İtaətin Nurunda

Hüzuri-qəlb

Hüzuri-qəlb

 

يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

“Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız” (“Bəqərə” surəsi, ayə 21).

 

Məsumlardan başqa heç bir ibadət əhli yoxdur ki, namazda qəlb hüzurunun (yəni namazda qəlbin və fikrin namazda olması) olmamasından narahat olub Allahdan kömək istəməsin. Çünki namaz fəqət qısa kəlmələrdən ibarət olan bir ibadət deyil. O, yalnız qəlbin hüzuru ilə öz həqiqi məqamına çatır. 

Həqiqi namazın iki tərəfi vardır: biri, onun cismi sayılan zahiri tərəfi, o biri isə namazın həqiqəti və ruhu sayılan batini tərəfi. Hər iki tərəfin xüsusi qaydaları və əhkamı var. O qayda və əhkamlara riayət etməmək namazın qəbul olunmamasına öz təsirini göstərir. Necə ki, namazın zahiri vacibatlarını, əhkamını yerinə yetirməmək namazın zahirini batil edir eləcə də namazda qəlbin hüzuru olmasa namazın batini batil olur. Kamil bir namaz yalnız bu iki ünsürün birləşməsindən əmələ gəlir.

Heç şübhə yoxdur ki, namazın batini ünsürünün ən mühüm qaydalarından biri, bəlkə də onun sirlərinə və verəcəyi nəticələrinə yetişməyin yeganə yolu namazda qəlbin hüzur tapmasıdır. Hər bir kəsin namazdan aldığı bəhrə qəlb hüzuru qədərdir. Yəni, nə qədər namazda fikrini, qəlbini cəm edə bilibsə, o namazdan götürdüyü bəhrə də elə o qədərdir.

Peyğəmbəri-Əkrəm (s) bu barədə belə buyurur:  “Namaz qılanın qəlbi bədəni ilə birgə namazda hüzur tapmasa, Allah o namaza diqqət etməz”.

 O Həzrət (s) yenə buyurur: “Hüzuri qəlb olmadan heç bir namaz qəbul olmaz”.

İmam Səccadın (ə) bu mövzuda gözəl bir sözü vardır, buyurur: “Bədənin namazı  hüzuri qəlb olduğu qədər qəbul olar”.

Bütün bu hədisləri izlədikdə namazda hüzuri qəlbin nə qədər vacib olduğunu anlayırıq.

Hüzuri qəlb əhəmiyyətdir. Bu əhəmiyyət hər bir işdə olmalıdır. Təsəvvür edin ki, siz öz ən yaxın dostunuzla söhbət edirsiniz. Amma diqqətiniz, fikriniz tamamilə ayrı yerdədir.  Belə olduğu halda deyin görək sədaqətdən, həqiqi dostluqdan söhbət aça bilərsinizmi və yaxud o dostunuz sizin yanınızda hər hansı bir əhəmiyyətə, şəxsiyyətə malik olduğuna şübhə ilə  yanaşmazmı?! Bu, elə hüzuri qəlbin özüdür. Onun vacibliyi insan həyatının bütün sahələrini əhatə edir. Düzdür hər gün təkrar edilən bir iş artıq adət və mexaniki bir hala çevrilir. Bu adi hal ev işlərində, ictimai fəaliyyətlərdə bəlkə də o işlərin icrasına və son nəticəsinə ziyan yetirməz. Amma insan həyatının elə mühüm sahələri vardır ki, orada hüzuri qəlbın olmaması insanı ciddi problemlərlə üzləşdirə bilər.

Dərsdə diqqət, övlad tərbiyəsində diqqət, işdə, müduriyyətdə diqqət, o bizə hər yerdə lazımdır. Diqqətlə bişən təamın dadı belə digərindən seçilir. Əslində görəsən diqqət olunmadan hansı bir ixtira, yeni kəşf, tapıntı baş verib?!

Bəzən görürsən ki, insan gün ərzində gördüyü işlərin 90%-nə diqqət göstərir, yalnız bu diqqəti, hüzuri qəlbi öz namazında qoruyub saxlaya bilmir, cəmisi yarım saat ərzində qıldığı namaz vaxtını özünə  qənimət sayaraq gələcəkdə görüləcək işlərinin planını qurur. Bu ədalətsizlik deyilmi?!

Hər bir işdə diqqət tələb olunduğu kimi ibadətdə də tələb olunur. Əgər biz nəzərə alsaq ki, hər şey insan üçün, insan isə ibadət üçün yaranıb onda bu ibadətdə hüzuri qəlbin nə qədər vacibliyini anlaya bilərik.

Göylər, planetlər, onların arasında mövcud olan tarazlıq, yer, təbiət, canlılar aləmi diqqətsiz nəzarətsizmi yaranıb?!

