Məhəbbət Ocağı

Həyat yoldaşının seçimi

 

Ailə də bir nemətdir

 

Hər bir insan öz atası, anası, bacısı, qardaşı ilə ən dərin köklü qan qohumudur. Bu qohumluq seçimlə olmayaraq, genetik rabitə ilədir. Həyat yoldaşları isə sonradan seçilərək qanuni rabitə ilə birləşirlər. Bəzən bu, qohumluq rabitəsinə də qələbə çala bilir.

Qurani-kərim bu həqiqəti belə açıqlayır:

 

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَلِكَ لآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır” (“Rum” surəsi, ayə  21).

 

Allah-təala insanların cüt yaradılışını, onlar arasındakı sevgi və dostluğu ilahi ayə (nişanə və əlamət) adlandırmışdır. Bu cütlüyün bir-birinə olan bağlılığı həm ruha və həm də cismə aiddir. Öz-özlüyündə cütlüyün hər ikisi naqis və ehtiyaclıdır. Onların bir-birilərinə olan meyli də elə bu naqislik və ehtiyacdan irəli gəlir. Onlar yalnız bir yerdə kamilləşərək, nəsilartırma qabiliyyətinə malik ola bilərlər.

Evliliyin bəzi cismi və ruhi xəstəliklərin dərmanı olması danılmaz faktdır. Aparılan araşdırmalar nəticəsində, intihar edənlərin əksəriyyətinin tənha insanlar olduğu müəyyənləşdirilib.

Bu səbəbdən də, Allah-təala məhz evliliyi aramlığa çatmağın əsas yolu kimi qələmə vermişdir:

 

هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَجَعَلَ مِنْهَا زَوْجَهَا لِيَسْكُنَ إِلَيْهَا فَلَمَّا تَغَشَّاهَا حَمَلَتْ حَمْلا خَفِيفًا فَمَرَّتْ بِهِ فَلَمَّا أَثْقَلَتْ دَعَوَا اللَّهَ رَبَّهُمَا لَئِنْ آتَيْتَنَا صَالِحًا لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ

“Sizin hər birinizi bir qandan (atanızdan) yaradan və yanında rahatlıq (aramlıq) tapması üçün zövcəsini də onun cinsindən edən Odur...” (“Əraf” surəsi, ayə 189)

 

Beləliklə, cəmiyyətdə həm fəsadların, həm də gərginliklərin aradan qalxmasının səbəblərinin məhz sağlam ailədən asılı olması aydınlaşır.

 

Rəvayət

İmam Sadiq (ə) buyurub:

“İslam Peyğəmbəri (s) çoxlu şəhid verilmiş müharibələrin birindən qayıdırdı. Qadınlar ona yaxınlaşaraq, öz yaxınlarından xəbər alırdılar. Bu vaxt bir qadın Həzrətə yaxınlaşaraq dedi:

– Ya Rəsuləllah! Filankəsə nə oldu?

 Həzrət soruşdu:

– Onunla nə rabitən var?

Qadın ərz etdi:

– Övladıyam.

Peyğəmbər (s) buyurdu:

– Allaha şükür et ki, atan şəhid oldu.

Qadın belə də etdi. Sonra qardaşından xəbər aldı. Yenə həmin cavabı eşitdi.Yenidən soruşdu:

– Bəs filankəs necə oldu?

Peyğəmbər (s) soruşdu:

– Onunla nə rabitən var?

Qadın dedi:

– Həyat yoldaşıyam.

Həzrət (s) buyurdu:

– Allahına şükür və razılıq et ki, o da şəhid olmuşdur.

Qadın bu xəbəri eşidən kimi fəryad çəkib, şivən qopardı. İslam Peyğəmbəri vəziyyəti belə görüb buyurdu:

Bu qadını gördükdə, həyat yoldaşına olan bağlılığının bir daha şahidi oldum”.

 

Həyat yoldaşının seçimi

 

Həyat yoldaşı seçimi ömrün ən mühüm və həlledici məqamlarından biridir. İnsanın uğuru, müvəffəqiyyəti, süqutu, dünya və axirət səadəti, məhz, bu həlledici məqamdan asılıdır. Bu, iki paltar almaq kimi asan və müvəqqəti bir iş deyil. Birgünlük, ikigünlük yox, tam bir ömür həyata bərabərdir. Bu, səbəbdən də, cavanlarımıza belə bir ciddi məsələyə ötəri yanaşmayıb, xüsusi diqqət yetirmələri tövsiyə olunur.

