Yazar Qələmlər

Sən nə üçün yaranmısan?

 

Sən nə üçün yaranmısan?

 

Muhəmməd Peyğəmbər (s) buyurub: “Ey Allahından xəbərsizlər, bilin ki, bu dünyada siz yatmısınız, ölən günü oyanacaqsız”.   

                                                          

أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لا تُرْجَعُونَ

“Elə güman edirsiniz ki, sizi əbəs yerə yaratmışıq və daha bizə tərəf qayıtmayacaqsınız?” (“Muminun” surəsi, ayə 115 )

 

Bəli, sən əbəs yerə yaradılmamısan... Bilirsənmi Allahdan və ibadətdən niyə bu qədər uzaqsan?

– Adəm yarananda şeytan Allahın əmrindən dönüb  Adəmə baş əymədi və Allahın dərgahından qovuldu. Uzun illər etdiyi ibadətin əvəzində Allah ona insanların qəlbinə girmək icazəsi verdi. Şeytan cavabında dedi:

“Daha özünə bəndə tapmazsan, 100-dən 95-ni aldadıb sənə ibadətdən çəkindirəcəyəm. Yalnız 100-dən  5-i sənə ibadət edəcək. Onlar sənin əsl bəndələrindir, onlara mənim gücüm çatmayacaq”.

İndi sən öz ətrafına baxsan görərsən ki, həqiqətən 100-dən 95-i Allahdan uzaqdır. Yoxsa, sən heç nədən yarandığını zənn edirsən? 

فَلْيَنْظُرِ الإنْسَانُ مِمَّ خُلِقَ

خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ

يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ

“Elə isə insan nədən yarandığına bir baxsın! O, sıçrayan  bir sudan (kişi və qadın nütfəsinin qatışıgından)  yaranmışdır. O,  (su kişinin) belindən və (qadının)  sinə  sümüyünün arasından  çıxır” (“Tariq” surəsi, ayə 5-7 ).

 

Bilirsənmi ki, nə üçün insanın göz yaşının dadı şordur? Çünki, insanın bütün bədən üzvləri piylənə bilər, lakin göz piylənsə, kor olar. Allah göz yaşını şor yaradıb ki, piylənmənin qarşısını alıb, gözü korluqdan qorusun. Bəs nə üçün insanların sifəti bir-birindən fərqlidir? “Tin” surəsində Allah buyurur:  

“And olsun Tur dağına ki, biz insanı ən gözəl biçimdə yaratdıq, onların hər birinə istədiyimiz sifəti verən bizik”.

Bilirsənmi ki, qərb səyyahlarının 5 il əvvəl kəşf etdikləri dənizlər arasında maneənin olması və dəniz sularının bir-birinə qarışmaması faktı 1400 il əvvəl Quranla nazil olmuşdur:

 

مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَان

بَيْنَهُمَا بَرْزَخٌ لا يَبْغِيَانِ

“Bir-birinə qovuşan iki dənizi bir-birinə qarışdırdı.”

“Onların ikisinin arasında məsafə  vardır ki, bir-birini üstələmirlər”

(“Rəhman” surəsi, ayə 19-20).

Bilirsənmi ki, iki əsr əvvəl Avropa alimlərinin kəşf etdiyi və cinayət ekspertizasında istifadə olunan, insan barmağındakı izlərin hamıda eyni olmaması faktı 1400 il bundan qabaq Quranda zikr olunub?

 

أَيَحْسَبُ الإنْسَانُ أَلَّنْ نَجْمَعَ عِظَامَهُ

بَلَى قَادِرِينَ عَلَى أَنْ نُسَوِّيَ بَنَانَهُ

“Yoxsa insan belə güman edir ki, Biz əsla onun sümüklərini (öldükdən sonra torpaqların arasından) bir yerə yığa bilməyəcəyik?

“Qiyamət günü biz insanların hətta, barmaqlarındakı izini də yenidən yaratmağa qadirik” (“Qiyamət” surəsi, ayə 3-4 ).

