Munacatlar

Azan və onun əhəmiyyəti

                                                                                       Azan və onun əhəmiyyəti

Azan insanın diqqətini Allaha yönəldən, Onun əzəmət və cəlalını yada salan bir şüardır

Azan təkrarən Allahın təkliyini xatırladır

Azan xöşbəxtliyin bir amilidir

Azan Allahın təkliyinə şəhadət verməyi başa salır

Azan insanı ibadətə və Allaha pərəstiş etməyə dəvət edən bir çağırışdır

Azan ən böyük və ən cazibəli ilahi bir şüardır

Azan Allahın insanlara olan ən gözəl hədiyyəsidir

Azan və iqamə halı namazqılanın hazırlıq üçün diqqətidir

Azan Allahın böyüklüyü ilə başlayıb böyüklüyü ilə də sona yetən mənəvi və ruhani bir hərəkətdir

Azan Allahdan Allaha olan seyrdir

Azan məsumların(ə) döyüşlərdə İslam düşmənlərinə qarşı istinad yeri və diqqət mərkəzi olmuşdur

Azan zəyiflərin zalımların üzərinə olan qəzəb fəryadıdır

Azan tovhidi, nübuvvəti və imaməti bəyan edəndir

Azan vermək müəzzin(azançı) üçün böyük iftixardır

Gəlin, bu ilahi sədanı səsləndirmək üçün bir-birimizdən irəlidə olaq və müəzzin ləqəbini özüm üçün təyin edək. Çünki Qiyamətdə müəzzinə kifayət ediləcək dərəcədə yüksək məqamlar veriləcəkdir. Azan demək heç də insanın nüfuzunu zəiflətməz, əksinə əgər biz həqiqətə açıq gözlə baxsaq görərik ki, azan insanın dəyərini və etibarını daha da yüksəldir. Biz müsəlmanlar bu asimani çağırış sədasının bütün cahanda gurultu ilə səslənəcəyi günə ümid edirik!            

Azan namazın nidasıdır

“Sizə namazın azanını dediyimiz vaxt onu özlərinin istirahəti (tənəffüsü) və yaxud əyləncəsi (oyuncaq,boş yerə) kimi bilənlər yalnız zəkasız insanlardır”. Maidə-58

Azanın ilahi sədasının namazda cəm olunması

“Ey iman gətirənlər! Cümə günündə namaz üçün azan verilən zaman Allahın zikrinə tələsin və alış-verişi buraxın, əgər bilsəniz, bu sizin üçün necə də yaxşı bir əməldir”. Cümə-9

“Maidə” surəsində nida səsləndirmək, fəryad etmək və bədbəxtliyə qarşı səs qaldırmaq mənasında gəlmişdir. Amma burada əsas məna azan nəzərdə tutulur. Çünki İslam dinində namaz üçün deyilən nidanı azandan başqa bir şey kimi tanımırıq. Elə bu ayəyə əsasən “Cümə namaz”ında azan sədasının ucaldığı vaxt camaat mənfət, qazanc düşünməyi bir qədər unudub işini buraxıb Allahı yad etməyin ən mühüm amili olan namaza tərəf tələsməlidirlər.

Allaha tərəf dəvət

“Kim Allaha tərəf dəvət edən, yaxşı işlər görən və mən təslim olanlardanam”deyən kəsdən gözəl danışandır?!” Fussilət-33

Şübhəsiz, bu ayədə izaha ehtiyac yoxdur. Məlumdur ki, müəzzin barəsindədir. Onun dediyi: “Allahu Əkbər”, “Əşhədu ənlə iləhə illəllah” kəlməsi namazda olan bir sözdür və bu deyilənlər Allaha tərəf olan bir dəvətdir.

Azan Allahın bir şüarıdır

“Hər kim Allahın şüarlarını böyük saysa, öz nəfsinin qarşısını almışdır. Azan Allahın şüarlarından biridir və İslam dininin əlamətlərindən olan müsəlmanlığın açıq nişanələrindəndir”.

