Merac və ya İsra - الإسراء و معراج
Həzrəti Muhəmmədi-Mustafanın (s) Məkkədən Qüdsdəki Məsdul-Əqsaya və oradan da göyə yüksəldilməsi anlamında olan gecə yolculuğudur.
Şiə və sünni mənbələrində Qurani-Kərimdə və təvatür həddində olan hədislər Meracın olması haqqında heç bir anlaşılmazlıqları yoxdur. Ancaq Meracın nə zaman və neçə dəfə baş verməsi ilə bağlı ruhən ya cismən olması ilə bağlı fikirlərdə bəzi ixtilafları var. Qurani-Kərimin iki "İsra" və "Nəcm" surələrini ona ünvanlamışdır.
Həzrəti peyğəmbərimiz (s) Meracı Məkkədə yaşadığı son günlərdə gerçəkləşdirmişdir. Peyğəmbərimiz (s) Meracda ilahi ayələri və bəzi böyük peyğəmbərlərin ruhlarını müşahidə etmişdir. O (s) bəzi mələkləri görmüş, Behişt və Cəhənnəm əhli ilə danışmışdır.
Merac – lüğətdə nərdivan, pillə və yuxarı çıxmağa yarayan hər şeyə deyilir.
İstilahda - Rəsuli-əkrəmimiz (s) “Burak” adlı minik ilə Məkkədən Qüdsdəki Məscidul-Əqsa oradan da göylərə və “Sidratul-Müntəha” və “Kəb-i Kausəyn” məqamına çıxması anlamına gəlir.
QURAN VƏ HƏDISLƏRDƏ
Fazil ibn Həsən Təbərsinin nəqlinə Həzrəti Peyğəmbərin (s) Meracı Quran ayələrində və şiə, sünni hədislərində təvatür həddindədir.
Merac hadisəsi "İsra" və "Nəcm" surələrində zikr olunmuşdur.
MERACIN ZAMANI
Məşhur nəzəriyyələrə görə Həzrəti Rəsulullah (s) bu gecə yolculuğunu Məkkədə sükut etdiyi son illərdə (hicrətdən qabaq, besətdən sonra) Məkkədə olmuşdur. Ancaq hansı ildə olması ilə ixtilaflar var. Belə ki, bəziləri Həzrət Əbu Talibin vəfatıdan əvvəl, bəziləri isə bundan sonra baş verdiyini deyir.
Müsəlmanların məşhur alimi Əllamə Təbatəbainin nəzərinə görə Merac peyğəmbərin (s) Məkkədə yaşadığı son illərdə olmuşdur. Molla Fətullah Kaşani və Əhməd ibn Əli Təbərsi də bu fikirdədirlər. Ən məşhur nəzər budur ki, Merac Besətin on ikinci ilində olmuşdur.
GECƏ SEYRI
İsra surəsinin ilk ayələrində “Ləylən” və “İsra” sözlərindən bu seyrin gecə baş verməsi anlaşılır. Amma hansı gecədə olması ilə bağlı fikir ayrılığı var:
1) Rabiyul-əvvəl ayının on yeddinci gecəsində
2) Rəcəb ayının iyirmi yeddinci gecəsində. Minhəcus-Sadiqin təfsirinin müəllifi Molla Fətullah Kaşaninin nəqlinə görə ən məşhur nəzəriyyə bu nəzəriyyədir.
3) Ramazan ayının on yeddinci gecəsi
4) Ramazan ayının iyirmi birinci gecəsi
5) Bəziləri Şəvval və Rəbiyul-axır aylarından hansısa bir gecə baş verdiyini bildirmişlər.
Həzrəti Fətullah Kaşani peyğəmbərimizin (s) Beytul-Müqəddəs, Məscidul-Əqsa və göylərə gediş-gəlişi bir gecədən çox keçmədiyini bildirir. Təbərsi Əyyaşi də imam Sadiqdən (ə) nəql edir: “Allahın Rəsulu (s) işa və sübh namazlarının ikisini də Məkkədə qılmışdır”. Bunun anlamı budur ki, peyğəmbər (s) Meracı xitfən namazından sübh namazına qədər həyata kecirmişdir.
MƏKANI
Bu məsələdə də bəzi ixtilaflar var. Bəziləri Əbu Talibin qızı Ummi Haninin evindən, bəziləri Məscidul-Həramdan, bəziləri də Şib-i Əbu Talibindən başladığını bildirirlər. Ancaq ən məşhur nəzər budur ki, peyğəmbər (s) həmin gecə Əbu Talibin qızı Haninin evində olmuş oradan Merac eləmiş və sonra da oraya qayıtmışdır. Qurani-Kərimdə Meracın başlanğıcı Məscidul-Həram olduğu bildirirlir. Bu isə umumi baxışa görə Haninin nəzəri ilə ziddiyət təşkil edir. Amma ərəblər bütün Məkkəyə Allahın hərəmi deyərdilər. Deməli oranın hər tərəfi Allahın məscidi və hərəmi hökmündə olduğundan Umma Haninin evi də hərəmin içindədir. Ayrıca Şib-i Əbu Talib nəzəri bəzi rəvayətlərlə üst-üstə düşmür.
