxmasında mühüm təsiri olmuş və Quranda dəfələrlə, o cümlədən, “Bəqərə” surəsi 35, “Əraf” surəsi 19-22, “Ta-Ha” surəsi 120-ci ayələrdə bu məsələdən bəhs olunmuşdur. Belə ki, Allah-təala Adəm (ə) və Həvvanı (ə) yaratdıqdan sonra onlara qadağan olunmuş ağaca yaxınlaşmamaq göstərişi vermişdi. Lakin şeytanın vəsvəsəsi ilə bu göstərişə əməl olunmaması onların Cənnətdən çıxması və yer üzünə endirilməsi ilə nəticələnir.
  2. Həzrət Yunus (ə) Allahın Neynəva camaatını hidayət etmək üçün seçdiyi ilahi peyğəmbərlərdən biridir. Onun adı dörd dəfə Quranda çəkilmişdir. Qurana və islami rəvayətlərə əsasən Yunus (ə) Neynəva camaatı onun dəvətini qəbul etmədikləri üçün oranı tərk edib dəniz sahilində gəmiyə minir. Dənizdə tufan qopur və onu gəmidən suya atırlar ki, tufan sakitləşsin. Allahın göstərişi ilə nəhəng bir balıq onu udur və bir neçə gündən sonra onu yenidən sahilə atır. Bu müddətdə arıqlayıb zəiflədiyi üçün Allah meyvəsindən yeyib qüvvəsini bərpa etməsi üçün Yunusun (ə) yolunun üzərində bir ağac bitirir.

“Beləliklə, onu xəstə halda tavan və kölgəsiz yerə atdıq. Və onun başı üzərində balqabaq (yaxud banan və əncir) növündən bir tağ bitirdik” (“Saffat” surəsi, ayə 145-146).

  1. Həzrət Musanın (ə) həyatında ağacla bağlı ən mühüm məqam kimi onun öz ailəsi üçün sığınacaq tapmaq məqsədilə Tur dağına getməsi və Allahın ağac vasitəsilə onunla danışması və onu peyğəmbərliyə təyin etməsini qeyd etmək olar.

“Musa odun yaxınlığına gəldikdə o vadinin sağ tərəfindən, o bərəkətli torpaq sahəsindən, (oradakı) ağacdan nida gəldi ki, “Ya Musa, şübhəsiz, aləmlərin Rəbbi olan yeganə Allah Mənəm” (“Qəsəs” surəsi, ayə 30).

  1. Həzrət İsa (ə) ilə bağlı onu demək olar ki, həzrət Məryəm (s.ə) onun dünyaya gəlməsi əsnasında öz qövmündən uzaqlaşır və səhrada bir xurma ağacına sığınır. Allah-təala ona belə xitab edir:

“Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün” (“Məryəm” surəsi, ayə 25).

  1. İslam Peyğəmbərinin (s) həyatının məcmusunda Quranın ağaca işarə etdiyi hadisə “beyəti-rizvan” hadisəsidir ki, yeddinci hicri əsrdə baş vermişdir. Müsəlmanlar Məkkəyə gedən yolun üzərində, Hüdeybiyyə adlanan yerdə o həzrətlə (s) yenidən beyət etmiş və ona kömək etməyə söz vermişlər. “Fəth” surəsinin 18-ci ayəsi bu hadisə ilə əlaqədar nazil olmuşdur.

“Şübhəsiz, Allah möminlərdən onlar (Hüdeybiyyədə) ağacın altında sənə beyət edən zaman razı qaldı...”

 

Cənnət ağacları

 

Dinimiz baxımından insan həyatı bu maddi aləmlə məhdudlaşmır. Onun əsl və əbədi həyatı bu dünyadan köçəndən sonra başlanır. Bu həyatda əməlisaleh olanlar Axirətdə başdan-başa gözəlliklərlə dolu olan Cənnətlə mükafatlandırılarlar. Dünya bağlarında olduğu kimi Cənnətin də özünəməxsus ağacları vardır.

“(Ağaclarının) kölgələri onların başları üzərinə kölgə salacaq, yetişmiş meyvələri isə asanlıqla əyiləcək və onların ixtiyarına veriləcək” (“İnsan” surəsi, ayə 14).

“Rəhman” surəsinin 46-48-ci ayələrində deyilir:

“Rəbbinin hökmranlığından və hər şeyi əhatə etməsindən və ya özünün Rəbbinin hüzurunda dayanmasından qorxan kəs üçün iki Cənnət vardır. Belə isə Rəbbinizin nemətlərinin hansı birini təkzib və inkar edirsiniz? Onların (həmin iki Cənnətin) hər ikisinin qollu-budaqlı ağacları vardır”.

Bəzi ayələrdə Cənnət ağaclarının növünə və hansı meyvələri verdiklərinə də işarə olunmuşdur. Məsələn, “Rəhman” surəsinin 68-ci ayəsində “nar” və “xurma”, “Nəbə” surəsinin 23-cü ayəsində “üzüm”, “Vaqiə” surəsinin 28-ci ayəsində “sidr”, 29-cu ayəsində isə “banan” ağaclarına işarə olunur.

Ən məşhur Cənnət ağacı “Tuba” ağacıdır ki, Quranda bu kəlmə yalnız bir dəfə Rəd surəsinin 26-cı ayəsində işlədilmişdir, lakin ağac mənasında yox. Bu haqda məlumat daha çox islami rəvayətlərdə mövcuddur. Rəvayətlərin birində deyilir: “Tuba Behiştdə bir ağacdır ki, kökü Allah Rəsulunun (s), budaqları isə hər bir möminin evindədir.

 

Cəhənnəm ağacları

 

Cəhənnəm ömrünü qəflət, günah və tuğyanla keçirən insanların yeri olub, hətta ağaclarının belə işgəncə vasitəsi olduğu bir əzab məkanıdır.

Qurani-kərim Cəhənnəmin xüsusiyyətlərindən bəhs edərkən “zəqqum” ağacının adını çəkir. “Saffat” surəsinin 62-67-ci ayələrində oxuyuruq:

“Qonaq olmağa (ziyafət üçün) bu daha yaxşıdır, ya “zəqqum” ağacı?! Həqiqətən, Biz onu zalimlər üçün bir əzab vasitəsi etdik. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən baş qaldırar. Tumurcuqları sanki şeytanların başlarıdır. Həqiqətən, onlar ondan o qədər yeyərlər ki, qarınlarını onunla doldurarlar” .

“Duxan” surəsinin 43-46-cı ayələrində isə bu ağac belə vəsf olunur:

“Şübhəsiz, zəqqum ağacı peşəsi günah olan kəsin yeməyidir. O, qarınlarda qaynayan əridilmiş mis kimidir. Qaynar suyun qaynaması kimi!”

Bu ayələrdən məlum olur ki, zəqqum ağacı elə bir ağacdır ki, Allah onu öz qüdrəti ilə Cəhənnəmin dibindən bitirir. Onun meyvələri Cəhənnəmdə günahkarların təamıdır.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 6363, 

Dostların veb səhifələri

15664062
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4190
8276
12466
15493342
139201
160067
15664062

sizin IP ünvanınız: 3.140.188.174
2024-12-23 14:31

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!