Yazar Qələmlər

Ümumbəşər kitab Quran

 

Düzgün dəyərləndirin!

 

Rəhimli və mərhəmətli Allahın adı ilə!

Bu məqalə Ağalar Məmmədovun “Alma” qəzetindəki Quranla bağlı məqaləsinə cavab olaraq yazılıb.

  - Bəzi dırnaqarası yazarlar müqəddəs İslam dinimizin yalnız ərəb qövmünə aid olmasını iddia edən məqalələrlə çıxış ediblər. Qurani-kərimlə dərindən tanış olmayan adı gedən yazarlar bu iddia və iftiraları üçün hətta bəzi Quran ayələrinə də istinad ediblər.

Bu tip yazarlar iki haldan xaric deyillər: onların bir qismi mümkündür ki, bilməməzlik və məlumatsızlıq üzündən belə məntiqsizlik və insaflığa yol versinlər. Bu qism yazarlarla üzləşmək təbii ki, çox asandır. Onları sadəcə məlumatlandırmaq lazımdır. Güman edirəm ki, onlar ən azı “Əbədi nur” jurnalının növbəti bir neçə nömrəsi ilə yoldaşlıq etsələr, öz şübhə və iradlarına düzgün, qaneedici cavablar tapacaq. Hidayətçi Tanrının lütfü nəticəsində haqq yola yönələcəklər.

İkinci qism yazarlar isə müqəddəs İslamı öz mənafelərinə zidd görən və ya hər hansı bir məqsədlə bu dinin ən azı müsəlman Azərbaycan Respublikasında rövnəqdən düşməsini istəyən qərəzli yazarların olması ehtimalını verir. Bu qism yazarları isə qərəzləri ilə birgə qüdrətli və əzəmətli Tanrıya tapşırırıq.

“Onlar Allahın nurunu (dəlillərini, İslam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər” (“Tövbə” surəsi, ayə 32).

 

Sonuncu din İslam

İslamın sonuncu din olması hamıya bəllidir. Müsəlmanların inanclarından biri də elə İslamın sonuncu din olmasıdır. Bu məsələdə heç bir məzhəblər arasında da ixtilaf yoxdur. Belə ki, bütün məzhəblər bu məsələdə müştərək əqidəyə malikdirlər. Çünki bu inancla bağlı “Qurani-kərim”in açıq-aydın bəyanı var:

“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (“Əhzab” surəsi, ayə 40)

Ulu Tanrı dinləri məhz peyğəmbərlərin vasitəsilə göndərmişdir.Elə bu səbəbdən peyğəmbərlərin sonuncusu elə dinin kamilliyi deməkdir. Müqəddəs İslam dininin sonuncu din olması ilə o dinin ümumbəşər bir din olması arasında inkarolunmaz əlaqə var. Başqa sözlə desək, İslam dini əgər sonuncudursa, hökmən ümumbəşər din olmalıdır. Əks təqdirdə Allahın ədalət sifəti ilə ziddiyyət yaranacaqdır.

Əgər Allah adildirsə, öz sonuncu dinini hansısa xas bir millətə deyil, bütün bəşəriyyət üçün  göndərməlidir. Çünki Allahın hansısa bir dini göndərməsi, Onun öz məxluqatı ilə ünsiyyət yaratması və onları haqq yola hidayət etmək istəməsi deməkdir. Bu ünsiyyət və bu istək yalnız ərəb milləti kimi hansısa xas bir millətə aid olarsa, bu Allahın ədalətsizliyi deməkdir. Çünki başqa millətlərin də o mənəvi qidadan bəhrələnməyə haqqları olduğu halda bu haqq onlara verilməmişdir. Bu isə Allah-təalanın zülmkar olması iddiası ilə nəticələnəcəkdir. Allahın zülmkar və ədalətsiz olması isə nəinki təkcə İslamda, hətta başqa bütün dinlərdə belə qəbul edilməmişdir.

Belə ki, qadir Allah öz maddi nemətlərini bütün bəşəriyyət üçün heç bir fərq qoymadan onlara bəxş edirsə, axı niyə görə mənəvi nemətlərə çatdıqda onları hansısa xas bir qövmə və millətə əta etməlidir?!

Günəş, ay, gündüz, gecə, su, hava hamı üçündür... elə isə bəs niyə görə din hamı üçün deyil, müəyyən qövm üçün olmalıdır? Bu bölüm Ulu Tanrımızın ədaləti ilə uyğun gəlirmi?