 

Bütün canlı və cansızlar, ümumiyyətlə varlıqlar Allahı zikr edirlər. Yalnız insan ona verilən müvəqqəti azadlıqdan sui-istifadə edərək bəzən itaətsizlik edir.

Allah insanı yaradanda mələklər Allaha dedilər: “Biz sənə lazımı qədər ibadət edərik, insanı yaratma, insanlar qan tökəcək, şeytana aldanıb, başını ancaq yemək, geyim, dünya malına və s. qatacaq”.  Allah cavabında, belə insanları tikanlığa bənzədərək buyurdu:

“Mən bu tikanlığı öz güllərimə görə yaratmışam, sübh tezdən qalxıb mənə ibadət edənlər, bütün əmrlərimə sözsüz tabe olanlar, Peyğəmbər (s) və imamları (ə) sevib yollarını azmayanlar mənim güllərimdir. Sizin dediyiniz o tikanlığı bu güllərimə görə yaratmışam, o tikanlığa da bu güllərimə görə su verirəm”.

İndi özün-özünə bax, gör tikansan yoxsa, gül? Səni insan kimi yaradan Allahdır və O, Quranda buyurur:

“Ey insan, Ramazan ayı oruc tut!”

Sən əgər Ramazanda qabağına gələni yeyirsənsə, deməli, “Ey insan” kəlməsi sənə aid deyil. “Qiyamət” surəsi buyurur: “Qiyamət günü sizin çoxunuz heyvan sifətində gələcəksiniz, bunu siz özünüz qazanmısınız”.

Suyun hidrogen və oksigen atomlarından ibarət olduğunu yəqin bilirsiz. Qəribəsi budur ki, hidrogen və oksigen ayrı-ayrılıqda oddur və ya od üçün zəmindir, onlar birləşəndə isə odu söndürürlər. Deməli, suyun bu cür quruluşu Allah tərəfindən məqsədli yaradılmışdır. “Nəbə” surəsində Allah buyurur: “Qiyamət günü dənizlər parçalanıb yanacağı zaman sən biləcəksən ki, Allahın vədəsi yalan ola bilməz ”.

Yəni,  ehtimal olunur ki, dənizlərdəki su hidrogen və oksigenə bölünüb yanacaq.

Əgər bu oxuduqların barədə dərin düşünsən, yəqin ki, bu dəlillər kifayətdir ki, sən Allahın əzəmətini başa düşəsən. Elə isə, bir kəsin sənə yaxşılığının qabağında ona təşəkkür etdiyin kimi, Allahın sənə bəxş etdiyi əvəzolunmaz nemətlərə görə də Allaha şükür et. Valideynlərindən utanaraq (qorxaraq) eyib bir şeyi onların yanında etmədiyin kimi, Allahdan da utanıb (qorxub) bu işi etməkdən çəkin, namaz qılaraq Allaha yaxınlaş.

Bir nəfər İmam Sadiqdən (ə) namazın əhəmiyyətini soruşdu. İmam buyurdu:  

“Namazın əhəmiyyəti sonsuzdur, sənə birini deyirəm. Bir insanın evinin qabağından təmiz bir çay axa və həmin şəxs o çayda gündə beş dəfə çimə, səncə onda çirk qalar? Namaz da insanın qəlbini elə təmizləyir”.

 İnsanı ibadətdən bir çox şeylər uzaq salır ki, bunlardan ən eyiblisi özündən razılıqdır. Mövla Əli (ə) buyurur: “Kim hansı halda özündən razı qalsa, elə o halda da qalar və inkişaf etməz”. 

Həqiqətən də, alimlər ilk dəfə buxar maşını yaradan zaman bununla razı qalmayıb daha yeni kəşflər etdilər və bu razı qalmamaqların nəticəsidir ki, insan kosmosa da qalxa bildi.

Buna görə də öz üstünlüklərinlə heç vaxt öyünmə.

