Yazar Qələmlər

Əhli-Beyt hədislərində dinin təlim və tərbiyəvi yönü

 

Əhli-Beyt hədislərində dinin təlim və tərbiyəvi yönü

 

Hər hansı bir cəmiyyətin inkişaf və tərəqqisini təlim, təhsil və tərbiyə ilə bağlı işlər olmadan təsəvvür etmək mümkün deyil. «Cümə» surəsinin 2-ci ayəsində oxuyuruq:

«Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur. Doğrudan da onlar bundan öncə açıq-aşkar azğınlıq içində idilər».

İmam Əlidən (ə) nəql olunmuş bir rəvayətdə də bu məsələ açıq bəyan olunmuşdur: «Həqiqətən, uca Allah İslamı özü, mələkləri və peyğəmbərləri üçün seçdi və onu işinin möhkəmliyi, tədbirinin yaxşılığı və bəndələrinin asayişi üçün bəyəndi. Sonra Muhəmmədi onlara tərəf göndərdi. Onlara kitab və hikmət öyrətdi. Hidayət olmaları üçün onlara ədəb öyrətdi, pərakəndə olmasınlar deyə, onları bir yerə yığdı. Onlara tofiq verdi ki, zülm etməsinlər».

 

Elm və din arasındakı münasibət

Əhli-beyt (ə) hədislərini mütaliə etməklə elm və dinin sıx rabitəsini görmək olar. İmam Əli (ə) dinin kamalını elm  öyrənmək və ona əməl etmək bilmiş və elmi öyrənməyi mal toplamaqdan daha vacib hesab etmişdir. İmam Baqirdən (ə) rəvayət olunan bir hədisdə elmi öyrənmək yaxşı əməl və sədəqə, onu istəmək ibadət, müzakirəsi təsbih, onun haqqında bəhs etmək isə cihad hesab olunmuşdur.

Qeyd olunmalıdır ki, hədislərdə elm dedikdə, ilahi elm və maarif nəzərdə tutulur.

Bir çox rəvayətlərdə dində, xüsusilə də fiqh elmində mərifət əldə etməyin əhəmiyyəti və onun dinin dərk olunmasındakı rolu təkidlə vurğulanmışdır. İmam Musa ibn Cəfərdən (ə) rəvayət olunmuşdur:«Dini məlumatlarınızı artırın, çünki fiqh bəsirətin açarı, din və dünyada ali dərəcə və uca mərtəbələrə yüksəlmək səbəbidir. Fəqihin abiddən üstünlüyü günəşin ulduza olan üstünlüyü kimidir. Kimin dini anlayışı olmasa, Allah onun əməlindən razı deyil».

                                                                         

Alimin dindəki yeri

Alimlərin vəsfləri və fəzilətləri barəsindəki Əhli-beyt (ə) hədisləri alimin məqamının İslam dinindəki xüsusi və çox yüksək yerindən söz açır. Alimlər peyğəmbərlərin varisləri, din elminin daşıyıcıları və onu hifz edəndirlər. Onların səyi nəticəsində din canlı qalıb təhrifdən qorunur.

Dində alimin tutduğu yerin əhəmiyyətini dərk etmək üçün təkcə bunu bilmək kifayətdir ki, iblis üçün heç kimin ölümü alimin ölümü tək sevimli deyil. Belə ki, mömin bir fəqih öldükdə İslamda elə bir yarıq əmələ gəlir ki, heç bir şey onu örtə bilmir. İmam Əliyə (ə) görə alimlər dünya var olduqca diridirlər. Bədənləri gözlərdən gizli olsa da, surətləri qəlblərdə sabitdir.

 

Dini dərk etməkdə təlimin əhəmiyyəti

Əhli-beyt (ə) hədislərinə əsasən, Allaha elm ilə pərəstiş olunur. Din elmini əldə etmək üçün isə təlim və təhsilə ehtiyac var. Bu səbəbdən elm öyrənmək üçün çalışmaq mal-dövlət üçün çalışmaqdan daha vacib hesab olunmuşdur.

Məsum İmamların (ə) baxışında elmi öyrənmək qədər onu öyrədib təlim etmək də mühüm olub elmin zəkatı hesab olunmuşdur. İmam Baqirdən (ə) olan aşağıdakı hədislərdə oxuyuruq: «Elmindən fayda aparılan bir alim yetmiş min abiddən daha yaxşıdır»

İmamların (ə) hədislərində insanların müxtəlif qruplarda təsnifatı da dini dərk etməkdə təlim və təhsilin əhəmiyyətinin göstəricisidir. Belə ki, İmam Əli (ə) insanları üç dəstəyə bölür: Allaha itaət edən alim, nicat yolunu öyrənən şəxs və axmaqlar. İmam Sadiqin (ə) təsnifatında da insanlar üç dəstədir: alim, elm öyrənən və su üzündəki çör-çöp. İmamlar alim, şiələr öyrənənlər, qalan camaat isə su üzündəki çör-çöpdür. O Həzrət (ə) başqa bir rəvayətdə buyurur:

«Ya alim, ya elm öyrənən və ya elm əhlini sevən kəs kimi sabahla. Dördüncü olma ki, onlarla düşmənçilik etməklə məhv olarsan».

