Yazar Qələmlər

Bədəxlaqla necə rəftar etməli?

 

Bədəxlaqla necə rəftar etməli?

«(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər» («Ali-İmran» surəsi, ayə 159).

«(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!» («Kəhf» surəsi, ayə 46)

Bir nəfər İmam Rzaya (ə) məktub yazıb soruşur: «Qızıma bədəxlaq bir insan elçi gəlib. Ona müsbət cavab verim, ya yox?» İmam (ə) cavabında deyir: «Əgər bədəxlaqdırsa, qızını ona vermə» («Vərasət və tərbiyət», səh.24, «Vəsailuş-şiə», c.7, fəsil 30, səh.54).

Əksər kişilər rəhbərlik, zəhm və hegemonluq prinsiplərini özlərində daşıyırlar. Bu xüsusiyyətlər özü özlüyündə o qədər də xoşagəlməz deyil. Əksinə, bunlar xanımlarda güvən, arxayınlıq, özünü əmniyyətdə hesab etmək üçün rahatlıq yarada bilən xüsusiyyətlərdir. Lakin bəzi kişilərdə bu xüsusiyyətlərlə yanaşı, bədəxlaqlılıqda olur. Elə məhz bu səbəb olur ki, xanımlar  kişilərdən narazı qalır və onlarla həmsöhbət belə olmaq istəmir. Ümumiyyətlə, istər dindar, istərsə də qeyri-dindar təbəqə, istər müasir, istərsə də geridə qalmış olsun bədəxlaqlılıq bir cəmiyyətdə qəbul edilməyən bir xüsusiyyətdir. Bir sözlə, dinindən, milliyyətindən, irqindən, mənsubiyyətindən asılı olmayaraq bədəxlaq insan məxluqat üçün ən pis nümunədir. İnsan bununla hörmətini, ehtiramını, izzətini, nüfuzunu itirir.

Bədəxlaqlılıq ailədə və cəmiyyətdə narazılıq və münaqişələrə səbəb olur. Bədəxlaqlı insan özünə qazandığı axirət əzablarından əlavə, həm də cəmiyyətdə özünə qarşı nifrət, ikrah, hörmətsizlik və biganəlik qazanır. Bu cür insanlarla ünsiyyət qurmaq istəyən insanlar çox az tapılır. Lakin məcburiyyət qarşısında yaranmış münasibətlərin isə ömrü çox olmur. Çünki insan yaradılışı əzəldən gözəlliyə meyillidir. Hər kəs ətrafında gözəl insanların, hərəkətlərin, davranışların, ümumiyyətlə, təbiətdə hər nə gözəllik varsa, görmək istəyir. Bütün bunlar insan fitrətində olduğuna görədir. Lakin bəzi insanlar özlərini bunlardan məhrum edirlər. Allah özü gözəldir və gözəllikləri də sevir. Hədislərdə oxuyuruq ki, gözəlliyə baxmaq ibadətdir. Elə bu səbəbdəndir ki, insan hər mənada özünü və ətrafındakıları gözəlləşdirməyə çalışmalıdır.

İnsanın bədəxlaq olmasına nə səbəb olur? Axı uca Yaradan hər kəsi məsum və günahsız yaratmışdır. Görəsən, bu çirkinliklər necə yaranmışdır? Sualın cavabı genişdir. Çünki insanın bir şəxsiyyət kimi formalaşması bir çox şeylərlə bağlıdır:

