İtaətin Nurunda

Namaz, dinin sütunu!

Namaz, dinin sütunu!

 

Həzrət Muhəmməd (s) buyurmuşdur: “Yer üzündə Tanrıya itaət etmək ona bəndəçilik etməklə müyəssər olar. Tanrıya bəndəçiliyin misilsiz nümunəsi isə namazdır” (“Biharul-ənvar”, Əllamə Məclisi, c.82, səh.219).

O həzrət (s) digər bir hədisdə buyurur: “Sizə namaz barədə (ona əhəmiyyət verməyinizi) vəsiyyət edirəm, çünki namaz əməllərin ən yaxşısı və dininizin sütunudur” (“Biharul-ənvar”, Əllamə Məclisi, c.82 səh.209).

Yenə o həzrətdən (s) rəvayət olunur: “Şübhəsiz ki, dinin sütunu namazdır. Elə ona görə də Qiyamət günü soruşulan ilk əməl namaz olacaqdır. Belə ki, namaz düz olsa başqa əməllərə baxılacaq, düz olmadıqda isə o biri əməllərə də baxılmayacaqdır” (“Biharul-ənvar”, Əllamə Məclisi, c.82 səh.227).

 

İlk baxışdan bu və bu kimi başqa hədislərə nəzər saldıqda qəribə fikir və suallar ortaya çıxır. Fikirləşirsən ki, İslam dininin başqa çoxlu əzəmətli hökm və göstərişləri olan halda nəyə görə gün ərzində cəmi on yeddi rükətdən ibarət olan namaz dinimizin sütunu və əsası adlandırılmalıdır?

Dinimizdə oruc tutmaq, həccə getmək, cihad etmək və bir çoxlu qorxmazlıq və şücaət tələb edən göstərişlər olarkən, insanın vaxtını elə də çox tutmayan, insandan hansısa böyük bir qorxmazlıq tələb etməyən namazı dinin bünövrə və əsası kimi hallandırmağı necə başa düşmək olar?

Və ya belə bir sual ortaya çıxa bilər ki, görəsən namazda hansı xüsusi müsbət və əvəzedilməz keyfiyyət vardır ki, onu digər ibadətlərdən fərqləndirir və hətta namaz, bu fərdi xüsusiyyətlərinə görə elə bir üstün dərəcəyə malik olur ki, həzrət Muhəmməd (s) onun haqqında buyurur: “Qiyamət günü haqqında sual olunan ilk əməl namazdır ki, yalnız namaz qəbul olan təqdirdə digər əməllər də qəbul olar” (“Biharul-ənvar”, Əllamə Məclisi, c.83 səh.25).

Biz də bir çox başqaları kimi belə hədislərə rast gəldikdə, bir az öncə qeyd olunmuş suallarla üzləşirik. Elə buna görə də kifayətləndirici cavab tapıb özümüzü bu kimi sualların əlindən xilas etmək və bu qaranlıq məqamları işıqlandırmaq üçün ən yaxşı yolu müqəddəs Qurani-kərimin ayələrinə müraciət etməkdə görürük.

Qurani-kərimə müraciət etdikdə görürük ki, Allah-təala bizdən namazı tələb etdikdə, “namaz qılın” – “sallu” ifadəsi ilə deyil, “namazı bərpa edin” – “əqimu” fərmanı ilə müraciət etmişdir. Quran ayələrində bizdən namazı “iqamə etmək” tələb olunmuşdur. “İqamə etmək” ifadəsi isə lüğət kitablarında “bir şeyin şəraitini hazırlamaq, haqqını əda etmək və onu bərpa etmək” kimi mənalar daşıyır.

 

Rağib İsfahani özünün “Əl mufrədat fi ğəribil-Quran” adlı lüğət kitabında belə deyir: “Bir şeyi iqamə etmək onun haqqını bərpa etmək deməkdir. Allah-təala “Maidə” surəsinin 68-ci ayəsində Əhli kitabdan onların Tövrat və İncili iqamə etmələrini tələb edir. Aydındır ki, burada “Tövrat və İncili iqamə etmək” o iki kitabın haqqını onların möhtəvasında elm tapıb o möhtəvaya əməl etmək vasitəsi ilə bərpa etmək deməkdir”.