Bu hədislərdən belə bir nəticəyə gəlmək olar ki, dini düzgün başa düşmək üçün təlim və təhsil zəruridir. Peyğəmbərlər və məsum imamların (ə) da ən mühüm vəzifələrindən biri həmin müəllimlik, insanların ilahi maarif əsasında təlim və tərbiyəsi vəzifəsi olmuşdur. Əhli-beyt (ə) hədislərinə əsasən, həqiqi elmi yalnız rəbbani alimdən əldə etmək olar. Belə alimləri tanımaq üçün məsum imamlardan (ə) rəvayətlər gəlib çatmışdır. İmam Əli (ə) buyurur:

«Ey elm axtarışında olan kəs, bil ki, həqiqi alimin üç əlaməti var: elm, helm və sükut. Alimə bənzərin də üç əlaməti var: özündən yuxarı məqamda olana tabe olmaz, əlinin altındakına qalib gəlməklə ona zülm edər və zalımları dəstəkləyər».

Həqiqi alimin qəlbi səfehlik və yalandan uzaqdır. Gərək öz elminə əməl edən alimin yolu ilə gedilsin. Öz elminə əməl etməyən alimin nəsihəti yağış damlası düz daşın üzərindən sürüşüb axdığı kimi ürəklərin lövhəsindən axıb gedər. Alimə bənzərlər daha çox azğınlığa səbəb olurlar, hidayətə deyil. Onlar Allahın dini yolunda bir səd və həqiqi, əsl mədəndən din elmini əldə etmək yolunda böyük maneədirlər (Kuleyni, 1/392).

İmam Sadiq (ə) alim üçün ondan bir şey soruşulduqda bilmədiyi təqdirdə «Əllahu ə’ləm» («Allah daha yaxşı bilir») deməsini layiqli xüsusiyyət bilir. Lakin alim olmayan şəxsin bu kəlməni deməsi layiqli deyil. Elm axtarışında olanın da vəzifəsi bilmədikləri haqda soruşmasıdır. İmam Sadiqdən (ə) aşağıdakı hədislərdə oxuyuruq:

«Bu elmin qapısında bir qıfıl var ki, açarı sualdan ibarətdir».

«...Doğrudan da insanlar soruşmadıqları üçün həlak olurlar».

İmam Sadiqin (ə) görüşünə görə elm əhli gərək elm tələbində ixlasa malik olsun, elmi şəxsi mənafeyi üçün deyil, Allahın razılığını cəlb etmək üçün öyrənsin, əməl etsin və başqalarına öyrətsin. İmam Sadiq (ə) bu cür fərdlər barəsində buyurur:

«Hər kim elm öyrənsə və ondan istifadə etsə və o elmi Allah-təala üçün öyrətsə, göylərin mələkutunda həmin şəxsi böyük bilib deyərlər: Allah üçün öyrəndi, Allah üçün əməl etdi və Allah üçün öyrətdi».

Bu bəhsdə qeyd olunmuş hədislər bir daha sübut edir ki, yalnız təlim və tərbiyəyə əhəmiyyət verən bir din cəmiyyətdə öz davamlılığını təmin edə və canlı qala bilər.

 

Nəticə

Hədislərdən belə bir nəticəyə gəlirik ki, əksər hallarda «elm» sözü din elmi mənasında işlənmiş, qalan hallarda da ümumiyyətlə, din məfhumu ilə əlaqəlidir. Dini düzgün anlamaq əksər insanlar üçün elm əldə etmədən mümkün deyildir.

Dinin düzgün başa düşülməsi üçün elm əldə etmək zəruri olduğundan inhirafın ortaya çıxmaması üçün gərək elm mənbəyinin seçilməsinə də diqqətlə yanaşılsın.

Bu bəhsdən əldə etdiyimiz digər bir nəticə ondan ibarət idi ki, yalnız elm və alimə dəyər verən, özünəməxsus təlim-tərbiyə proqramı olan bir din cəmiyyətdə təsirli və qalıcı ola bilər.

 

İlahiyyatçı,Ülviyyə Ağayeva

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 5188, 

Dostların veb səhifələri

15660645
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
773
8276
9049
15493342
135784
160067
15660645

sizin IP ünvanınız: 18.221.240.14
2024-12-23 03:19

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!