Xülasə, biz də bütün başqa insanlar kimi İlahinin ədalətli olmasına yəqin edərək bu qənaətə gəlirik ki, İslam dini heç də yalnız ərəb millətinə məxsus deyil, əksinə, o, bütün bəşəriyyəti zülmət və cəhalətdən xilas etmək üçün göndərilmişdir.

Maraqlısı budur ki, İslamın ümumbəşər din olması tezisi o dinin konstitusiya kitabı sayılan Qurani-kərimdə də öz əksini tapmışdır.

 

Ümumbəşər kitab Quran

Qurani-kərimin heç bir ayəsində tapa bilməzsiniz ki, Allah öz muxatablarına “yə əyyuhəl-ərəb” (“ey ərəblər!”) deyə müraciət etsin. Amma 21 ayədə 21 dəfə onlara “ya əyyuhən-nas” (“ey insanlar!”) deyə müraciət etmişdir. Məsələn:

“Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqvalı olasınız!” (“Bəqərə” surəsi, ayən 21)

“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” (“Nisa” surəsi, ayə 1).

“Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, Qiyamət gününün zəlzələsi dəhşətli şeydir!” (“Həcc” surəsi, ayə 1)

“De: “Ey insanlar! Mən sizə açıq-aşkar bir xəbərdarlıq verənəm” (“Həcc” surəsi, ayə 49).

“Ey insanlar! Şübhəsiz ki, Allahın (Qiyamət barəsindəki) vədi haqqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!” (“Fatir” surəsi, ayə 5)

Bu tərzdə olan müraciətlər Qurani-kərimin ümumbəşər bir kitab olmasına açıq-aydın işarələrdəndir.

Başqa bir ayədə isə Peyğəmbərin (s) bütün bəşəriyyət üçün “nəzir” (“xəbərdarlıq edən”) olması “nəzirən lil bəşər” (“O, bütün bəşəriyyətə xəbərdarlıq edəndir”) kəlməsi ilə bəyan olunur (“Muddəssir” surəsi, ayə 36).

“Ənam” surəsinin 19-cu ayəsində isə Quranın ümumbəşər bir kitab olması prinsipi elə formada açıqlanmışdır ki, artıq heç bir kəsə bu məsələdə şəkk-şübhə yeri qoymamışdır. Buyurur: “De: ...Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu...”

Gördüyünüz kimi bu ayədə Quranın nazil olma hədəfi ərəblərlə yanaşı, o Qurana gələn dövrlərdə əl tapan insanların da onun vasitəsi ilə xəbərdarlıq edilib qorxudulması qeyd edilmişdir.

 

Ərəbi Quran

Dilşünas alimlərin nəzərincə bəzi sözlər müəyyən zaman keçdikdə müəyyən amillərin təsiri nəticəsində öz əsl mənalarını itirib özlərinə yeni bir məna götürə bilirlər. Azərbaycan dilindəki “meyxana” sözü kimi. Belə ki, “meyxana” sözü qədim Azərbaycan ədəbiyyatında mey və şərab içilən, eyş-işrətlə məşğul olunan məkanlara deyilirdisə, bu söz bu gün öz mənasını itirib və müəyyən bir şeir növü (meyxana) mənasını ifadə edir. Ərəb dili də bu qanundan müstəsna deyildir. Bu dildə də bəzi sözlər Quranın ilkin nazilolma illərindəki mənalarını itirib yeni mənalar verirlər. O sözlərdən “səlat”, “zəkat” və bu kimi bir neçə kəlmələrə işarə etmək olar.

Bu kəlmələrdən biri də “ərəbi” kəlməsidir. Bu kəlmə hal-hazırda Ərəbistan yarımadasında yaşayan insanların rəsmi dili mənasını daşıyır və bu günlər bu kəlməni eşitdikdə hər hansımızın gözümüzün önündə müəyyən bir dil (ərəb dili) cilvələnir. Amma görəsən İslamın ilk illərində və Quranın nazilolma dövründə də “ərəbi” sözü eyni mənanı ifadə edirmiş?

Bu məsələni aydınlaşdırmağın yollarından ən əsası lüğət kitablarına, xüsusən də, qədim lüğət kitablarına müraciət etmək və bu kəlmənin mənasını orada axtarmaqdır.

Biz bu axtarışda belə nəticəyə gəldik ki, İslamın ilkin illərində bu kəlmənin əsas mənası “açıq və aydın” imiş. Birlikdə bir neçə lüğət kitabını nəzərdən keçiririk:

“O, ərəbcə söhbət etdi” yəni, “Açıq və aydın söhbət etdi”.

