Quran Elmləri

Qurani-Kərimin təfsir metodları

 
(2 votes)

Qurani-Kərimin təfsir metodları

 

Məlum olduğu kimi müsəlmanlar İslam Peyğəmbərinin (s) zamanında qurani-Kərim ilə bağlı suallarını O həzrətdən (s) soruşur və bu kimi çətinliklərini həll edirdilər.

Bu vəziyyət İslam Peyğəmbərindən (s) sonra müəyyən müddətədək davam etmiş və müsəlmanlar öz suallarını  İmam Əli (ə),  Abdullah ibn Abbas,  Abdullah ibn Məsud və  Übəyy ibn Kəb kimi səlahiyyətli səhabələrdən soruşub öyrənmişlər.

Lakin zaman keçdikcə müsəlmanlar arasında elmi və etiqadi bəhslər genişlənirdi. Bunun əsas səbəblərindən biri müsəlmanların yeni ölkələr və ərazilər fəth etməsi idi. Belə ki, Abbasi sülaləsinin xilafəti dövründə (hicri-qəməri tarixilə I əsrin sonu və II əsrin əvvəllərində) əqli və fəlsəfi mövzuları ehtiva edən bir sıra kitablar digər xarici dillərdən ərəb dilinə tərcümə edilərək müsəlmanlar arasında yayılıb inkişaf etmişdir. Bundan sonra müsəlmanlardan kimisi sufiliyə, kimisi fəlsəfəyə, kimisi isə hədis və rəvayətlərə üz tutmuş və onların hər biri Quran ayələrini tutduqları yol və fikir  əsasında təfsir etmişlər. Bu isə Qurani-Kərimin təfsir növlərində müəyyən ixtilafların yaranmasına zəmin yaratmışdır.

İndiyədək müsəlman alimləri tərəfindən Qurani-Kərim müxtəlif və fərqli qayda və metodlar əsasında təfsir edilmişdir. Burada onlardan daha çox əhəmiyyətə malik olan növləri ilə tanış oluruq:

  1. Quranın Quranla təfsir edilməsi (Qurani təfsir);

 

Qurani-Kərimin belə bir təfsir növündə - məqsəd onun ayələrini digər Quran ayələrinin vasitəsi və  köməyi ilə təfsir etməkdən ibarətdir. Qeyd etmək lazımdır ki, iyirminci əsrin ikinci yarısında Qurani-Kərimin belə bir üslubda ilk dəfə olaraq təfsir edilməsi Əllamə Təbatəbainin vasitəsilə həyata keçmişdir. Onun bu barədə yazdığı təfsir isə iyirmi cilddən ibarət “əl-Mizan fi təfsiril-Quran” adlanır. Bundan əlavə, dahi ustadımız Əllamə Şeyx Məhəmməd Sadiqi Tehraninin “əl-Fürqan fi təfsiril-Quran” adlı dəyərli təfsir əsəri ərsəyə gəlmişdir.

  1. Quranın ağıl vasitəsilə təfsir edilməsi (əqli təfsir);

 

Qurani-Kərimin təfsir növlərindən biri bu müqəddəs kitabın əqli yolla təfsir edilməsidir. Bu təfsir növü bütün ağıl sahiblərinin Quran təfsiri barədə qəbul etdikləri əqli dəlil və sübutlardan istifadə edilməsinə əsaslanır.

  1. Quranın hədis və rəvayətlərlə təfsir edilməsi (rəvai təfsir);

 

Quranın hədis və rəvayətlərlə təfsir edilməsində məqsəd, hər bir Quran ayəsinin İslam Peyğəmbəri (s), Onun pak Əhli-beyti (ə) habelə səhabələrindən nəql olunmuş kəlamlarla təfsir və izah edilməsindən ibarətdir.

İndiyədək Qurani-Kərimin hədis və rəvayətlər əsasında təfsir edilməsi barədə iki növ əsassız və qeyri-məntiqi fikir irəli sürülmüşdür:

  a) Hədislərə xüsusi önəm verən bir qrup “Əxbari” alimi Quranın yalnız Peyğəmbər (s)  və Onun pak Əhli-beytinin (ə) hədis və kəlamları ilə təfsir edilməsi üzərində dayanaraq, bundan başqa bütün təfsir növlərinin haram olduğunu bildirmişlər.