Təbiətdə mövcud olan böyük varlıqlardan tutmuş ən kiçik varlığa belə nəzər saldıqda onlara sərf olunan diqqətin dəqiqliyini görürük. Bu dəqiqlik Allah tərəfindən öz bəndələrinə verilən dərs  deyilmi?

Allah-Taala Qurani-Kərimdə bütün insanları yaradılış aləminə diqqət yetirməsini istəyir:

وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ   وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ   وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ   فَذَكِّرْ إِنَّمَا أَنْتَ مُذَكِّرٌ

“Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır? Və göyü (görmürlər) ki, necə yaradılmışdır? Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir? Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdir?”(Ğaşiyə surəsi, ayə18-21).

 

Sözsüz ki, insan yeri, səmanı hər gün görür. Elə isə nə üçün ona bu göstəriş verilir. Deməli burada “baxmaq” “diqqət  yetirmək” mənasını daşıyır və Allahın da istəyi Öz bəndələrinin bu İlahi nişanələrə baxıb ibrət alması, haqqa tərəf gəlməsidir.

Bu gün edilən ibadət zaman, məkan, şərait, ruhi və cismi keyfiyyət baxımından artıq dünənki ibadət  deyil. Necə ki, bu gün  çıxan  günəş hərəkəti təkrar görünsə belə, dünənki deyil. Bütün maddiyyat aləmi  hər dəqiqə dəyişikliyə uğramaqdadır. Odur ki, insan həyatında təkrar olunan heç bir şey  yoxdur. Əgər belədirsə, onda hər bir varlığa yeni bir baxışla, diqqətlə yanaşmalıyıq.

Mütəal Allah Qurani-Kərimdə “Zəlzələ” surəsinin 7-8-ci ayələrində buyurur:

فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ    وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ

“Hər kim bir zərrə ağırlığında bir yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eynilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis bir iş görmüşsə, onu görəcəkdir”.

Belə olduğu halda bizim diqqətsizliyə haqqınız varmı?!

Əhəmiyyət vermədiyimiz bütün əməllərimiz zərrə-zərrə yoxlanılacaq. Ümumiyyətlə, Xaliq bu qədər dəqiq olduğu bir halda biz bəndələrin diqqətsizliyə haqqımız varmı?!

Bəs elə isə özümüzü toplayıb, fikrimizi səhmana salaq. İbadət halında yalnız o böyük Allahı düşünək. Düşünmək üçün ondan da böyük və əzəmətli bir  varlıq varmı?! Sevmək üçün ondanda sevimli bir Rəbb tapılarmı?! İbadət, pərəştiş üçün ondan da ləyaqətli İlahi varmı?!

Hüzuri qəlbin mənası

Hüzuri qəlb – qəlbin  hazır  olması deməkdir. Burada qəlb hamımızın bildiyi və daşıdığı ət parçasına deyilmir. Qəlb lətif və ruhani bir varlıqdır. Bəzən də qəlbə ruh, nəfs, insan da deyilir. Allah-Taalanın bütün insana xitabları, məzəmməti və s. bu qəlbə aiddir. Qəlb və yaxud ruh ən kamil mənəvi məqamları qət edə bilər və son  həddə rəzil olub uçuruma da yuvarlana bilər. Həmçinin, bu qəlb insanın düz yolu  yolu addımlamasında ona yardımçı ola bilər.

İmam Baqir (ə) buyurur:  “Allah bir bəndənin xeyrini istəsə, onun üçün öz qəlbindən bir moizəçi yaradar”.

O moizəçi daim öz sahibini moizə edib onu ayıq-sayıq edər.

Bəndə ibadət etdiyi zaman şeytan hər tərəfdən ona nüfuz edib Allah imanını almağa çalışır. Sanki qəlb möhkəm bir qaladır. Şeytan bu qalanın fəth edib ona sahib çıxmaq istəyir. Odur ki, gərək qalanın bütün qapılarını onun üzünə bağlayasan. Gərək ruhumuzda olan bütün nöqsanları aradan qaldıraq ki, şeytan  o qəlbi ala bilməsin.

Qala o vaxt alınmaz olar ki, onun bütün  zəif və açıq qapıları, bacaları bağlı olsun. Qəlb də o vaxt şeytanın hücumlarından amanda qala bilər ki, bütün nəfsi zəiflikləri gücləndirəsən. Məsələn: əgər öz qəlbindən paxıllıq hissini silməmisənsə, o zəif nöqtə vəsvəsə üçün çox gözəl bir vasitədir. O nöqtədən daxil olub nailiyyətlərini sənin gözündə cilvələndirərək paxılıq yarasını daha da gücləndirəcək. Onun mualicəsi o vəsvəsələrin əksinə hərəkət etməkdir. Yəni özünü başqalarının nailiyyətlərinə sevinməyə məcbur etməkdir.