Rağib belə davam edir: “Allah-təala namazı tərif, təhsin etdiyi və onu yerinə yetirməyi tələb etdiyi hər bir yerdə yalnız “iqamə” ifadəsindən istifadə etmişdir. Bu da hikmətsiz deyil. Ulu Tanrı bu ifadə ilə demək istəmişdir ki, sizdən tələb olunan yalnız fiziki namaz və onun zahiri forması deyil, bunun kənarında namazın əhval ruhiyyəsini bərpa etmək də istənilmişdir. Maraqlı burasındadır ki, Allah-təala “Nisa” surəsinin 162-ci ayəsində öz əsl bəndələrini tərif edərkən onları “namaz qılanlar”, “musal-linəs-salət” deyil, “namazı bərpa edənlər”, “muqiminəs-salət” ifadəsi ilə yad etmişdir (“Əl mufrədat fi ğəribil Quran”, Rağib İsfahani, c.1, səh.690).

Birlikdə bu ayələrdən bəzisini nəzərdən keçirək:

 

أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَى غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا 

“Sübh vaxtı və habelə günorta (vaxtından) gecənin yarsınadək namazı bərpa et” (“İsra” surəsi, ayə 78).

 

فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ

“Namazı bərpa edin və (sizə vacib olan) zəkatı ödəyin” (“Həcc” surəsi, ayə 78).

 

وَأَوْحَيْنَا إِلَيْهِمْ فِعْلَ الْخَيْرَاتِ وَإِقَامَ الصَّلَاةِ 

“Biz onlara yaxşı işlər görməyi və namazı bərpa etməyi vəhy etdik” (“Ənbiya” surəsi, ayə 73).

 

Bu ayələrə diqqət etdikdə görürük ki, namaz hökmünün bizə vacib olduğunu bildirən ayələrdə, namazı qılmaqdan deyil, namazı bərpa etməkdən söz açılmışdır.

Aydın məsələdir ki, namazı yalnız qılmaq heç də onu bərpa etmək mənasını daşıya bilməz.

Hər şeydə əhval-ruhiyyə olduğu kimi namazda da xüsusi əhval-ruhiyyə olmalıdır.     

Dərs oxumaq və mütaliə əhval-ruhiyyəsinə malik olmayan şagird məktəbdə olduğu halda belə başqa bir əhval-ruhiyyədə yaşayır və belələri heç vaxt müvəffəqiyyətə nail ola bilmirlər.

Və yaxud döyüş zamanı döyüş əhval-ruhiyyəsində olmayan döyüşçünün döyüşə vurduğu ziyanı onun xeyrindən çox olar.Namaz da bu qaydadan istisna olunmur.

Namazın da başqa işlər kimi xüsusi əhval-ruhiyyəsi vardır. Namazın əhval-ruhiyyəsi, paklıq, təqva, iffət, səxavət, kəramət, fədakarlıq, haqsevərlik, qorxmazlıq və mübarizlik kimi xüsusiyyətlərə yiyələnməkdən ibarətdir.

 

Namaz qılan hər bir kəs bu xüsusiyyətlərə malik deyilsə, o şəxs yalnız namaz qılmışdır, namazı bərpa etmək şərəfinə isə hələ nail olmamışdır.

Bizdən istənilən isə təkcə namazı qılmaq deyil, həm də namaz əhval-ruhiyyəsini yaratmaqdır.

Namazı təkcə qılmaq yox, onu yaşatmaq da lazımdır.

Namazı bərpa etmək onun özünəməxsus olan xüsusiyyətlərini yaratmaq deməkdir. Təsadüfi deyil ki, Quran ayələrində namaz üçün bir sıra xüsusiyyətlər qeyd olunmuşdur. O xüsusiyyətlər olmadan namazı namaz adlandırmaq düzgün deyildir.