Belə təfsirlərə Qurani-Kərim üçün sırf hədis və rəvayət əsasında yazılmış

Seyid Haşim Bəhraninin (vəfatı: 1109 h.q.) “əl-Bürhan fi təfsiril-Quran”

Əbdül Əli Hüveyzinin (vəfatı: 1112 h.q.) “Təfsiru nurus-səqaləyn” təfsirlərini göstərmək olar. Əlbəttə, bu tənqidlə onların çəkdikləri zəhmətlərə qarşı biganə yanaşmaq istəmirik.

  b) Bəziləri isə “Quran ayələri tam aydın və şəffaf mənalara malikdir və buna görə heç bir hədis və rəvayətə ehtiyac yoxdur!” deyə Qurani-Kərimin hədis və rəvayətlərlə təfsir edilməsi ilə müxalifət göstərmişlər.

Lakin daha düzgün və məntiqi nəzər hədis və rəvayətlər əsasında olan təfsirin də bir Quran təfsiri növü sayılması və onların vasitəsilə Quran ayələrinin müəyyən bir hissəsinin təfsir olunmasının qəbul edilməsindən ibarətdir.

  1. Quranın elmlə təfsir edilməsi (elmi təfsir);

 

Qurani-Kərimin təfsirinin növlərindən biri də onun ayələrinin elmi təfsirindən ibarətdir.

İndiyədək müsəlman alimləri arasında Quran ayələrinin bu yolla təfsir edilməsi barədə fərqli metodlardan istifadə edilsə də onların daha məqbul sayılanı müxtəlif elmlərdən Quran ayələrinin təfsirində istifadə etmək metodundan ibarətdir. Lakin müxtəlif elmi nəzəriyyə və fərziyyələrin Quran ayələrinin zahirinə tətbiq edilməsi və ya hər hansı bir elmi nəzəriyyəni Quranın zahiri mənasından əldə etməyə çalışmaq kimi metodlar təhlükəli və yolverilməzdir.

  1. Təfsir be rəy;

 

Qurani-Kərimin təfsiri sahəsində xüsusilə təhlükəli və azdırıcı sayılan metodlardan biri də səlahiyyətsiz şəxslərin Quran ayələrini digər Quran ayəsi, ağıl, mötəbər hədis, rəvayət və s. bu kimi etibarlı dəlillərlə deyil, şəxsi fikir və mülahizələr əsasında təfsir etməsindən ibarətdir.

 QURANİ-KƏRİMİN AYƏLƏRİNİ BU YOLLA TƏFSİR VƏ İZAH EDƏNLƏR, ÖNCƏDƏN ÖZLƏRİ ÜÇÜN MÜƏYYƏN NƏZƏR VƏ MÜLAHİZƏLƏR TƏYİN EDİR, DAHA SONRA O NƏZƏR VƏ MÜLAHİZƏLƏRİ QURAN AYƏLƏRİ VASİTƏSİLƏ SÜBUT ETMƏYƏ CƏHD GÖSTƏRİRLƏR. BELƏLİKLƏ DƏ, TƏFSİRÇİ ÖZ ŞƏXSİ FİKRİNİ QURAN AYƏSİNƏ TƏTBİQ ETMİŞ OLUR. BU DA İLK NÖVBƏDƏ ALLAHA YALAN QOŞMAQ MƏNASINI YETİRİR. QURANİ-KƏRİMDƏ BUYURULMUŞDUR:

 

قُلْ إِنَّمَا حَرَّمَ رَبِّيَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَالْإِثْمَ وَالْبَغْيَ بِغَيْرِ الْحَقِّ وَأَنْ تُشْرِكُوا بِاللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ

“(Ya Peyğəmbər!) De: Rəbbim yalnız aşkar və gizli olan alçaq (pis) işləri, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur.” (“Əraf” surəsi, ayə-33)

 

 

Hədis mənbələrində də belə bir işi məhkum edən və ona görə ilahi əzab vəd edildiyini yetirən bir sıra mötəbər hədis və rəvayətlər nəql olunmuşdur.

