Yazar Qələmlər

Cavab verilməsi zəruri olan şübhələr

                     

 Cavab verilməsi zəruri olan şübhələr

 

      Artıq peyğəmbərin duası ilə təvəssül etmənin dəlilləri ilə tanış oldunuz və gördünüz ki, Qurani Kərim, peyğəmbər sünnəti və bütün müsəlmanların adət-ənənəsi bu fenomenin qanuni olmasını təsdiqləyir. Lakin bu mətləb ətrafında bəzi şübhələri əldə əsas tutanlar belə güman edirlər ki, bu yolun üzərindəki tikanlar təvəssül yolunu gedənlərin addımlarını ağırlaşdırır. İndi isə burada bəzi şübhələri xatırlayıb onlara ağılasığan və düzgün cavab vərək:

        Birinci Şübhə: Bərzəx aləmi ruhlarla əlaqə saxlamağa mane ola bilərmi ?

             Şübhə:  Bərzəx həyatı elə bir həyatdır ki, onun həqiqətini Allahdan başqa bir kimsə bılə bilməz. Bərzəx təmamilə müstəqil bir aləm olaraq onun varlığına inanır, lakin mahiyyətinin nədən ibarət olduğunu isə bilmirik. Dirilər və ölülər arasında əlaqəyə mane olan bir pərdədir.Allah təala belə buyurur:" Onların arxasındakı bərzəx Qiyamət gününə qədərdir." ( Əl Muminun surəsi, 100-cü ayə ) Bərzəx isə lüğətdğ maniə deməkdir.

Qeyd etdiyimiz bu şübhədə iki əsas nöqtəni vurğulamaq lazımdır:

  1. Bərzəxin həqiqətini Allahdan başqa bir kimsənin bilməsi mümkün deyildir
  2. Bərzəx maniə deməkdir

             

            Yeri gəlmişkən, birinci nöqtəyə müqəddimə olaraq onu demək lazımdır ki, istər dünya həyatı, istərsə də Bərzəx həyatı olsun, bunların həqiqət və mahiyyətini bilmək yalnız Yaradana məxsusdur. Bizim bildiyimiz, başqa sözlə desək, bilmək iqtidarında olduğumuz şey yalnız bu hər iki dünyanın xüsusiyyətləri və təzahürləridir.Dünya həyatı bizə öz zahiri təzahürləri ilə məlum olduğu kimi (insan hər nə qədər elm və texnikada irəliləyirsə bir o qədər bu maddi dünyanın sirləri ona məlum olur) Bərzəx həyatı da bizə yalnız öz təzahürləri ilə məlumdur. Qurani Kərim bu barədə bəzi sirlər və təzahürləri qeyd etmişdir. Şəhidlər, saleh insanlar Bərzəx aləmində qida qəbul edir, Allahın verdiyi nemətlərə sevinir, onların sıralarına hələ qatılmayan şəhidlərə müjdə verir, qorxmamalarını və qəmlənməmələrini bildirirlər.

             Bərzəx həyatı yalnız möminlərə aid olmayıb kafirlər, o cümlədən, Firon və onun ətrafına toplaşan əyanlara da aiddir. Allah təala belə buyurur:"…şiddətli əzab Firon və əhlini haqladı. Səhər-axşam cəhənnəm odu onlara göstərilirdi.Qiyamət günü bərpa olan kimi -"onları ən şiddətli əzaba daxil edin."(deyiləcək) (Ğafir surəsi, 45 və 46-cı ayələr)

             Bərzəx barəsində bu qədər bilməyimiz bizə imkan verir ki, orada olanların əql, şüur və dərk etməyə qadir olduqlarına hökm edək.Buna görə də, vasitə qərar verilən şəxsin şüurlu, aqil və dərrakəli olması kifayətdir.