  1. Ailə insanın düzgün formalaşmasında böyük rol oynayır. Əgər ailə üzvlərindən birinin əxlaqında naqislik olarsa, bu mütləq orada böyüyən uşağa öz təsirini qoyacaq. Çünki uşağın beyni, mənəvi və cismani dünyası ağ vərəq kimidir. Bu ağ vərəqə hər yandan ləkə düşə bilər. Bu isə düşən kimi özünü büruzə verəcək. Elə bu səbəbdən də məsumlarımız ailə qurarkən çox diqqətli olmağı tövsiyə etmişlər.
  2. Valideynlərdən başqa digər ailə üzvləri insanın bədəxlaq olmasına təsir göstərə bilər. Əgər bu xüsusiyyət ailə üzvlərinin hətta birində də olsa, valideyn əxlaqi naqislik hiss edərsə, öz övladını bacardığı qədər həmin şəxsdən kənar tutmalıdır. Çünki uşaqda qoyulan pis təsirlər həm özünə, həm də ətrafındakılara öz təsirini göstərəcək.
  3. Cəmiyyət yəni burada olan insanlardan hər hansı birində bədəxlaq hiss olunarsa, uşağı belə insandan uzaqlaşdırmaq lazımdır. Çünki biz onu düzəldənə qədər ya özümüz o xüsusiyyətlərə tutularıq, ya da qarşılıqlı hörmət aradan gedər.
  4. Təhsilsizlik təhsil insanın həyatında böyük rol oynayır. Çünki savadlı insanın bədəxlaqa düçar olması nadir hallarda olur. Ən azından oxuduğu kitablar maarifləndirici və elmi kitablar olduğundan əxlaqının korlanmasına səbəb ola biləcək məlumatları öyrənməyə vaxtı qalmır. Bu səbəbdən də bədəxlaqlılıq daha çox təhsilsiz insanlarda özünü göstərir.

 

Qeyd olunan bütün bu amillər insanın bədəxlaqlığına təsir qoyur. Lakin insan bütün bunlara baxmayaraq, cəmiyyətdə öz əxlaqını qoruyub saxlayaraq ən üstün məqama çata bilər. Necə ki Loğman (ə) demişdir: «Ədəbi ədəbsizlərdən öyrəndim. Baxdım ki, onların ədəbsizliyi çox pis görünür və pis qarşılanır, mən də bunları etmədim». Bununla da o, yüksək ədəb və hikmət göstəricisi kimi Quranın 114 surəsindən birinin adını daşımaq şərəfinə layiq görülmüşdür. Bütün deyilənlərdən belə nəticəyə gəlirik ki, bədəxlaqlılıq insani keyfiyyətlərin ən aşağı təbəqəsidir.

Bədəxlaqlı ər ailədə yaxşı rəhbərlik edə bilməz. Çünki bədəxlaq ər həyat yoldaşının və ailə üzvlərinin bütün hüquqlarını təmin etsə də, bu əxlaqı ilə etdiyi hər bir yaxşılığın üzərinə qalın bir pərdə çəkir. Belə ki bu qalın pərdə onda olan yaxşı xüsusiyyətləri gizlədir. Bu halda bədəxlaq bir ərin xanımının öhdəsinə çox böyük bir vəzifə düşür. Bu da ondan ibarətdir ki, bu xanım səbirli və təmkinli olmalıdır. Əks təqdirdə belə ailə dağıla bilər. Bu isə çox ağır bir nəticəyə səbəb olar. Aqressiv, gərgin və əsəbi, həmçinin bədəxlaqlı həyat yoldaşı əgər ailə mühitində özünü cilovlayıb tənzimləyə bilmirsə, ailəsi dağıldıqdan sonra daha aqressivləşib böyük faciələr törədə bilər. Bu isə nə həmin xanımın, nə də ki ən əsası ailədə böyüyən uşaqların mənafeyinə uyğundur. Çünki ərlə arvad arasında olan anlaşılmazlıqdan, mübahisədən ən çox əziyyət çəkən övladlar olur. Belə bir ailədə ana övladının düzgün, sağlam ruhlu böyüməsini istəyirsə, səbir etməli və həyat yoldaşı ilə yarana biləcək ən kiçik bir mübahisədən belə kənar gəzməlidir.

 

Bədəxlaqlığa aparan yollar

 

  1. Eqoizm (xudpəsəndlik)

Məhz özündən razı insan ətrafında olan insanları kiçik sayaraq onlara pis münasibət göstərər. Hər zaman alçaldaraq məzəmmət edər.

 

  1. Nadanlarla yoldaşlıq

Belə münasibətlərin davamlı olması sonda insanın bədəxlaq olmasına gətirib çıxarır.

 

  1. Bihudə və çox danışmaq

Boş-boş danışıqlarla ömrünü zay edən insan xoş əxlaqdan uzaqlaşar. Çünki özünün lazımsız danışıqlarını hər kəsin biganəliyini gördükcə aqressiyası çoxalar.

