Quran Elmləri

Quranın nazil olma səbəbləri

 
(0 votes)

                                                                                             

                                                                             Səbəbi-nüzul və şəni-nüzul

Səbəbi-nüzulun tərifi

Bu mövzu tədrici nüzulla bir-birinə yaxındır. Belə ki, mühüm bir məsələyə görə tədricən nazil olan ayə tam bir mövzu səbəbindən idi və buna “səbəb nüzul” və ya “şəni nüzul” deyilir. Quran ayələri nazil olma baxımından ümumilikdə 2 hissəyə bölünür:

  • Ümumi- xüsusi bir səbəbi olmayan və yalnız insanların hidayəti xüsusunda nazil olan ayələr.
  • Xüsusi- bir mətləbə dəlalət edən ayələr. Bu ayələr baş verən hadisələrlə bağlı, Peyğəmbərin (s) besəti müddətində olmuşdu. Həmin ayə və ya surə “şəni nüzul” adlanıb. Məsələn;

وَيَسْأَلُونَكَ عَنْ ذِي الْقَرْنَيْنِ قُلْ سَأَتْلُو عَلَيْكُمْ مِنْهُ ذِكْرًا

(Ya Rəsulum!) Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun barəsində sizə bir hekayət (bəzi xəbərlər) söyləyəcəyəm!” Kəhf 83

وَيَسْأَلُونَكَ عَنِ الرُّوحِ قُلِ الرُّوحُ مِنْ أَمْرِ رَبِّي وَمَا أُوتِيتُمْ مِنَ الْعِلْمِ إِلا قَلِيلا

(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!”   İsra 85

يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا

(Ya Peyğəmbər! Müşriklər) səndən o saatın nə vaxt gələcəyi (qiyamətin nə vaxt qopacağı) barəsində soruşarlar.  Naziat 42

                                                                           Səbəbi-nüzul ilə Şəni-nüzulun fərqi

Quranın surə və ayələrinin nazil olma səbəbləri onların aid olduqları hadisədən danışır. Quran alimləri “səbəbi-nüzul” və “şəni-nüzul” sözlərini bir mənada qəbul edərək onları hər hansı bir Quran surəsi və ya ayəsinin nazil olma səbəbi kimi mənalandırsalar da bəzi tədqiqatçı alimlər onların bir-biri ilə fərqli olduğunu açıqlamışlar. Fərq bundadır ki, şəni-nüzul hər hansı bir şəxs, hökm, hadisə barəsində nazil olan ayədir. Məsələn, filan ayə filan peyğəmbərin isməti barəsində, mələklər və ya həzrəti İbrahim (ə), Nuh, Adəm haqqında nazil olub deyilsə, bütün bunları ayənin şəni-nüzulu demək olar.

Amma səbəbi-nüzul isə baş verən hadisənin ardınca nazil olan ayədir, o cür ki, həmin hadisəyə xas bir cavabla ayə nazil olub. Habelə, ümumi mənaya dəlalət edir, yəni, keçmişdə bir nəfərə aid olan hadisənin səbəbi həmin zamanda filan şəxs üçün olsa da bu əməl bütün zamanlarda və digər şəxslər üçün də ibrətdir.

Əllamə Mərifəti bu barədə yazır:

“Şəni-nüzul” hər hansı bir şəxs, hadisə və ya vacib şəriət hökmü barədə nazil olan surə və ya ayələrə deyilir.

“Səbəbi-nüzul” isə hər hansı bir hadisənin ardınca nazil olan ayə və ya ayələrə deyilir. Belə ki, həmin hadisə uyğun ayələrin nazil olması üçün səbəb sayılır”. (Ət-Təmhid fi ulumil-Quran, Əllamə Mərifəti, 1/254)