             İkinci nöqtəyə müqəddimə kimi onu demək lazımdır ki, öz məzhəblərini, nəyin bahasına olursa olsun, dəstəkləyənlər Bərzəx sözünü maniə və iki dünya arasındakı əlaqənin kəsilməsi kimi təfsir etmişlər.Bərzəxin əsl mənası isə vəfat etmiş insanların dünya həyatına qayıtmasına "mane olan" deməkdir.Buna şahid olaraq Qurani Kərim belə buyurur:" Onlardan (kafirlər və müşrüklər) birini ölüm haqlayan kimi deyər:" Mənim rəbbim, məni qaytar ki, tərk etdiyim saleh əməlləri yerinə yetirim." (ona lə deyilər):" Qətiyyən yox! Bu söz yalnız dildədir…(yəni əgər qaytarılsa belə yenə də öz əvvəlki əməllərini edəcək)"be (Əl Muminun surəsi, 99 və 100-cü ayələr)

             "Qətiyyən yox" sözü onların dünyaya qayıtmaq arzularına qarşı verilən cavabdır.Bu cavabın ardı ilə belə buyurur:" Onların arxasındakı Bərzəx Qiyamət gününə qədərdir." ( Əl Muminun surəsi, 100-cü ayə ) Yəni həmin Bərzəx Qiyamət gününə qədər onların qayıtmasının qarşısını alacaq.

             Bu və bu kimi məsələlərdə əvvəlcədən hər hansı bir mövqe tutmaq düzgün nəticəyə yetişməyin qarşısını alır. Deməli, peyğəmbərin duası ilə təvəssül etməyin düzgünlüyünü inkar edən şəxslər, əvvəlcədən, bərzəxin mənasını iki dünya arasındakı əlaqənin mümkün olmaması kimi qəbul etmiş və bu məsələdə öz inanclarını həmin qəbul olunmuş puç əqidə üzərində qurmuşlar.Bu əqidə sahibləri bərzəxi hər hansı bir səsin və görmənin qarşısını alan poladdan düzəlmiş bir maniə kimi təsvvür edirlər.Məlum oldu ki, bu cür əqidənin heç bir əsası və dəlili yoxdur.Qurani Kərim ayələrdən birində iki suyun biri-birinə qarışmamasını belə təsvir edir:" İki müxtəlif (biri şirin, digəri isə şor) və təmas nöqtəsi olan dəryanı biri-birinin yanında qərar verdi.Onların arasında bir bərzəx vardır ki, (suların) biri-birinə qarışmasının qarşısını alır." ( Əl Rəhman surəsi, 19 və 20-ci ayələr ) Lakin alimlər bu iki dənizin arasında heç bir maddi səddin olmasını aşkar etməmişlər.

             İkinci şübhə: Ölüləri eşitdirməyin mümkün olmaması

             Allah təala buyurur:" Həqiqətən, sən ölülərə (öz səsini) eşitdirə bilməzsən…" ( Əl Rum surəsi, 52-ci ayə) ( Əl Nəml surəsi, 80-cı ayə ) Lakin "fə" hərfi olmamaq şərti ilə.

             Başqa bir ayədə belə buyurur: " Sən qəbrdə olanlara (öz sözlərini) eşitdirə bilməzsən." ( Fatir surəsi, 22-ci ayə ) Peyğəmbər dünyasını dəyişəndən sonra ölülərdən biri hesab olunur. Buna görə də dünya əhlindən bir kəsin səsini eşidə bilməz.Lakin buna baxmayaraq, onların bədənləri çürüməz, çünki Allah təala onların bədənlərini torpağa haram etmişdir.Beləcə onlar, ruhları olmayan cəsədlər kimidirlər.

             Bu şübhəni iki hissəyə bölmək mümkündür:

  1. Peyğəmbər dünyasını dəyişəndən sonra ölülərdən biri hesab olunur
  2. Yuxarıda tilavət olunan ayələr qəbrdə olan ruhsuz cəsədlərə aiddir

            

Birinci hissəyə cavab olaraq onu demək lazımdır ki, bu etiqad birbaşa Bərzəx həyatını inkar edir, halbuki Qurani Kərim bəzi insanların ölü adlanmasını tənqid atəşinə tutur: "(Ey peyğəmbər) Allah yolunda qətlə yetirilmişləri ölü güman etmə, əksinə onlar diri və öz rəblərinin yanında qidalanırlar."   ( Ali İmran surəsi, 169-cu ayə )

             Düzdür, Qurani Kərim peyğəmbərə müraciət edərək belə buyurur: " Həqiqətən, sən və onlar öləcəksiniz." ( Əl Zümər surəsi, 30-cu ayə ) Lakin bu ayə təmamilə fani olmağa işarə etməyib, əksinə, ruhun bədəndən ayrılıb başqa bir aləmə köçməsinə işarə edir.

