Müqəddəs Məkanlar

Kufə məscidi

 

Kufə məscidi

Kufə məscidi Məscidul-həram, Məscidun-Nəbi və Məscidul-Əqsadan sonra İslam dünyasının ən müqəddəs dördüncü məscididir. İmam Əlinin (ə) xilafəti dövründə və o Həzrətin (ə) Kufəni xilafət mərkəzi təyin etdiyi zaman İslam xilafətinin ən mühüm qərargahı olmuşdur. Bu məsciddə bir sıra peyğəmbərlərin və imamların (ə) məqamları mövcuddur.

Kufə məscidi Nəcəfin 12 kilometrliyində Kufə şəhərinin ortasında yerləşir. Səd ibn Vəqqasın zamanında Əbul-Həyyac Əsədi tərəfindən planının çəkilməsindən əvvəl də bu məscid mövcud olmuşdur və Məscidul-həramdan başqa heç bir məscid Kufə məscidi qədər qədim deyildir. Əhli-beyt (ə) rəvayətlərinə görə məscidin həqiqi təsisçisi və sahəsini ilkin təyin edən şəxs Adəm (ə) olmuşdur. Bu məscid Həzrət Nuhun (ə) evi olmuş və gəmini də orada düzəltmişdi və tufan vaxtı yerin suları oradan qaynamışdır. 

36-cı hicri ildə İmam Əli (ə) Kufə şəhərinə yerləşib onu öz xilafətinin mərkəzi təyin etdikdən sonra o Həzrətlə (ə) birlikdə çox sayda səhabə bu şəhərə köçdü və o zaman Kufə məscidi rəqibi olmayan elmi və İslami bir universitetə çevrildi. Bu məscid bugünkü formada zamanımıza gəlib çatanadək müxtəlif dəyişikliklərə məruz qalmışdır.

Kufə məscidi dördbucaqlı şəkildə 40 min nəfərin namaz qıla biləcəyi genişlikdə tikilmiş və hündürlüyü 20 metrə çatan sütunlar və divarlarla əhatə olunmuşdur. Onun xarici məsciddən hərbi qərargah kimi istifadə olunduğu dövrlərdən qalmış 28 yarım dairəvi bürcdən təşkil olunub.

Bu məscid şərq və qərbdən hücrə və eyvanları görünən hündür divarlı iki həyətlə və şimal-şərqdən geniş həyəti olan bir tikili ilə tamamlanır.

Bu həyətin iki tərəfində İmam Hüseynin (ə) əmisi oğlu və Kufəyə göndərdiyi elçi Muslim ibn Əqil və o Həzrətin (ə) Kufədəki dostlarından biri olan Hani ibn Urvənin məqamları yerləşir. Bu şəxslərin hər ikisi Kərbəla hadisəsindən əvvəl Ubeydullah ibn Ziyad tərəfindən şəhid edilmiş və bu məkanda torpağa tapşırılmışlar. Muxtar Səqəfinin məzarı da onların məzarına yaxın yerdədir. Məscidin sahəsinin dövrəsində zəvvarların və etikaf əməlini yerinə yetirənlərin qalması üçün hücrələr mövcuddur. Məscidin cənub tərəfində otaqların arxasında böyük bir qübbə vardır ki, orada İmam Əlinin (ə) məqamı yerləşir.

Məscidin şimal-şərq tərəfində «Babul-fil» adlanan əsas və böyük bir qapısı vardır. Öncədən bu qapının adı «Babus-subən» kimi məşhur idi. Orada Həzrət Əlinin (ə) kəramətlərindən biri baş vermişdi. «Babus-subən» Həzrət Əlinin (ə) kəramətini xatırlatdığı üçün Bəni Üməyyə onun adını dəyişərək «Babul-fil» qoymuşdur. İmam Əli (ə) bu qapı barəsində buyurmuşdur: «Kufə məscidinə böyük qapıdan daxil olun ki, o behişt bağlarından bir bağdır».

«Babul-fil»in şimal tərəfində «Babur-Rahmə» adlı yeni qapı açılmışdır. Məscidin digər qapılarından biri də Muslim ibn Əqil qapısıdır ki, orada dördbucaqlı şəkildə naxışlarla bəzədilmiş bir qüllə yerləşir. Bu qüllənin daxilində qızıldan olan böyük bir saat yerləşdirilmişdir. Məsciddən 85 metr uzaqlıqda İmam Əlinin (ə) evi vardır. Ev ilə məscid arasında «Darul-xilafə» yerləşmişdir.