Gənclərimizi nəzərə alaraq, onlara bu seçimdə kömək etmək üçün bir neçə məsələni nəzərlərinə çatdırırıq:         

Ağıl

Əksər vaxtlar, ailədə yaranan problemlər ya ərin, ya da arvadın nadanlığı üzündən baş verir. Ağıllı insanlar isə evdəki hər xırdalığa məhəl qoymayaraq, kiçik və cüzi bəhanələrlə ailə gərginliyini artırmazlar. Gördükləri hər bir işi əvvəlcədən düşüncəli surətdə götür-qoy edib, sonra həyata keçirərlər.

Bundan əlavə, valideynlərin düşüncəsi, ailədəki ümümi təfəkkür də uşaqlarda təsir qoyur. Ziyalı ailələrin uşaqları da, bəzi istisnalar olmaqla, əksər vaxtlar ziyalı olur. Çünki, ağıllı valideynlər övladlarının təlim-tərbiyəsinə, təhsilinə, sağlam düşüncə tərzinə xüsusi önəm verərək, valideynlik vəzifələrini layiqincə yerinə yetirirlər.                                                                                             

Müsəlmanların ilk imamı Həzrət Əli (ə) buyurub: “Düşüncəsiz insanlarla ailə qurmayın ki, onlarla ünsiyyət böyük bir bəladır. Onların övladları da zay olacaqdır”.

Allah Rəsulu (s) öz davamçısı Həzrəti Əliyə (ə) nəsihət edərkən buyurub: “Ya Əli! Heç bir fəqirlik, nadanlıq və cəhalətdən daha betər deyil. Heç bir sərvət də, ağıldan daha faydalı deyil”.

İmam Sadiq (ə) buyurub: “Ağıl – möminin yolgöstərənidir”.

 

İman

 

Evlilik, dostluq və yoldaşlıq üçün ən zəruri xüsusiyyətlərdən biri də imandır. Çünki, bütün ömürlərini birlikdə paylaşan iki nəfər, bir-birinin əqidəsində, təfəkküründə, rəftar və əxlaqında gözəçarpacaq təsirlər qoyurlar. İmanlı yoldaş, öz həyat yoldaşına təqva, yaxşı əxlaq, saleh əməl və günahın tərki kimi gözəl xüsusiyyətlər aşılayır. Nəticədə, onun təkamülünə də təsir edərək həm dünya və həm də axirət səadəti qazandırar. İmanlı şəxs İslamın qayda-qanunlarına riayət edərək ailəni daha isti və səfalı edər. İmanlı qadın da öz iffətini qoruyaraq ərinin malına və namusuna sadiq qalar. Bu, səbəbdən də, məsumlarımız bu mövzuya olduqca ciddi yanaşaraq, bir çox tövsiyələr vermişlər.

Əziz Peyğəmbərimiz (s) buyurub: “Dindar qadınla evlən ki, Allah-təala yaşayışına bərəkət qatsın”.

Məqaləni oxuduqda, çoxlarınızda yaranacaq bir məqama toxunmaq istərdik. Bu qaranlıq məqam bundan ibarətdir:

Bir çox dindarlar – namaz qılıb, oruc tutanlar vardır ki, öz ailələri ilə çox da yaxşı davranmırlar. Bunun əksi olaraq, ailələri ilə yaxşı davranan bir çox dindar olmayanlar da mövcuddur. Bu faktı yuxarıda qeyd etdiklərimiz ilə necə uyğunlaşdıra bilərik?

Bunu cavablamaq üçün bir neçə mətləbə toxunmalıyıq. Əvvəla, iman və dindarlıq qəlbi bir əqidə kimi əməllə zahir olur. İnsanın  imanı gücləndikcə, əməlləri daha da yaxşılaşmalıdır. Dinin göstərişlərinə kamil surətdə riayət etməyənin imanı da kamil sayılmaz. Çünki, İslam dini yalnız – namaz, oruc, dini mərasimlərdə iştirak etməklə kifayətlənmir. İslam dini İlahi din olaraq ən kamil surətdə bəşəriyyətə təqdim olunmuşdur. Bu asimani dində insana gərəkli olan heç bir şey kənarda qalmamış, ona aid olan hər bir sahəni əhatə etmişdir. Bu səbəbdən də, dindarlıq həm şəxsin ibadətində, həm gündəlik halal yaşayışında, həm ətrafındakılarla rəftarında, həm də insanların haqqına riayətində özünü büruzə verməlidir. Lazımınca ibadət edib, xoş rəftarı olmayan şəxs, yaxud gözəl rəftarı olub Allahla ünsiyyəti qıran şəxs, imanlı hesab olunmur. Bunlar birləşərsə, o zaman iman kamil və insan da xoşbəxt ola bilər.

 


Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5079, 

Dostların veb səhifələri

15659865
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
8269
7422
55412
15456216
135004
160067
15659865

sizin IP ünvanınız: 3.149.249.84
2024-12-22 23:57

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!