 

  1. Çox zarafat etmək

Ümumiyyətlə, çox zarafat münasibətləri ilk əvvəl yaxşı görünsə də, sonralar böyük fəsadlara və anlaşılmamazlıqlara yol açır.

 

  1. İçki

Bədəxlaqlılığı yaradan amillərdən biri də budur. İçki insanı çətin və həlli mümkün olmayan hallara salır. Ayıq halında qəbul etmədiyi pis əxlaqı və mənfi hərəkətləri insan içkili vəziyyətində rahatlıqla həyata keçirir. Bu və ya digər səbəblərə görə içki haramdır.

İmam Rza (ə) buyurur: «Həqiqətən, Allah şərabı onun içənlərin ağlını dəyişdiyi və pozduğu üçün haram etmişdir» («Uyunul-əxbər ər-Rza», c.2, səh.98, «Vəsailuş-şiə», c.25, səh.329).

 

  1. Yoxsulluq

Yoxsulluq bədəxlaqı yaradan amillərdən ona görə hesab edilir ki, özünü hər kəsdən aşağıda görəndə insanlara qarşı kin-küdurət və nifaq yaranır.

Əli (ə) buyurmuşdur: «Oğlum, yoxsulluğa düçar olanın başına dörd müsibət gələr. Özünə əminliyi zəifləyər, ağlı azalar, dinə qarşı laqeydləşər və həyasızlaşar. Odur ki, yoxsulluqdan Allaha sığın» («Cəme-əl-əxbar», səh.110).

 

  1. İşsizlik

Boş-bekar insan nəinki bədəxlaqlılıq hətta daha ağır faciələrə yol açan hərəkətlər edə bilər.

 

  1. Mübahisə

Bədəxlaqın ən çox üzə çıxan halı mübahisədir. Çünki mübahisə insanlar arasında əks fikirlərin, təzad təşkil edən anlayışların toqquşma nöqtəsidir. Bu zaman isə səbir göstərib gözəl əxlaq nümayiş etdirən az tapılar. Ümumiyyətlə, məsumlarımız da mübahisədən çəkinməyi dəfələrlə tövsiyə etmişlər.

 

  1. Günahı təkrar etmək

Təkrar-təkrar edilən günahlar pis əxlaqı insana daimi dost edir.

 

  1. Eyş-işrət məclislərinə getmək

Adətən bu məclislərin əksəriyyəti bədəxlaq olan insanların toplaşdığı məclislər olduğundan insanın müntəzəm iştirakı onu rahatlıqla yoldan çıxara bilər.

 

  1. Naməhrəmlə təklikdə qalmaq

Bu günah da insanın qəlbini qaraldır və bədəxlaqlılığa təkan verir.

 

  1. Yolunu azmışlarla ünsiyyətdə olmaq

Bədəxlaqlılıq özü yolunu azmışların əxlaqıdır. Bu səbəbdən də belə insanlardan kənar gəzmək lazımdır.

 

  1. Çox gülmək

Bərk səslə və çox gülmək də bədəxlaqlılığın göstəricisidir.

Peyğəmbər (s) buyurmuşdur: «Çox gülməkdən həzər edin. Çünki qəlbi öldürür».

 

Bədəxlaqlılıqdan xilas olmağın 10 sirri

 

  1. Allahı yad etmək və Allahdan qorxmaq
  2. Ölümü xatırlamaq
  3. Quranı oxumaq və öyrənmək
  4. Hikmət nuru olan fəzilət sahibləri ilə ünsiyyətdə olmaq
  5. Bilik əhli ilə yoldaşlıq və elmi söhbətlərdə iştirak etmək
  6. Əməlisalehlərlə görüşmək
  7. Ağıllı şəxslərlə ünsiyyətdə olmaq
  8. Köməksizlərə yardım etmək
  9. Yetimlərə qayğı göstərmək
  10. Günah işləməmək

 

İlahiyyatçı, islamşünas - Lalə Zəhrayi

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 5153, 

Dostların veb səhifələri

15660673
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
801
8276
9077
15493342
135812
160067
15660673

sizin IP ünvanınız: 3.145.199.240
2024-12-23 03:27

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!