             İkinci hissə barəsində isə onu qeyd etmək lazımdır ki, bu ayələr qəbrdə olan ruhsuz cəsaədlərə aiddir. Doğrudan da, bu cəsədlər bir şey dərk etmir və bir şey eşitmir.Lakin əlaqə bu cəsədlərlə deyil, əksinə əbədi diri olan ruhlarla baş verir. Cəsəd hər nə qədər parçalanıb aradan getsə belə ruh daimən qalır. Elə həmin bu ruhlardır ki, onlara salam və salavat göndərilir, onlar eşidir və cavab verirlər.

             Burada belə bir sual meydana gəlir. Onda nə üçün biz məqbərələrə gedir və qəbr sahibini ziyarət edirik. Cavab olaraq onu demək lazımdır ki, qəbrin ziyarət olunması həmin qəbrdə yatan şəxsə doğru diqqəti artırır və onun sifətləri və xüsusiyyətlərini xatırlamaqda daha yardımçı olur. Halbuki ruhlarla əlaqə saxlamaq, onlara salam göndərmək hətta uzaq bir məsafədən də mümkündür.Belə ki, peyğəmbərə salavat və salam göndərilməsı haqqınnda gələn hədislər bunu daha da təsdiq edir.

             Əhli sünnət alimi və müfəssiri Şəmsəddin ibn Qəyyimin yuxarıda qeyd etdiyimiz iki ayənin təfsirində yazdığı mətninin tərcüməsini sizə təqdim edirik:

             "Allahın " Sən qəbrdə olanlara (öz sözlərini) eşitdirə bilməzsən." ( Fatir surəsi, 22-ci ayə )" sözünə gəlincə qeyd etmək lazımdır ki, ayənın məzmunu göstərir ki, söhbət qəlbi ölmüş kafirdən gedir. Belə ki, qəbrdə olanlara onların faydalana biləcəyi sözü eşitdirə bilmədiyimiz kimi, qəlbi ölmüş kafirə də onun faydalana biləcəyi sözü eşitdirə bilmərik. Əlbəttə, Allah təala bu ayədə qəbr sahiblərinin təmamilə heç bir şey eşitməmələrini demək istəmir! Axı, bu necə ola bilər?! Bir halda ki, peyğəmbər buyurmuşdur ki, onlar cənazə aparanların ayaq səslərini eşidirlər və həmçinin buyurmuşdur ki, Bədrdə öldürülmüş müşrüklər onun sözlərini və müraciətini eşitmişlər. Peyğəmbər ölülərin adi insana verilən salam kimi salamlanmasını qanuni hesab etmiş və buyurmuşdur ki, hər kim öz mömin qardaşına salam göndərərsə cavabını qaytarar.

             Sözü gedən ayə məna baxımından Əl Rum surəsinin 52-ci ayəsi kimidir. Qurani Kərim bu ayədə bele buyurur:  "Həqiqətən, sən ölülərə (öz səsini) eşitdirə bilməzsən. Karlara da, onlar səndən üz çevirib uzaqlaşdıqları vaxt sözünü eşitdirə bilməzsən". Karlarla ölülərin eyni söz biçimində gəlməsi hər iki qrupun eşitmə qabiliyyətindən məhrum olmasına işarədır.Kafir qəlbi daş kimi qəsavət bağladığı üçün heç bir səs və nidanı ona  eşitdirmək mümkün deyildir. Bu, ölü və kar insanlara olan xitab kimidir. Lakin bu mətləb ruhları ( haçansa bədənlə əlaqəsi olduğu üçün ) eşitdirməyi inkar etmir. Bu ayə də sözü gedən mətləbdən təmamilə fərqlənir. Allah daha yaxşı bilir!

             Həmçinin sözünə əlavə edərək İbn Əbd əl Birdən belə nəql etmişdir ki, peyğəmbər buyurmuşdur: "Əgər bir müsəlman dünya həyatında tanıdığı mömin qardaşının qəbrindən sovuşaraq ona salam versə Allah təala salamın cavabını verməsi üçün həmin möminin ruhunu bədəninə qaytarar ". Bu hədis açıq-aşkar göstərır ki, qəbr sahibi salam verəni tanıyaraq cavabını qaytarır.