 

Səni ibadətdən saxlayan bəhanələr:

 

Vaxtım yoxdur – Allahın ruzisini gündə bir neçə dəfə yeməyə vaxt tapdığın kimi, şükr etməyə də vaxt tap;

Namazı qocalanda qılaram – Heç kəs yəqinliklə bilməz ki, onun ömür payı nə qədərdir. Həm də yadında saxla, cavanlıqda yazılan yazı daş üzərində yazılan yazıya bənzəyir ki, heç vaxt silinmir. Qocalıqda bir şeyi öyrənmək su üzərində yazılan yazıya bənzəyir ki, yazılan kimi itir. 

Mən namaz qılmasam da, ürəyim təmizdir – bu mövzu genişdir. Birinci sən bununla demək istəyirsən ki, namaz qılanların qəlbi çirkin, sənin qəlbin təmizdir. Bil ki, namaz barədə səndən ayrıca hesab alınacaq, əməllərin barədə isə ayrıca. Bil ki, qiyamət günündə xilas olanların iki tədarükü olmalıdır:

Allaha iman gətirmək, yəni, Allahın bütün əmrlərinə tabe olmaq (namaz, oruc, içkidən çəkinmə, naməhrəmə baxmamaq və s.)

Pak əməl, yəni böyüklərə hörmət, qonşularla mehribanlıq, yoxsullara əl tutmaq və s. kimi əməlləri Allaha görə edəsən, ona görə yox ki, səni tərifləsinlər və sən də bu əməllərinlə fəxr edəsən. Sən əgər deyirsən ki, mənim qəlbim pakdır, Quran  da cavabında buyurur: “Təkəbbürlülərin (özündən razıların) yeri cəhənnəmin ən dərin quyusudur”. Necə olur ki, Peyğəmbərimiz (s) və imamlarımız (ə) kimi günahsız insanlar hər namazlarında ağlayaraq Allahdan bağışlanmaq istəyirlər, sən isə ətrafını günahlar bürümüş halda, deyirsən mənim qəlbim təmizdir?

Peyğəmbər buyurub: “Bir saatlıq elm qırx il ibadətdən üstündür”. Sən Quranla və bəzi İslami kitablarla tanış olsan görərsən ki, namaz vacib ibadət, yəni vacibat sayılır. Peyğəmbərin nəzərdə tutduğu ibadət isə namazdan başqa olan ibadətlərdir, məsələn, vaxtının çoxunu məsciddə keçirmək, əlavə namazlar qılmaq və s. Beli sınmış halda yatağa düşmüş bir adama, o vəziyyətdə namazı ürəyində qılmaq vacib olduğu halda, sağlam adam üçün heç bir bəhanə yeri qalmır!! Həm də ki, Peyğəmbərin (s) nəzərdə tutduğu bir saatlıq elm – milyonlarla insanların ölümünə səbəb olan, atom bombasını kəşf edən elm deyil, mənəviyyat elmi, əxlaq elmidir. Bu elmin bərəkətidir ki, sən bu günə qədər əcdadlarından qalan – qocalara hörmət, valideynə hörmət, ailə namusu, qadın iffəti və s. kimi gözəl nemətləri qoruyub saxlamısan. Çalışanlar çoxdur ki, bu nemətləri sənin əlindən alsın. Əgər sən İslamın əsaslarına yiyələnməsən, sənin üçün qurulan tələləri görə bilməzsən.

Əgər ailədə ata və qız, ana və oğul, bacı və qardaş televizor qabağında əyləşərək, bir-birindən utanmadan, valideynlərindən çəkinmədən televiziya kanallarında nümayiş etdirilən əxlaqsız filmlərə baxırlarsa, bu ailədə hansı əxlaqdan, hansı ailə namusundan danışmaq olar?

Bütün bunları nəzərə alaraq Allahın səni müsəlman yaratmaqla, sənin üzərinə nə qədər böyük məsuliyyət qoyduğunu hiss etməlisən.      

                                                                

                        Fazil Əhmədov

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 4883, 

Dostların veb səhifələri

15660653
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
781
8276
9057
15493342
135792
160067
15660653

sizin IP ünvanınız: 18.222.179.96
2024-12-23 03:20

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!