Azan nurdur   Allahın Rəsulu (s) buyurur: “Ey Əli! Azan nurdur!”

Allahın ətası Allahın Rəsulu (s) buyurub: “Cəlalətli Allah mənə dörd şeyi əta etmişdir:

1- Həmd surəsi, 2- Azan, 3- Məsciddə camaat namazı, 4- Cümə gününü”.

Azanın fəziləti

Allahın Rəsulu (s) buyurur: "Əgər camaat bilsə ki, azan deməyin və camaat namazının ilk sıralarında iştirak etməyin nə qədər savabı vardır, daim bu iş üçün (bir-birlərindən öndə olardılar) can atardılar”.

Loğmanın nəsihəti

Təbib Loğman öz övladına buyurur: “Oğlum, məbada xoruz sübh vaxtı səndən əvvəl oyansın və namazın vaxtını səndən əvvəl səsləndirsin. Məgər görmürsənmi, o hər namazın vaxtının daxil olmasını necə elan edir və səhərlər sən yatar ikən o yüksək səslə banlayır”.

Azan eşitmək və səma əhli

Allahın Rəsulundan (s) belə bir hədis var: “Həqiqətən səma əhli yer əhlindən azandan başqa bir şey eşitməz”.

Azan dinləməyin ədəbi

Möhtərəm şəxslərdən nəql olunmuşdur. Mərhum Ayətullah Berucerdi nə vaxt müəzzin namaz üçün azan versəydi, o, ehtiramla üzü qibləyə oturardı və diqqətlə azana qulaq asardı.

Azan vasitəsilə ruhiyyəni gücləndirmək

Döyüşçülərdən biri deyir: “Biz namaz vaxtı birlikdə azan deməyə adət etmişdik. Bir gün düşmənlərimizi mühasirəyə almışdıq və onları qaçmağa qoymurduq. Amma onların hücum atəşləri şiddətli olduğundan biz irəli gedə bilmirdik. Burada döyüşcülərimiz düşmənin atəşinin çox və ruhiyyələrinin zəif olduğunu hiss etdilər, hamı birlikdə torpağın üstünə diz çökdü və azan dedilər. Təsəvvür edin, 300 nəfər güclü şəxs azan deməsi necə əzəmətli səslənər. Düşmənin ruhiyyəsinin zəifliyi səbəbindən İraqlılar öz səngərinə pənah apardılar və digərlərinin də heç atəşdən belə xəbərləri olmadı”.

Meracda azan

Həzrəti Muhəmməd Baqir (ə) buyurur: “Rasulullah (s) meracda olanda “Beytul-məmur”a yetişdi. Namazın vaxtı çatanda Cəbrayıl (ə) azan və iqaməni dedi. Peyğəmbər (s) qabaqda durdu, mələklər və peyğəmbərlər həzrətin arxasında sıraya düzüldülər”.

Hər kəs azan deyən olmaz  Əmirəl-möminin Əli (ə) buyurur: “Rasuləllaha (s) ərz etdim: Ey Allahın Rəsulu (s)! Siz bizi azana elə həvəsləndirdiniz ki, qorxuruq azan demək üçün sizin ümməniz bir-birlərinə qılıncla hücum etsinlər”. Həzrət (s) buyurdu: “Amma ümmətimdən hər kəs azan deməyəcək”.

Filosof müəzzin  Həkim filosof hacı molla Hadi Səbzivari bütün tədris müddətində hər azan vaxtı müəzzinin səsini eşidən kimi öz bəyanatını bitirib dərsini kəsər və azan deyərdi.