Böyük Kufə məscidində ilahi peyğəmbərlərə və imamlara (ə) məxsus məqamlar möcuddur ki, hər birinin özünəməxsus namaz və duaları var.

 

Kufə məscidinin məqamları

Kufə məscidində mövcud olan ən mühüm yer və məqamlardan aşağıdakılara işarə etmək olar:

  1. Ruhbətu Əmiril-muminin. Kufə məscidinin qarşısında bir səkidir ki, İmam Əli (ə) namazdan əvvəl və ya başqa vaxtlar onun üstündə əyləşərək camaatın suallarına cavab verərdi.
  2. Dukkətul-qəza. İmam Əlinin (ə) qəzavət etdiyi yer. Orada üzərində Quranın«إنَّ الله یَأمُرُ بالعَدلِ وَ الإحسان» ayəsi yazılmış qısa bir sütun mövcud olmuşdu.
  3. Beytut-Təşt. Burada İmam Əlinin (ə) kəramətlərindən biri baş vermişdir. Yaxşı olar ki, bu yerdə iki rükət namaz qılınsın.
  4. Həzrət Adəmin (ə) məqamı. Kufə məscidinin 7-ci sütunu Həzrət Adəm (ə) məqamı kimi tanınır. Bu yer Allahın Adəmin (ə) tövbəsini qəbul etdiyi yerdir. Əli (ə) bu sütunun yaxınlığında namaz qılardı. Belə ki, bu yer Əmirəl-möminin məqamı kimi də bilinir.
  5. Həzrət İbrahim (ə) məqamı. Məscidin 4-cü sütunu Həzrət İbrahimin (ə) namaz qıldığı yerdir. Bu müqəddəs məqamda dörd rükət namaz qılınır. İlk iki rükətdə «Fatihə» və «İxlas» surələri, sonrakı iki rükətdə isə «Fatihə» və «Qədr» surələri oxunur.
  6. Cəbrail (ə) məqamı. 5-ci sütun Həzrət Cəbrailə (ə) mənsubdur. Merac gecəsi Peyğəmbər (s) Beytul-Həramdan Məscidul-Əqsaya hərəkət etdiyi vaxt Kufə diyarına çatdıqda Cəbrail (ə) Peyğəmbərə (s) buyurdu: «Ey Allahın Rəsulu! Hal-hazırda Kufə məscidinin qarşısındasınız». Peyğəmbər (s) Allahın izni ilə orada iki rükət namaz qıldı. Həmçinin, İmam Həsən (ə) bu sütunun yaxınlığında namaz qılardı. Bu cəhətdən İmam Həsən (ə) məqamı kimi də tanınır.
  7. İmam Zeynul-abidin (ə) məqamı. 3-cü sütun İmam Səccadın (ə) namaz qıldığı yerdir. Əbu Həmzə Somali deyir: «Gördüm ki, Əli ibn Hüseyn (ə) Kufə məscidinə daxil oldu. İki rükət namaz qılıb dua etməyə başladı. Bir müddətdən sonra qayıtmaq üçün Mədinəyə tərəf üz tutdu. Ona dedilər: Nə üçün buraya gəlmisən? Atanı və babanı öldürdükləri bu yerə? Buyurdu: Atamı ziyarət etdim və bu məsciddə namaz qıldım».
  8. Həzrət Əlinin (ə) mehrabı. Məlun İbn Mulcəmin İmamın (ə) başını yarıb onu şəhadətə yetirdiyi yer.
  9. İmam Sadiqin (ə) məqamı. Ravi deyir: «Bəni Abbasın dövründə bir gün gördüm ki, İmam Sadiq (ə) Fil qapısından daxil olub 4-cü sütunun yanında namaz qıldı».
  10. Həzrət Xızrın (ə) məqamı.
  11. Həzrət Nuhun (ə) gəmisinin quruya çıxdığı yer. Məscidin ortasında bir çökəklik mövcuddur. Rəvayətlərə əsasən, həzrət Nuhun (ə) gəmisi bu nöqtədə quruya çıxmışdır.

                                                            

Kufə məscidinin fəziləti

Allah Rəsulundan (s) rəvayət olunub ki, Kufə məscidi Allahın öz əhli üçün seçdiyi və Qiyamət günü onda namaz qılanlar üçün şəfaət edən çox bərəkətli bir məsciddir.