Elə buna əsasən Besətdən öncə Kəbəni dağıtmaq məqsədi ilə Məkkə şəhərinə hücum çəkmiş Fil qoşunu barədə söz açan hadisəni “Fil” surəsinin “səbəbi-nüzul”u deyil, əslində onun “şəni-nüzul”u kimi qələmə vermək olar. Çünki “Fil” surəsi heç də bu hadisənin ardınca nazil olmamışdır. Lakin Əmirəl-möminin İmam Əlinin (ə) ruku halında yoxsula sədəqə verməsi hadisəsini “Vilayət” ayəsi adı ilə tanınan “Maidə” surəsinin 55-ci ayəsi üçün “səbəbi-nüzul” (nazil olma səbəbi) adlandırmaq olar. Çünki uyğun ayə bu hadisədən dərhal sonra nazil olmuşdur. Həmçinin bir surə və ya ayə bir neçə səbəb əsasında nazil ola bilər.

                                                                            Səbəbi-nüzulu tanıma yolları

Quran ayələrinin nazil olma səbəbini açıqlayan əsas mənbə hədis və rəvayətlər olduğundan bu sahəyə düzgün araşdırmaya ehtiyac var. Çünki təfsir, tarix və hədis mənbələrində mövcud olan hədis və rəvayətlərin hamısı mötəbər sayılmır. Səhih və mötəbər hədislərdən başqa bir sıra saxta hədislər də yer aldığından gərək bu məsələ diqqətlə araşdırılsın.

Hətta bəzi rəvayətlər də vardır ki, həmin rəvayətlər ayənin nazil olma səbəbindən danışsa da əslində ayənin nümunələrini açıqlayaraq müəyyən nümunələri ayəyə tətbiq etmək məqamındadır. Elə bu səbəbdən bu kimi rəvayətlər barədə ətraflı araşdırma aparmayanlar ayələrin nazil olma səbəbi barədə səhvə düşmüş və ayənin batini mənasını, nümunələrini onun nazil olma səbəbi kimi təqdim etmişlər.

                                                                          Səbəbi-nüzulu tanımanın faydaları

1- İlahi hökmlərin fəlsəfəsini tanımaq

2- Məkki və Mədəni ayələri tanımaq

3- Ayələrin mənalarını dəqiqliklə başa düşmək - Hər sözü müxtəlif vaxtlarda və müxtəlif mənalarda bəyan edir və sözün həqiqətini dərk etmək üçün əvvəlcə xarici cəhətlərini tanımaq lazımdır. O cür ki, ayədə məzəmmət, töhmət, sual, təəccüb, təkid və istehza deyilirsə, əql insanı vadar edir ki, onun səbəbini araşdırsın və bilsin nə zaman, hansı səbəb üzündən baş verib. Çünki ilahi kəlamı tam və düzgünlüklə, olduğu kimi dərk etmək insan üçün zəruridir.

4- Hökmlər çərçivəsini tanımaq - Bəzən bir ayədə və ya bir hökmdə məhdudiyyət güman olunur. Və bu məhdudiyyətin səbəbi həmin səbəbi nüzulla bəyan olunur. (Doktor Ramiyari-Tarixi Quran, s. 262)

Əsasən bəzi Quran ayələrinin nazil olma səbəbini təfsirə söykənmədən başa düşmək mümkün deyil. Quranda nazil olan ayə müəyyən səbəbdən deyilibsə onun həqiqəti və faydalarını müxtəsər izahla əldə etmək olar. Belə faydalardan bir misal vurğulayaraq şəni nüzul ayələrindən bir nümunənin mənasını nəzərdən keçirək: Bəqərə 115

وَلِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ فَأَيْنَمَا تُوَلُّوا فَثَمَّ وَجْهُ اللَّهِ إِنَّ اللَّهَ وَاسِعٌ عَلِيمٌ

“Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!”

Ayədən belə məna ələ gəlir ki, harada olsanız fərq etməz, namaz vaxtı üzü qibləyə durun, istər səfərdə olun və istərsə də öz yurdunuzda, vacib deyil, hər hansı bir tərəfə üzü çevirsəniz doğrudur. Amma bu cəmiyyətdə ixtilafın yaranmasına səbəb oldu və ayənin “şəni nüzulundan” başa düşüldü ki, bu hökm səfərin nafiləsi ilə bağlı idi (təvil).

5- Ləfzin ümumiliyi və səbəbin xüsusiyyətləri

Müfəssirlər üsul elmi alimlərinə istinadən Quranda xüsusi səbəb unvanında nazil olan hər hansı bir ayəni bəyan edərək demişlər: - Bu məsələdə ən mühüm nöqtə Quranın nəssidir və nazil olan ayə ümumi mənaya dəlalət edir. Quranın mətni ümumi bir mənanı əhatə edir. Əgər ayə ümumi bir mənaya görə, amma xüsusi bir səbəb kimi nazil olsa, təkcə hər hansı bir şəxslə bağlı və yaxud da məhdud bir səbəbə şamil olmur. Həmin ayə həm səbəbinə və həm də ondan qeyrilərinə də aiddir.

Siyuti deyir: Ləfzin ümumiliyi mötəbərdir. Ola bilər bir ayə xüsusi bir səbəb üzündən nazil olsun, amma o ayənin mənasının ümumiliyində nəzər birliyi var. Məsələn, Səlmə bin Səxrin şəninə nazil olmuş Zihar ayəsi və Hilal bin Üməyyənin şəninə nazil olmuş lənət ayəsi.

Əgər ayənin mənasını onun məxsus nazil olma hadisəsi kimi bilsək, Quranda işlənən bir çox ayələr əldən gedər. Quran elə bir kitabdır ki, keçmişdə baş verənləri hər zamana və həmçinin gələcəyə də bağlayır. Heç bir müsəlman bu etiqada söykənməməlidir. Quranda ləan, zihar, məscidin tikilməsinə zərər vuranlar və oğurluq barəsində onlarca ayə hər biri xas bir səbəbə görə nazil olub, həmçinin əhkam ayələri də bu qəbildəndir. Məsələn, oğurluğun cəzası zikr olunan ayədə əlin kəsilməsi ilə təyin edilir, lakin bu hadisənin səbəbi-nüzulu təkcə həmin zamana aid deyil və Quranda deyilən hökmlər ilahi qanunlar çərçivəsi xüsusunda həmişəlikdir və onun icrası hər zaman üçündür. Hər hansı bir şəxsin və ya şəxslərin haqqında müəyyən olunmuş hökm nazil olubsa, təkcə onlara həsr edilməyib və həmin simada, xüsusiyyətdə olan insanlara da siraət etmişdir (hədislər ürfündə bu məsələyə “cər” və “intibaq” deyilir).

İmam Baqir (ə) buyurur: “Bir qövmün barəsində ayə nazil olarsa, əgər bir müddətdən sonra həmin qövm ölüb aradan getsə, onda ayə də aradan getməlidir və belə olduqda Qurandan əsər-əlamət qalmazdı. Yer və göy sabit durduğu vaxta qədər Quran daim yaşayacaqdır”.

Bu mətləbin aydın və incə nöqtəsi bundan ibarətdir ki, Quran xas bir zaman və müəyyən şəxslər üçün təyin olunmayıb, o cümlədən, bütün zamanlarda oxşar hadisələr, simalara da aiddir.

Bəzən nazil olma səbəbi çoxdur, amma nazil olan ayə bir dənədir. Bəzən də nazil olma səbəbləri bir dənədir, amma aylər çoxdur.

Ümumiyyətlə ləfzin mötəbərliyi bir çox hallarda Quran ayələrinin öz ləhnindən də aydındır. Beləki, xas bir səbəbi ilahi bir hökmlə əlaqələndirərək bəyan edənlər də vardı. Məsələn, Bəqərə-215.

يَسْأَلُونَكَ مَاذَا يُنْفِقُونَ قُلْ مَا أَنْفَقْتُمْ مِنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ

(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: "(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur". Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.

Müfəssirlərə görə bu ayə cavabı fəlsəfi yolla verilmiş sual-cavabdır. Camaat Allah yolunda xərclənəcək malın növ və cinsini soruşur. Bu sual bihudə bir suala bənzəyir. Çünki məlum bir məsələdir ki, xərclənilməli şey mal və onun müxtəlif növləri olmalıdır. Buna görə də onların kimə xərcləməli olduqlarını soruşmaları daha yaxşı olardı. Bu səbəbdən də onların sualına cavab vermir və onların soruşmadıqları suala düzgün cavab verir. Yəni xərcləməyə layiq şəxslərin hal və qisimlərini bəyan edir ki, həm cavab vermiş olsun və həm də onlara sual soruşmağı öyrətsin.

Müfəssirlərin bu sözü düz fikirdir. Bu istisna ilə ki, onlar hər şeyi qeyd etməyiblər, ayə xərclənən malın cinsini də bəyan edir. Ayə iki kəlmə ilə qısa şəkildə bu mətləbə toxunub. Onlardan biri «مِن خَیرِ» kəlməsidir, ikincisi isə » وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ « cümləsidir.

Deməli, bu mübarək ayə xərclənməli olan şeyin nə olmasından, azlığından, yaxud çoxluğundan asılı olmayaraq, mal olmasına dəlalət edir. Həmçinin xeyir bir əmələ dəlalət edir və Allah ondan xəbərdardır. Onlar kimə xərcləməli olduqlarını soruşub bilməlidirlər. Həmin şəxslər ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlardan ibarətdir.

Bəzi müfəssirlər çox qəribə nəzərlər irəli sürüblər. Onlara görə «مَا یَنفَقُونَ» (nə xərcləmələrini) ibarəsində «مَا» ədatından məqsəd mahiyyət barəsində soruşmaq deyil. Çünki «مَا» ədatının mahiyyət barəsində işlədilməsi məntiq elminin terminlərindəndir. Buna görə də bir ərəb cümləsini, xüsusilə kəlamların ən fəsahətli və bəlağətlisi olan Quran cümləsini məntiq elmi termini ilə izah etmək olmaz. Həmin kəlmə xərclənməyin necəliyi barəsindədir və onlar həmin əməli necə yerinə yetirməli olduqlarını və malı hara xərcləməli olduqlarını soruşurlar. Ayə və onların cavabında deyilən yerlərdə xərcləməyi buyurur. Deməli, sual cavaba uyğundur və o, bəlağət alimlərinin dediyi kimi deyil.

Bunun kimi hətta bundan da təəccüblüsü başqa qisim müfəssirlərin fikridir. Onlar deyirlər: Sual «مَا» kəlməsi ilə edilsə də məqsəd yalnız həmin xərcləməyin necəliyidir. Çünki hamı bilir ki, xərclənən şey mal olmalıdır. Bu məlum olduğu üçün zehn sualın mahiyyət barəsində olmasına yönəlmir və aydın olur ki, sual keyfiyyət barəsindədir.

Rəvayət bəhsi

“Məcməul-bəyanda” həmin ayənin təfsirində deyilir: “Bu ayə qoca və sərvətli şəxs olan Əmir ibni Cəmuh barəsində nazil olub və o, Peyğəmbərdən soruşdu: - Ei Allahın Peyğəmbəri, nəyi sədəqə verim və kimə verim? Allah Təala onun cavabında bu ayəni nazil etdi.

İbn Mənzur, "Lisanul-Ərəb" səh. 4787

Zərqani, "Mənahilul-İrfan fi ulumil-Quran", səh. 55

Əllamə Mərifət, "Ət-təmhid", 1-ci cild

Əllamə Seyyid Muhəmməd Hüseyn Təbətəbai “Mizan təfsiri”

İlahiyyatçı, Quran elmləri üzrə mütəxəssis; Ə. Sara

 

                                                       Müəlliflik hüququ Bəqiyyətullah Dini Elmlər Mərkəzinə məxsusdur

 


 3048, 

Dostların veb səhifələri

15657074
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5478
7422
52621
15456216
132213
160067
15657074

sizin IP ünvanınız: 18.119.132.80
2024-12-22 17:24

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!