İmam Əli (ə) və İmam Hüseynin(ə) azan deməsi  İmam Əmirəl-möminin Əlinin (ə) “İbni Nəbah” rəsmi azançı adı olmuşdur. Seyidlər ağası həzrəti imam Hüseyn (ə) xüsusi azan deyən olduğu üçün ona “Həccac bin Məsruq” adı verilmişdir. O həmin şərəfli və ləyaqətli kişidir ki, həzrəti Hürr imam Hüseynlə (ə) görüşə gələndə və zöhr vaxtı yetişəndə həzrət (ə) ona azan deməsi üçün əmr verdi. Sonra iqamənin göstərişini verəndə orada namaz qıldılar. Öz qoşunu və Hürrün qoşunu da həzrətə (ə) iqtida etdilər.

İmam Əlinin (ə) sonuncu azanı  Həzrəti Əlinin (ə) şəhadəti barəsində cərəyan edən xəbərlərin bəzilərində oxuyuruq: “Həzrət (ə) məscidə daxil olduğu zaman məscidin çıraqları sönmüşdü. O (ə), namaz qıldı, bir saat dua və zikrlə məşğul oldu. Sonra ayağa qalxdı və iki şəhadət barmağını qulaqlarına aparıb azan dedi. Həzrət (ə) azan deyən zaman o qədər uca səslənirdi ki, şəhərdə səsini eşitməyən kəs qalmırdı.

Azan vaxtı dərin düşüncə Əmirəlmöminin Əli (ə) Siffeyn müharibəsində dağın yaxınlığında idi. Məğrib namazının vaxtı gəlib çatdı, dərin fikrə getdikdən sonra azan dedi.

Azan eşitmək arzusu Həzrəti Zəhra (ə) bir gün dedi: “Çox arzu edirəm, atamın müəzzininin səsini eşidəm”. Bilal Fatimeyi-Zəhranın (ə) onun azanını arzulamasını eşidəndə azan deməyə başladı və iki dəfə “Allahu Əkbər” deməyə başladıqda Zəhrayi-Mərziyyənin (ə) atası ilə bağlı xatirələri bir anlıq gözündə canlandı və atasını yad etdikcə göz yaşları bahar yağışı kimi onu axtarmağa başladı. Bilal “Əşhədu ənnə Muhəmmədən Rasulallah”a çatanda xanım (ə) bir nalə etdi və huşunu itirib yerə düşdü. Adamlar Bilala dedilər: “Sakit ol! Peyğəmbərin (s) qızı dünyadan getdi”. Həzrəti Zəhra (ə) bir xeyli huşsuz halda qaldı. Bilal azanı kəsib dalına davam etmədi. Xanım (ə) özünə gəldikdən sonra ayağa qalxıb yenidən azanın davamını Bilaldan istədi. Amma Bilal üzr istəyib dedi: – Qorxuram davam etsəm artıq sizdə taqət qalmaz (çünki azanın üçüncü şəhadəti Əlinin (ə) məqamı idi və Peyğəmbərin (s) vəfatından sonra həzrət Əlinin (ə) haqqı olan xilafət məqamı qəsb olunmuşdur). Xanım (ə) Bilalın üzürünü qəbul etdi.

İmam Həsənin (ə) çöhrəsinin rənginin dəyişməsi Mərhum Səbzivari deyir: “Müəzzinin səsini eşidən vaxt imamların (ə) çöhrəsi dəyişərdi”. Nəql olunmuşdur ki, həzrət İmam Həsən (ə) nə vaxt azançının səsini eşitsəydi, onun zahiri görünüşü dəyişilərdi və rəngi saralardı. Böyüklər onun halının barəsində soruşanda deyərdi: “Allah Təala müəzzini mənə tərəf ondan ötrü göndərib ki, mən xidmətimi və namazın əməllərini (sözlərini) yerinə yetirim. Amma mən bu xidmətin və əməlin qəbul olunmasını bilmirəm. İndi mənim rəngim necə dəyişməsin?”