Əsbəğ ibn Nəbatedən İmam Əlinin (ə) belə buyurduğu nəql olunur: «Ey Kufə xalqı, Allah-Taala sizə elə bir şey əta etmişdir ki, başqa heç bir kəsə verməmişdir. Sizin məscid və ibadətgahınıza üstünlük bəxş etmişdir ki, ora Adəmin (ə), Nuhun (ə), İdrisin (ə) evi və eləcə də İbrahim (ə), qardaşım Xızırın (ə) və mənim musəllamdır. Dörd fəzilətli məsciddən biridir. Qiyamət günü bu məscid ehram bağlamış şəxsə bənzər şəkildə gətiriləcək və öz əhli və namaz qılanları üçün şəfaət edəcək. Bir zaman gələcək ki, bu məscid Həzrət Mehdinin (ə.c) və hər bir möminin musəllası olacaq və elə bir mömin qalmayacaq ki, bu məsciddə namaz qılmasın və ya arzusunda olmasın. Əgər insanlar onun bərəkətini bilsəydilər, dünyanın dörd bir yanından hətta buz və qarın üzərində sürünməklə olsa belə bu məscidə gələrdilər».

           İmam Baqir (ə) Kufə məscidində namaz qılmağın fəziləti barəsində buyurur: «Əgər insanlar Kufə məscidinin hansı fəzilətə malik olduğunu bilsəydilər, uzaq məkanlardan oraya üz tutardılar. Belə ki, orada qılınan vacib namaz həccə, nafilə namaz isə umrəyə bərabərdir».

İmam Sadiq (ə) isə Kufə  məscidində qılınan bir namazı başqa məsciddə qılınan min namaza bərabər bilir.

 

Kufə məscidinin əhəmiyyəti

1.   Rəvayətlərdən məlum olur ki, necə ki, Məscidul-həram və Kərbəla Adəmin (ə) xilqəti zamanında və daha da öncədən Allahın, mələklərin, ənbiya və salehlərin diqqət mərkəzində olub, Kufə məscidinə də xüsusi diqqət yetirilib.

2.   Müsafir Məscidul-həram, Məscidun-Nəbidə və Kərbəlada dörd rükətli namazları tam və ya qısa qılmaqda ixtiyarlı olduğu kimi, Kufə məscidində də bu hökmə əməl edə bilər.

3.   Necə ki, Kərbəla behiştin bir parçasıdır, Məscidul-həram, Peyğəmbər məscidi və Beytul Müqəddəs behişt bağları və qəsrlərindəndir, Kufə məscidi də behişt bağlarındandır.

4.   Məscidul-həramın, Kəbə və Kərbəlanın zəvvarı qayıtdıqda günahları bağışlandığı kimi, Kufə məscidinə daxil olan şəxsin də günahları əfv olunar.

Belə ki, evi Kufə məscidində yerləşən Nuh (ə) Allahdan bağışlanmaq istəyilə buyurmuşdu: «Rəbbim məni, valideynlərimi və evimə mömin olaraq daxil olan kəsi bağışla».

5.    Məscidul-həram və Kərbəlada olduğu kimi, Kufədə və məscidində də bir çox peyğəmbərlər namaz qılmış 370 peyğəmbər və 600 vəsi orada dəfn olunmuşdur.

6.    Kufə şəhəri və Kufə məscidi xüsusi müqəddəsliyə malik olduğundan Allahın mələk və peyğəmbərlərinin ona xüsusi inayəti olduğundan və rəvayətlərdə qeyd olunduğuna əsasən, Kufə şəhəri İmam Zamanın (ə.c) hökumətinin mərkəzi, Kufə məscidi isə İmam Zamanın (ə.c) qərargahı və qəzavət mərkəzi olacaqdır.

7.    İmam Sadiq (ə) buyurur: «İmam Mehdinin (ə.c) hökumət mərkəzi Kufə şəhəri, qəzavət mərkəzi isə Kufə məscidi olacaq» («Biharul-ənvar», c.53, səh.11). 

 

İlahiyyatçı, Ülviyyə Ağayeva

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 5676, 

Dostların veb səhifələri

15659870
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
8274
7422
55417
15456216
135009
160067
15659870

sizin IP ünvanınız: 18.117.11.13
2024-12-22 23:58

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!