Necə ki, Abdulla ibn Abbas İslam Peyğəmbərinin (s)  belə buyurduğunu nəql etmişdir:

“Quran (ayələri) barədə elmsiz (dəlilsiz) danışan şəxs, öz yerini (Cəhənnəm) odunda hazırlasın”.  (“Sünənut-Tirmizi”, 5/199/2950)

Həmçinin imam Sadiq (ə) bununla bağlı belə buyurmuşdur:

“Şübhəsiz Allah kitabından bircə ayəni öz şəxsi nəzəri ilə təfsir edən şəxs kafir olmuşdur.” (“Əl-Bürhan fi təfsiril-Quran”, Seyid Bəhrani, 1/47/13)

Nəticə etibarı ilə Quran ayələrinin təfsiri sahəsində “təfsir be rəy” metodu Allah-təalaya elmsiz və sübutsuz olaraq müəyyən bir sözü qoşmaq sayıldığı üçün Quran ayələrinin belə təfsiri də haram və  qadağandır.

  1. Mövzu və tərtib əsasında yazılan təfsirlər;

 

Qurani-Kərim ayələrinin təfsiri indiyədək müəyyən baxımdan bir-biri ilə fərqli sayılan iki qayda əsasında həyata keçmişdir. Onlardan biri “tərtibi”, digəri isə “mövzui” təfsirlərdən ibarətdir.

  Qurani-Kərimin “tərtibi” təfsiri dedikdə, Quran surələrini ardıcıl şəkildə əvvəldən sonadək təfsir edilməsi nəzərdə tutulur.

  Quranın “mövzui” təfsiri növündə məqsəd isə hər hansı bir mövzuya aid olan ayələrin bir yerə toplanması və araşdırılmasından sonra Quranın həmin mövzu barədə nəzərini açıqlamaqdan ibarətdir.

Hal-hazırda Qurani-Kərim üçün yazılmış bu növ təfsirlərə

  Şeyx Cəfər Sübhaninin   “Mənşuri-Cavid”“Məfahimul-Quran”,

  Şeyx Nasir Məkarim Şirazinin   “Peyami-Quran”,

  Şeyx Misbah Yəzdinin  “Məarifi-Quran”,

  Şeyx Abdullah Cavadi Amulinin   “Təfsiri mövzuiye-Quran”,

 Əllamə Şeyx Məhəmməd Sadiqi Tehraninin   “ət-Təfsirul-məvzuiyy bəynəl-Kitabi vəs-sünnə” 

 Əllamə Şeyx Məhəmməd Hadi Mərifətin   “Məarifi əz Qurani” adlı əsərlərini göstərmək olar.

  1. İrfani təfsir;

 

Müqəddəs Quranın “irfani” təfsirində məqsəd, Quran ayələrinin batini mənalarvə “təvil”i əsasında təıfsir və izah edilməsindən ibarətdir.

  Səhl ibn Abdullah Şüştərinin (vəfatı:283h.q.) - “Təfsiri-Tostəri”,

  Məhəmməd Sülləminin (vəfatı: 412 h.q.) - “Həqaiqut-təfsir”,

  Meybudinin  - “Kəşful-əsrar”,

  Muhyuddin ibn Ərəbinin (vəfatı: 638 h.q.) - “Təfsiri ibn Ərəbi”

  Sədrul-Mütəəllihin Şirazinin (vəfatı: 1050 h.q.) - “Təfsiri-Həkim Sədrul-Mütəəllihin” kitabları bu qəbildəndir.

Qeyd etmək lazımdır ki, “irfani” təfsir metodu əsasında tərtib edilmiş təfsir əsərlərində Quran ayələrinin “təfsir be rəy” və əsassız olaraq təfsir edilmiş nümunələri çoxdur.

  1. Fiqhi təfsir;

 

“Fiqhi”  dedikdə Qurani-Kərimdə Şəriət hökmlərinə aid olan ayələr təfsir və izahı nəzərdə tutulur. Buna misal olaraq

  Cəssas Hənəfinin (vəfatı:  370 h.q.) “Əhkamul-Quran”,

  Qütbəddin Ravəndinin (vəfatı: 573 h.q.) “Fiqhul-Quran”,

  Fazil Miqdadın (vəfatı: 826 h.q.) “Kənzul-irfan fi fiqhil-Quran”,

  Müqəddəs Ərdəbilinin (vəfatı: 993 h.q.) “Zübdətul-bəyan fi əhkamil-Quran” adlı əsərlərini misal göstərmək olar.