             Peyğəmbərdən rəvayət olunmuşdur ki, qəbrə qoyulan meyit onu qəbr evinə yola salandan sonra geri dönənlərin ayaq səslərini eşidir.

             Əbu Bəkr Abdullah ibn Übeyd ibn əbi əl Dünya " Əl qubur " kitabında Aişədən belə nəql edir:" Allahın rəsulu belə buyurub:" Əgər bir insan öz qardaşının qəbrini ziyarət edib onun yanında əyləşərsə həmin qəbr sahibi onunla durana qədər mənus olub cavabını qaytarar."

             Həmçinin Əbu Hüreyrə peyğəmbərdən belə nəql etmişdir:" Əgər bir insan tanıdığı bir qardaşının qəbrinin kənarından sovuşaraq ona salam versə, qəbr sahibi onun salamını qaytarar və onu tanıyar.Əgər tanımadığı bir kəsin qəbrinin kənarından sovuşaraq ona salam versə qəbr sahibi onun salamını qaytarar."

             Həmçinin sələfdən indiyə kimi meyitin təlqin edilməsi təzahürü göstərir ki, əgər ölən adam bu təlqindən faydalanmasaydı onda bu İslam adəti əbəs və yersiz olardı.Sonda onu da qeyd etmək yerinə düşərdi ki, bütün əhli-sünnət alimləri meyitin təlqin olunmasını müstəhəb əməl hesab edirlər.

             Üçüncü şübhə: İnsan əməlinin kəsilməsi

             Peyğəmbərdən nəql olunan məhşur bir hədisdə belə gəlmişdir:" İnsan öləndən sonra üç əməldən başqa hər bir əməl ondan kəsilər. Bu, davamlı sədəqə, faydası olan elm və onun üçün həmişə dua edən saleh övlad."

Bu hədisin bizim mətləbə hansı dəxaləti ola bilər?! Bu hədisin ən çox dəlalət etdiyi şey insanın Bərzəx aləminə köçəndən sonra  şəxsən hədisdə qeyd olunan üç şeydən başqa bir əməldən heç bir fayda qazanmamağıdır. Onun birbaşa fayda apara biləcəyi yalnız həmin üç əməldir. Amma ölən şəxsin danışa bilməməsi, başqası barəsində tövbə edə bilməməsi və yaxud da cavab verə bilməyəcəyi barəsində heç bir dəlalət yoxdur.

             Beləcə, şübhələr aradan gedir və bizim isbat etməyə çalışdığımız mətləb isə toxunulmaz olaraq qalır. Bu da ondan ibarətdir ki, həqiqətən də peyğəmbərlər ruhları pak bədənlərini tərk edəndən belə sonra diridirlər və Allahın izni ilə onlarla əlaqə saxlamaq da mümkündür.

             Göründüyü kimi təvəssülü inkar etməyə çalışanlar bəzən  peyğəmbərin həyatını, bəzən isə onunla əlaqənin mümkün ölmamasını, bəzən də bu əməlin əbəs və faydasız olduğunu iddia edirlər. Amma onların bu əməli şirk və peyğəmbərə ibadət kimi hesab etmələrinə gəlincə isə biz bu əməldən Allaha pənah aparırıq! Ötən üç şübhəyə gəlincə isə, artıq onların puç və batil olması aşkar oldu. Bu əməlin şirk hesab olunmasına gəlincə isə, axı, bu necə ola bilər ki, eyni bir əməl peyğəmbərin dövründə monoteizm, lakin onun vəfatından sonra isə şirk hesab olunsun?! Bundan əlavə, peyğəmbərə təvəssül edən insan onun ya Allah və yaxud da Allaha şərik olmasını iddia etmir. Şübhəsiz, ona təvəssül edən insan peyğəmbəri Allah dərgahında böyük məqama malik olan və duası rədd olunmayan saleh bir bəndə kimi qəbul edir.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 5341, 

Dostların veb səhifələri

15659429
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
7833
7422
54976
15456216
134568
160067
15659429

sizin IP ünvanınız: 18.119.158.110
2024-12-22 22:40

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!