SAYI
Bəzi rəvayətlərə görə peyğəmbər (s) bir neçə dəfə Meraca çıxmışdır. Əllamə Təbatəbai onlardan birinin Məscidul-Həramdan, digərinin Ummu-Haninin evindən olduğunu deyir. "Nəcm" surəsinin ilk ayəsi bunu təsdiqləyir.
SƏFƏR HAQQINDA
Həzrəti Cəbrayıl (ə) o gecə Rəsuli-Əkrəm (s) nazil olaraq Burak adlı bir miniyi ona (s) gətirdi. Həzrəti Rəsusullah (s) ona mindi və Beytul- Müqəddəsə getdi.
Həzrəti Muhəmmədi Mustəfa (s) Mədinə yolunun ortasında, Kufə məscidində, Turi-Sinada, Beytullahimdə (Həzrəti İsanın (ə) doğulduğu yer) dayandı və namaz qıldı. Sonra Məscidul-Əqsaya daxil oldu orada da namaz qıldı.
Belə məlum olur ki, peyğəmbər (s) Qubbətus-Səhradan göylərə merac etmişdir. Bu adla yad olunmasının səbəbi isə içində bir qayanın olmasıdır və peyğəmbərimizin (ə) də həmin qayanın üstündən göylərə çıxmasıdır. Nasir Hüsrəvinin “Səfərnamə”sində iddia etdiyinə görə həzrəti peyğəmbər (s) məscidə girdikdən sonra bu qaya parçası yerdən tərs üz ilə yyuxarı qalxmış və peyğəmbərimizin (s) yüksəlişi tamamlıqdan sonra o daş aşağı enmişdir.
DÜNYANIN GÖYLƏRİ
“Mizan”da yazılanlara görə Peyğəmbər (s) Məscidul-Əqsadan dünya asimanına qalxmış, Meracda Adəm (ə) görüşmüşdür. Həmin vaxt mələklər sıra ilə onu qarşılamaya gəlmiş, gülər üzlə salam və təbriklərini ərz etmişlər. Amma üzü kədərli və özü də çox qəzəbli olan bir mələk salam versə də digər mələklər kimi üzü heç gülmədi . Peyğəmbər (s) həzrəti Cəbrayıldan (ə) onun adını soruşduqda o bu mələyin Cəhənnəm gözətçisi Malik olduğunu və heç zaman gülmədiyini, daim Allah düşmənlərinə və günahkarlara qarşı qəzəbini daha da artırdığını bildirdi. Peyğəmbərimiz (s) Cəbrayıldan (ə) Cəhənnəmi göstərməsini istədikdə örtüyü qaldırdışlar və həzrət (s) hər yeri alov, atəş bürüdüyünü görmüşdür.
ÖLÜM MƏLƏYI ILƏ SÖHBƏT
Orada əlində nurdan bir lövhə olan ölüm mələyi ilə görüşmüşdür. Sonra aralarında bir söhbət olmuşdur. Ölüm mələyi ona (s) demişdir: “Bütün dünya bir adamın əlində qəpik oynadığı kimidir və hər gün beş dəfə baş çəkmədiyim heç bir ev yoxdur”. Həzrəti Rəsulullah (s) ona demiş “Ölüm ən böyük müsibət və ən çətin vəziyyətdir”. Cəbrayıl (s) cavabında demiş ki, “Ölümdən sonrakı hadisələr ölümdən də çətindir”.
IKINCI GÖYDƏN YEDDINCI GÖYƏ QƏDƏR
Peyğəmbər (s) daha sonra ikinci göyə qalxmış və orada həzrəti İsa (ə) və həzrəti Yəhya (ə) ilə görüşmüşdür. Sonra üçüncü qata qalxmış orada həzrəti Yusif ilə görüşmüşdür, Daha sonra dördüncü göyə qalxmış və orada İdrislə (ə) ilə görüşmüşdür. Sonra beşinci qata qalxmış və həzrəti Harun ibn İmranla görüşmüşdür. Altıncı qatda isə həzrəti Musa ibn İmranla (ə) görüşmüşdür.
YEDDINCI GÖY
Bu dəfə peyğəmbər (s) bu qata çıxmaqla Cəbrayılın (ə) çıxa bilmədiyi məqama yüksəlmişdir. Buna görə Cəbrayıl (ə) ona belə demişdir: “Mənim bura girməyimə izin yoxdur. Əgər barmağın ücü qədər oraya yaxınlaşsan qol-qanadım yanar”.
MERAC HƏDİSİ
Merac hədisi - "Rəbbi ilə Peyğəmbər (səlləllahu əleyhi və alih) arasında səma içində olan söhbətləri bildirən müqəddəs bir hədisdir. Bu hədisdə riza (razı olmaq), təvəkkül, dünyanı qınama, oruc, sükut, kasıblara sevgi, axirət əhlinin xüsusiyyətləri və dünya əhli kimi əxlaqi məsələlər müzakirə olundu".