Qanlı Aşuranın sübhü  İmam Hüseynin (ə) şəhadəti haqqında nəql olunmuşdur ki, Aşura günü sübh vaxtı həzrət özü azan və iqamə demiş və sübh namazını səhabələri ilə birlikdə qılmışdır.

Azanın nazil olmasının səbəbi  Azanın batinini dərk etmək üçün iki rəvayətə diqqət etməyiniz kifayətdir:

Həzrəti Rza (ə) buyurur: “Allah Təala azanı bir çox səbəbə xatir fərman vermişdir və aşağıdakı mənaları azanın fəlsəfəsi kimi zikr etmişdir:

1- Ümmətin öyrənməsi və qəflətdə olanların oyanması (qəflətdən oyanması)

2- Namaz vaxtının əsas əlamətlərindəndir

3- İnsanların Allaha tərəf pərəstiş etməyə dəvət və onları ibadət üçün həvəsləndirmə

4- Allahın təkliyini təsdiq etmək

5- İman yolunda cihad

6- İslamı aşkar etmək

7- Xatırladaraq xəbərdarlıq etmək

8- Allahın adı ilə başlayıb sona yetişmək, yəni, başlanğıcdan sona qədər hər zaman Allah nəzərimizdə olmalıdır.

9- Namazın hər hansı bir hissəsini iki dəfə söyləmək kənarda olanlar üçün bu sədanı təkrar eşitməyə səbəb olur. Əgər birinci dəfə fikir verməmişlərsə artıq ikinci dəfə onlar diqqətli olurlar və buna xatir namaz iki rükətdir.

10- Azanın əvvəlində dörd dəfə təkrarən “Allahu əkbər” demək bunun üçündür ki, başlanğıcda qəflətdə olanlar bu təkrarən oyadan səsi eşitsinlər və sonrakı hissələrə hazır olsunlar.

11- Allahın təkliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət vermək eşidənlər üçün imanın başlanğıcı, tovhidi və İslam Peyğəmbərinin (s) risalətini iqrar etməkdir və azanı dinləyənlər bunu yaxşı bilməlidirlər. Həmçinin Allahı və onun Rəsulunu (s) tanıyıb onlara itaət etməyin bir-birindən ayrı olmadığını anlamaları üçündür. Allahın təkliyini və Peyğəmbərin (s) risalətini iqrar etmək həqiqətdə imanın bütün sahələrini iqrar etməkdir. Allahın təkliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət verdikdən sonra camaat namaza dəvət olunur . Çünki azan namazın müqəddiməsi və sədasıdır. Sonrakı fəsillərdə nicata və yaxşı əmələ dəvət isə namaza dəvəti təkid edir.

Bilala azanın təlim edilməsi  İmam Sadiq (ə) buyurur: “Cəbrayıl (ə) azanı Peyğəmbərə (s) öyrədən zaman Əli (ə) də həzrətin (s) yanında idi. Cəbrayıl (ə) azan və iqaməni Rəsuli-Əkrəmə (s) öyrətdi. Həzrət (s) başını qaldıranda Əli (ə) dən soruşdu: “Cəbrayıl azanı deyəndə sən də eşitdin?” Əli (ə) ərz etdi: “Bəli”. Peyğəmbər (s) yenidən soruşdu : “Yadında saxladınmı?” Dedi: “Bəli”.

Həzrət(s) buyurdu: “Elə isə Bilal güclü səsə sahib olduğu üçün onu bu iş üçün hazırla, azan və iqaməni ona öyrət”. Əli (ə) Peyğəmbərin (s) göstərişi ilə azanı Bilala öyrətdi.

 

İstifadə olunan ədəbiyyat;

Qurani-Kərim

Abbas Əzizi "Azanın yüz savabı"

İlahiyyatçı Sara Zahidqızı

                                                                            Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 4069, 

Dostların veb səhifələri

15661603
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1731
8276
10007
15493342
136742
160067
15661603

sizin IP ünvanınız: 3.145.58.141
2024-12-23 07:45

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!