Qurani-Kərimin “fiqhi” təfsirini müəyyən baxımdan “mövzui” təfsir cərgəsində də sadalamaq olar.

  1. İctihadi və ya kamil təfsir

 

Bura qədər qeyd olunmuş təfsir növlərinin bəzisi əsassız və təhlükəli, bəzisi isə müəyyən həddə qədər məqbul sayılır. Lakin onlardan heç birini Qurani-Kərimin üstün təfsir növü kimi qəbul etmək mümkün deyil.

Qurani-Kərimin  ən yaxşı və üstün sayılan təfsir növü “ictihadi və ya kamil” təfsirdən ibarətdir. Burada “ictihad” dedikdə - səlahiyyətli müfəssirin Quran ayələrinin təfsir və izahı üçün bir sira müxtəlif mənbələrə müraciət edib, onların əsasında təfsirə məşğul olması nəzərdə tutulur. Hər bir səlahiyyətli müfəssir Qurani-Kərimin hər hansı bir ayəsini düzgün və kamil şəkildə təfsir etmək üçün aşağıdakı mərhələləri keçməlidir:

   1) Bir sıra mötəbər lüğət kitablarından istifadə etməklə ayədə mövcud olan sözlərin mənasını aydınlaşdırmaq;

   2) Quran ayələrinin özündən qabaqkı və sonrakı ayələrin ( “siyaq” məsələsinin) araşdırılması və nəzərdən keçirilməsi;

   3) Təfsir edilən ayəyə oxşar olan digər ayələri nəzərdən keçirmək;

   4) Ayənin nazil olma səbəbini ( “səbəbi-nüzul”“şəni-nüzul” ) nəzərdən keçirmək və aydınlaşdırmaq;

   5) Təfsir edilən ayənin “möhkəm” və ya “mütəşabih” olduğunu araşdırmaq;

   6) Təfsir edilən ayənin “nasix” və ya “mənsux” olduğunu araşdırmaq;

   7) Əhli-beyt və Əhli-sünnə müfəssirlərinin yazdıqları təfsir kitablarını nəzərdən keçirmək; Əlbəttə, bu yolda kor-koranə təqlid və tam etinasızlıqdan çəkinmək lazımdır.

   8) Təfsir edilən ayə barədə irəli sürülmüş müxtəlif nəzər və mülahizələrin araşdırılması;

   9) Təfsir edilən ayə barədə İslam Peyğəmbəri (s), O həzrətin (s) pak Əhli-beyti (ə) və  səlahiyyətli səhabələrindən nəql olunmuş hədis və rəvayətləri nəzərdən keçirmək;

   10) Təfsir edilən ayə barədə əqli və mötəbər elmi dəlillərin nəzərdə tutulması;

   11) Müfəssirin təfsir etdiyi ayə barədə hər növ şəxsi fikir və mülahizədən (“təfsir be rəy”) ciddi şəkildə çəkinməsi.

 Hər bir səlahiyyətli müfəssir bu mərhələləri keçdikdən sonra Quran ayələri barədə nisbətən kamil bir təfsiri açıqlaya bilər. Qeyd etmək lazımdır ki, belə bir təfsir növündə, adətən, Qurani-Kərimin bütün surə və ayələri təfsir edilir.

Bütün bunlardan əlavə bizim əqidəmizə əsasən, Qurani-Kərimin həqiqi və ideal təfsiri yalnız İslam Peyğəmbəri (s) və Onun pak Əhli-beytinin (ə) əlindən gəlir. Çünki onlar Qurani-Kərimin həqiqi və ideal müfəssirləri sayılırlar. 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 6105, 

Dostların veb səhifələri

15657109
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5513
7422
52656
15456216
132248
160067
15657109

sizin IP ünvanınız: 18.119.166.34
2024-12-22 17:29

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!