QAYITMASI
Qayıtdıqda Meytul-Müqəddəsə enmiş və oradan da Məkkəyə tərəf yollanmışdır. Yolda Qureyş ticarət qəbiləsi ilə qarşılaşmışdır. Onlar dəvələrindən birini itirmişdilər və onu axtarırdılar. Onların yanında başçıları suyu içmiş və qalanını yerə boşaldırmış. Rəvayətə görə o qabın üstünü bir şeylə örtmüş və səhər açılmadan Ummu Haninin evinə dönmüşdür. İlk öncə Merac hadisəsini Ummu Haniyə danışmış və səhər açıldıqdan sonra da gördüklərini qureyşlilərə danışmışdır.
QUREYŞLILƏRIN CAVABI
Qureyşlilər belə bir şeyin hələ düşünmək belə mümkün olmadığını bildirmişlər və daha da qəzəblənmişlər. Onu (s) yalançı qələmə verib demişlər: “Məkkədə Beytul-Müqəddəsi görənlər var. Əgər düz deyirsənsə oranın görünüşü barədə bir söz de”. Peyğəmbər (s) yalnız görünüşü deyil hətta yolda başına gələn bəzi hadisələri də onlara danışdı: “Yolda Qureyş qəbiləsini gördüm dəvələrini itirmişdilər, onların yanında su dolu bir qab vardı. Mən o sudan içdim və ağzını bağladım. Başqa bir yerdə özlərindən hürkmüş bir dəvə var idi, əli qırılmışdır”. Onlar “Qureyş qəbiləsindən xəbər ver” dedilər. Həzrət (s) buyurdu: “Onları Tənimdə gördüm. Önlərində boz rəngli bir dəvə yeriyirdi. Üstündə də bir kəcavə vardı və hal-hazırda Məkkəyə varid olurlar”. Onlar “İndi dediklərinin yalan və ya doğru olduğu ortaya çıxacaq” dedilər. Çox keçmədən həmin karvan şəhərə daxil oldu. Əbu Sufyan və yanındakılar peyğəmbərin (s) danışdığı kimi olanları danışmağa başladılar.
XÜSUSİYYƏTİ
Müfəssirlərin çoxuna görə peyğəmbər (s) bədəni və ruhuyla Beytul-Müqəddəsə və oradan da yenə ruh və bədəni ilə göylərə yüksəlmişdir. Ancaq xaricilər bunu inkar etmişdir. Cəhmiyə və Şəyhiyə yalnız ruhi Meracı qəbul etmişdir. Bəzi rəvayətlərə görə Həzrəti Rəsusullah (s) Beytul-Məmura və Sidrətul- Müntəhaya yaxınlaşdıqda bəzi səhabələri onu müşayiət etmişdirlər.
MERACDA MÜŞAHİDƏ ETDİKLƏRİ
Həzrəti Fəxri Kainatın peyğəmbərinin (s) Merac gecəsində böyük əlamətlərindən bəzilərini müşahidə etmişdir. Həzrəti peyğəmbərin (s) göylərdə Cənnət əhli, Cəhənnəm əhli və mələklərdən gördükləri haqqında xəbərlər nəql olunmuşdur. Şeyx Səduq və başqalarının nəql etdiyinə görə peyğəmbərimiz (s) yer üzünü seyr etdiyim zaman türbə şəklində Qum şəhərinin parıdadığını gördüm. Bura haradır soruşduqda həzrəti Cəbrayıl (ə) belə cavab verdi: Bura Qumdur. Sənin Əhli-Beytinin (ə) şiələri və mömin qullar burada bir araya gəlib toplanacaqlar. Onların intizar-fərəci olacaqdır. Çətinlik və ağrılarla üz-üzə gələcəklər. Həm də Adəm, İbrahim, Musa və İsa kimi bəzi peyğəmbərlərin ruhlarını da müşahidə etmiş və onlarla namaz qıldırmışdır.
GƏTİRDİYİ HƏDİYYƏLƏR
Namaz vacib oldu
Bəqərə surəsinin son ayələri
Xilafət və həzrəti Əlinin (ə) vəsi olmasıyla bağlı vəhy
Şirkdən başqa digər günahların bağışlanması
Həcəmət etməyə dair tövsiyələr
Əbu Səid Hudri peyğəmbərimizdən (s) belə rəvayət etmişdir: “Cəbrayıl məni Meraca götürdüyü gecə ona ey Cəbrayıl bir diləyin varmı? deyə soruşdum." Dedi: "Xədicəyə məndən və Allah tərəfindən salam de". Peyğəmbər (s) Xədicəni görən kimi "Allah-taalanın və Cəbrayılın (ə) salamı var" dedi. O da cavabında dedi: "İnnəllahə huvə səlam və minhu səlam və iləyhi səlam və alə Cəbraili səlam (şübhəsiz Allah səlamdır, səlam Ondandır, səlam Onadır və Cəbrailə də səlam olsun)”.
İlahiyyatçı, islamşünas Lalə Zəhrayi
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir