Quran Ziyafəti

Möminlər yalnız o kəslərdir ki...

 

Möminlər  yalnız o kəslərdir ki...

 

 

بسم الله الرحمن الرحیم

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذينَ إِذا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَ إِذا تُلِيَتْ عَلَيْهِمْ آياتُهُ زادَتْهُمْ إيماناً وَ عَلى‏ رَبِّهِمْ يَتَوَكَّلُونَ*

الَّذينَ يُقيمُونَ الصَّلاةَ وَ مِمَّا رَزَقْناهُمْ يُنْفِقُونَ*أُولئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَهُمْ دَرَجاتٌ عِنْدَ رَبِّهِمْ وَ مَغْفِرَةٌ وَ رِزْقٌ كَريمٌ

«Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz rəblərinə təvəkkül edərlər».

«Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər».

«Onlardır həqiqi möminlər! Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi nemətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır» («Ənfal» surəsi, ayə 2- 4).

 

    Qurani-Kərimdə möminlərin xüsusiyətlərinin sadalandığı yerlərdən biri də «Ənfal» surəsinin 2-4-cü ayələridir. Bu ayələrdə sözün həqiqi mənasında mömin olan şəxslərin bütün xüsusiyyətləri arasından beş xüsusiyyət seçilərək qeyd olunmuşdur. Bunlar elə xüsusiyyətlərdir ki, onlara malik olmaq bütün yaxşı sifətlərə malik olmağı tələb edir və iman həqiqətinə malik olmaqla yanaşıdır. Elə xüsusiyyətlərdir ki, əgər insan onların barəsində fikirləşib diqqət etsə, onlara malik olmağın nəfsi təqva, islah üçün, Allaha və Rəsuluna (s) itaət üçün hazırladığını görər. Həmin xüsusiyyətlər aşağıdakılardan ibarətdir:

  1. Allah zikr olunduqda qəlbin qorxub titrəməsi;
  2. Allah ayələrini eşitmək nəticəsində imanın artması;
  3. Təvəkkül;
  4. Namaz qılmaq;
  5. Allah verdiyi ruzidən xərcləmək.

 

İlk üç xüsusiyyət qəlbin əməllərindən, son ikisi isə bədən üzvlərinin əməllərindəndir. Xüsusiyyətlərin sadalanmasında həqiqi və təbii tərtibə riayət olunmuşdur. Belə ki, iman nuru tədricən qəlbə saçır və həqiqəti kamil olanadək artmağa doğru üz tutur. Onun birinci mərhələsi qəlbə olan təsiridir. Bu da Allah zikr olunduqda qəlbin qorxub titrəməsidir. «Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar»cümləsi ona işarədir.

Bu iman eləcə genişlənməyə doğru üz tutub qəlbdə kök salmağa başlayır və Allaha dəlalət edən ayələrdə həmçinin, insanı haqq maarifə doğru yönəldən ayələrdə seyr etmək nəticəsində qəlbdə qol-budaq açır. Belə ki, mömin həmin ayələr barəsində nə qədər çox təfəkkür etsə, imanı bir o qədər artıb qüvvətlənir və nəhaətdə, yəqin mərhələsinə çatır.«Onun ayələri onlara oxunan zaman imanlarını artırar»cümləsi buna işarədir.

İnsanın imanı çoxalıb kamala çatdıqda və Rəbbinin məqamını və öz mövqeyyətini tanıyıb məsələnin həqiqətinə vardığı zaman və bütün işlərin Subhan Allahın əlində olduğunu və bütün varlıqların Ona tərəf qayıdacağı yeganə Rəbb olduğunu anladığı zaman Ona təvəkkül edərək, Onun iradəsinə tabe olmağı özünə vacib bilir. Həyatının bütün mərhələlərində onu özünə vəkil edib, onun üçün həyat yolunda müqəddər etdiyinə razı olur və Onun şəriət və əhkamına uyğun əməl və əmr və qadağalarını icra edir. «...Və daim öz Rəbblərinə təvəkkül edərlər»cümləsi bu mənaya işarədir.

    Elə ki, iman kamil şəkildə qəlbdə möhkəmləndi insan təbii olaraq übudiyyətə tərəf yönəlib öz Pərvərdigarına ixlas və təvazökarlıqla ibadət edir. Bu ibadət isə elə həmin namazdan ibarətdir. Bununla yanaşı, cəmiyyətə tərəf yönəlib onun ehtiyaclarını ödəyir, naqislik və çatışmazlıqları aradan qaldırır və Allahın ona bəxş etdiyi mal və elmdən və digər nemətlərdən infaq edir.«Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən (həm maddi və həm də mənəvi ruzilərindən Allah yolunda) xərcləyərlər»cümləsi həmin mənanı çatdırır.

   Buraya qədər qeyd olunanlardan aydın olur ki, «imanlarını artırar» cümləsi keyfiyyət baxımından artıma işarədir. Yəni onların imanları kamala və şiddətlənməyə üz tutur. Belə olduqda bəzi müfəssirlərin kəmiyyət və möminlərin sayı baxımından çoxalması mənasına yozmaları düzgün deyildir.

«Onlardır həqiqi möminlər!»cümləsi İlahi bir hökmdür. Yəni həqiqi iman yalnız o kəslərin qəlbində özünə möhkəm yer tutaraq sabitləşib ki, yuxarıdakı beş xüsusiyyətə malik olsunlar.

«Onlar üçün Rəbblərinin yanında (dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi nemətlərdən ibarət) dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır». «Məğfirət» kəlməsi İlahi güzəşt və bağışlanma mənasındadır. «Gözəl və bəyənilmiş ruzi» yaxşıların faydalanacağı behişt nemətləridir. Quranda bir neçə yerdə bu ifadə gəlmişdir. Məsələn:

 

فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

«Buna görə də bağışlanma və gözəl, ürəyəyatan ruzi iman gətirib yaxşı işlər görənlər üçündür» («Həcc» surəsi, ayə 50).

    Buradan məlum olur ki,  «Onlar üçün Rəbblərinin yanında  dərəcələr...vardır» cümləsindəki «dərəcələr»dən məqsəd Allaha yaxınlıq mərtəbələri və mənəvi kəramətin dərəcələridir. Belə ki, məğfirət və Cənnət Allaha yaxınlıq mərtəbələrinin nəticəsidir. Əlbəttə ki, bu ayədə qeyd olunan dərəcələr tək-tək möminlər üçün deyil, əksinə onların məcmusu bütün möminlər üçündür. Belə ki, qeyd olunan dərəcələr imanın zərurəti və nəticələrindəndir. İmanın müxtəlif mərtəbələri olduğu üçün onun müqabilində Allahın əta etdiyi dərəcələr də müxtəlifdir. İman mərtəbələrinin müxtəlifliyinə görə ola bilsin ki, möminlərdən bəzilərinin bir, bəzilərinin iki, bəzilərinin isə bir neçə dərəcəsi olsun. Aşağıdakı ayələr bu mənanı dəstəkləyir:

 

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللَّهُ لَكُمْ وَإِذَا قِيلَ انْشُزُوا فَانْشُزُوا يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

«(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» – deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır» («Mücadilə» surəsi, ayə 11).

 

هُمْ دَرَجَاتٌ عِنْدَ اللَّهِ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ

«Onlar (möminlər və kafirlər) Allah yanında təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin, hər bir dəstə də öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) və Allah onların etdiklərini görəndir» («Ali-İmran» surəsi, ayə 163).   

    Beləliklə, demək olar ki, bəziləri tərəfindən ayədəki dərəcələrin behişt dərəcələri kimi təfsir olunması düzgün deyildir, baxmayaraq ki, bu  ikisi daim bir-birilə yanaşıdır.

 

İlahiyyatçı, Ülviyyə Ağayeva

Əllamə Muhəmməd Hüseyn  Təbatəbainin «Əl-Mizan» təfsiri əsasında hazırlandı.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5350, 

Dostların veb səhifələri

15659619
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
8023
7422
55166
15456216
134758
160067
15659619

sizin IP ünvanınız: 3.139.239.25
2024-12-22 23:01

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!