Xülasə, qəlb evini dünyadakı evimizi qoruduğumuz qədər qorumalıyıq. Ora İlahi nurun məkanıdır. İbadət zamanı fikri cəm etmək üçün bütün rəzil bəyənilməyən xüsusiyyətlərdən uzaq olmaqla Allahın görüşünə hazırlaşmalıyıq. Zahirimizi pak etdiyimiz kimi daxilimizi də saflaşdırmalıyıq. Necə ki, şəffaf su bulanıq qabda bulanar, Allah sevgisi çirkin qəlbdə özünə məskən  qura bilməz.

Gedək Allah görüşünə

Zahiri pak, daxili pak.

Yetək Tanrı sevgisinə

Qəlbdə iman, gözlərdə nur.

 

Namazın dünya, bərzəx və Qiyamətdə nəticəsi

Namazın həqiqətinə varmaq üçün bəndə onun dünya, bərzəx (qəbr evi) və Qiyamətdəki təsirlərini bilməlidir. Namaz bütün ibadətlərin şahıdır. Bəndələr namaz vasitəsiylə Allah ilə ünsiyyət yaradır.

Onun böyük feyzindən faydalanırlar. Bu ibadət Tanrı tərəfindən bütün insanlara vacib edilmiş bir ibadətdir. Onun xeyiri, təsiri və başqa faydaları da elə insanın özünə qayıdır. Namaza eşq ilə yanaşmaq üçün onun təsirlərini və verdiyi nəticələri gözdən qaçırmayaq!

Namazın dünyadakı nəticəsi

1) Allahı yada salmaq qəlbləri aram edər.

İnsan həyatının ən böyük bəlalarından biri iztirab və nigarançılıqdır. Müxtəlif səbəblər üzündən baş verən bu nigarançılıq həyatın şirinliyini əldən alıb insanı fitrətinə yad olan bir varlığa çevirir. Belə bir halı yalnız Allahı yad etmək aradan qaldıra bilər.

Qurani-Kərimdə buyurulur:

الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ

 

“Bilin! Qəlblər  yalnız Allahı yada salmaqla rahatlıq tapar” (“Rəd” surəsi, ayə 28).

Həzrət Əlinin (ə) bu barədə gözəl bir sözü vardır: “Allahı yada salmaq sinələrin nuru və qəlblərin rahatlığıdır”.

İnsan əgər hər bir problemində öz yanında böyük qüdrət sahibi olan Allahı hiss etsə, əlbəttə ki, aramlıq tapıb yeni bir qüvvə ilə həyata qədəm qoyacaq.

2) İşlərdə bəsirətə sahib olmaq.

Həzrət Əli (ə) buyurub: “Hər kəs Allahı yada salsa (dünya işlərində) bəsirətə sahib olar”. Yəni, insan əqli cəhətdən zəif və xəta edən bir varlıqdır. Bu varlıq əgər gün ərzində böyük bir elm, hikmət və qüdrət sahibi olan Allahla rabitədə olsa, sözsüz ki, bu rabitə və ünsiyyət ona da təsir edəcək və elm mədəninə birləşdiyi üçün uzaqgörən olub bəsirətə sahib olacaq.  Başladığı işin nə ilə nəticələnəcəyini biləcək.

3) Allahı zikr etmək ruhu cilalandırır.

Əli (ə) buyurub: “Həqiqətən Allah, zikri ruhlar üçün cilalandırıcı qərar vermişdir ki, ağır eşidən qulaqlar Onu yad etməklə eşidən və bağlı gözlər görən olsunlar”.

4) Allahı yad etmək nicat tapmağın, azadlığın amilidir.

Allahı yada salmağın bəzən həyatımızda çox böyük təsiri vardır. Əgər o təsirləri əldə etmək istəsək gərək Allahı davamlı olaraq yada salaq. Qurani-Kərimdə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمْ فِئَةً فَاثْبُتُوا وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ

“Allahı çox yad edin ki, nicat tapasınız”.("Ənfal" surəsi, ayə - 45)

5) Qəlbin dirilməsi.

O təsirlərdən biri də qəlbin dirilməsi və əqlin işıqlanmasıdır.

Əli (ə) buyurub: “Hər kəs sübhdən Allahı yad etsə, Allah onun qəlbini dirildər, əqlini və fikrini işıqlandırar”.

Bütün bu təsirlər  o zaman baş verə bilər ki, insan vicdan ilə Allaha yanaşsın, xalis ibadət etsin. Onun niyyəti özünü kiməsə göstərmək, təkəbbür etmək, gözdən pərdə asmaq olmasın. Yalnız bu halda  o, əbədi səadətə çatacaq!

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5090, 

Dostların veb səhifələri

15659828
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
8232
7422
55375
15456216
134967
160067
15659828

sizin IP ünvanınız: 3.139.69.138
2024-12-22 23:51

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!