“Ənkəbut” surəsinin 45-ci ayəsində bu ifadəni görürük:

 وَأَقِمِ الصَّلَاةَ إِنَّ الصَّلَاةَ تَنْهَى عَنِ الْفَحْشَاءِ وَالْمُنْكَرِ 

“Namazı bərpa et, çünki, namaz insanı pis və çirkin işlərdən çəkindirir”.

 

Deməli, namazın yaxşı işlərə çağırma və dəvət etmə qüvvəsindən əlavə pis işlərdən çəkindirmə qüdrəti də vardır.

Bizim ətrafımızda yaxşı əməllər olduğu kimi pis əməllər də çoxdur. Qəlblərimizdə müsbət fikirlər olduğu kimi, mənfi fikirlər də aşıb-daşır, ona görə də ehtiyatlı olmaq lazımdır. Çünki tam yetişmiş və saf bir meyvəni çürümüş meyvələrin içinə qoyduqda, az bir zamandan sonra o meyvə də öz saflığını itirəcəkdir.

Yaxşı əməllərin kənarında pis əməllər də meydan sulayırsa, şübhəsiz ki, yaxşıların yaxşılığına nöqsan vurar və tədricən onları da pislər cərgəsinə keçirəcəkdir.

Elə buna görə də əxlaq alimləri “təhliyə”dən (“özünü gözəl xüsusiyyətlərə yiyələndirmək”dən) əlavə, “təxliyə”ni (“özünü pis işlərdən təmizləmə”yi) də əsas bilmişlər. Əvvəl “təxliyə”, sonra “təhliyə” demişlər.

Təbiidir ki, gözəl bir gül bağçası salmaq istəyən bağban öncə bağçanın yerini artıq ot-ələf və tikanlardan təmizləməli, sonra isə gül əkmək qərarına gəlməlidir. Hətta güllər bitdikdən sonra da bağban diqqətli olmalıdır ki, sonradan tapılan tikanlar, ot-ələf və lazımsız budaqlar gülün inkişafının qarşısını almasın.

Mərhəmətli və mehriban Allahımız da pis əməllərdə olan zərər və ziyanları, onların yaxşı əməllərdə qoyduqları mənfi təsirləri gördüyünə görə, namazı bizim əməl bağçamız üçün diqqətli bağban təyin etmişdir. Elə bir bağban ki, əgər, doğrudan da, bağbanlıq edə bilsə, bütün pislikləri kökündən çıxarıb aradan aparar, beləliklə də, yaxşı əməllərin layiqli tərəqqisini təzmin edər.

Deyilənlərdən bu qənaətə gəlmək olar ki, həqiqi namaz odur ki, insanı pis işlərdən çəkindirə bilsin.

İmam Sadiq (ə) buyurmuşdur: “Qıldığınız namazın Allah dərgəhında nə qədər qəbul olduğunu bilmək istəsəniz, namazın sizi nə qədər nalayiq işlərdən çəkindirməsinə baxın”.

 

Əziz oxucular! Gördüyünüz kimi namaz cəmi on yeddi rükətdən ibarət olan zahiri bir ibadət deyil, həqiqətdə bizə dini əhval-ruhiyyə bəxş edən, müsbət əməllər, fikirlər və xüsusiyyətlərimizin ardıcıl tərəqqisinə xidmət göstərən bağban simalı bir ibadətdir.

Elə buna görə də siz hardasa 40 il namaz qılan bir insanı kiminsə haqqını yeyən halda, böhtan deyən, töhmət vuran halda, min cür günaha bulaşmış halda görsəniz təəccüb etməyin, çünki bu şəxs namazı bərpa etməmiş sadəcə qılmışdır. Sözsüz ki, namazı bərpa edən kəs bu əməllərdən uzaq olmalı idi. Demək “namazı dinimizin sütunu” adlandırmaq heç də əsassız və yersiz deyildir.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5545, 

Dostların veb səhifələri

15657488
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5892
7422
53035
15456216
132627
160067
15657488

sizin IP ünvanınız: 18.224.51.49
2024-12-22 18:11

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!