“O, ərəb dillidir” yəni, “Aydın bəyanlıdır” (“Kitabul eyn”, c.2, səh.129).

Gördüyümüz kimi, bu qədim lüğət kitabında “ərəb” sözü “açıq və aydın” mənasını daşıyır.

Quranın “hukmən arabiyyən” ayəsinin mənasında belə deyilib:

Elə açıq və aydın bir hökmdür ki, haqqı qüvvətləndirib batili isə məhv edəndir(“Mufrədati Rağib”, c.1, səh.587).

“Ərəb” sözünün üç əsas mənası var. Onlardan birincisi elə “açıq və aydın”dır. Və ehtimalı var ki, ərəb qövmünü də dillərinin çox açıq və aydın dil olmasına görə “ərəb” adlandırıblar (“Ət-təhqiq fi kəlimatil Quranil kərim”, c.8, səh.72).

Olunan söhbətlərin hamısını nəzərdə tutub belə nəticə alırıq ki, “Biz Quranı ərəbi nazil etdik” deyil, əslində “Biz Quranı açıq və aydın surətdə nazil etdik” deməkdir. Bu da o da deməkdir ki, Allah-təala heç də Quranı ərəb dilində nazil etdiyini xüsusi ilə vurğulamamış və buna təkid etməmişdir. Elə isə bu prinsip də Quranın ümumbəşər bir kitab olma sübutlarından biri ola bilər.

O ayələrdən bəziləri belədir:

“(Ey Məkkə əhli!) Biz onu açıq və aydın bir Quran olaraq nazil eydik ki, (mənasını) anlayasınız” (“Yusif” surəsi, ayə 2).

“(Ya Rəsulum!) Biz onu açıq və aydın Quran olaraq nazil etdik. Biz orada təhdidləri təkrar-təkrar izah etdik ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər, yaxud ibrət alsınlar!” (“Ta-ha” surəsi, ayə 113)

“Biz (onlara) nöqsansız-qüsursuz açıq və aydın bir Quran nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər” (“Zumər” surəsi, ayə 28).

 

İslama sərhəd yoxdur

Bildiyiniz kimi bəzi mövzular var ki, müəyyən bir zaman və məkana sığmırlar. Yəni buna onların təbiəti yol vermir. Misal üçün elmi məsələləri nəzərinizdə tutun. Yunanıstanda hansısa bir elmi kəşf olur, az bir zamanda bütün dünyaya yayılır. Avropada hansısa bir alim nəsə yəni bir ixtira edir, çox keçmir ki, həmin ixtiranın nümunələri Asiyada, Afrikada geniş yayılır.

Bugünkü elmi inkişaflar və tərəqqilərin hamısı özlərini keçmiş kəşflərə borclu bilirlər. Bu gün bir alim yeni bir kəşf edirsə, bu o demək deyil ki, bu alim keçmişdə deyilənlərə heç bir əlaqəsi olmadan, birdən-birə, yoxdan nə isə ortaya çıxarır. Xeyr, bu belə deyil. Bugünkü elmin dünənki elm ilə sıx əlaqəsi var. Bugünkü elm öz əsaslarını keçmişdən alır. Bu da o deməkdir ki, elm heç bir zaman və dövrana bağlı ola bilməz. Elmin təbiəti belədir, o, ölməz və əbədidir.

Həmçinin, elm hansısa müəyyən məkana da bağlı ola bilmir. Avropada hansısa dəqiq elm varsa, o elm get-gedə Asiyaya da gəlib çıxır. Hamı onu iftixarla mənimsəyə çalışır və onu öz haqqı bilir. Heç kim demir ki, bu elm Avropada kəşf olunduğuna görə Avropada qalmalıdır. Heç kim də demir ki, bu elm Avropada yarandığına görə avropalılara məxsusdur.

Bir elmin hansısa bir müəyyən coğrafiyada yaranması o elmin məhz o coğrafiyaya məxsus olması demək deyildir. Elm sərhəd tanımayan mövzulardandır.

Din də eyni ilə belədir. Siz baxın, xristianlıq ilk dəfə Şərq ölkələrində (Fələstində) yaranıb, amma buna baxmayaraq bu gün bu din bütün Avropanı əhatə edir. Heç bir xristian da o dinin ilk dəfə Şərq ölkəsində yaranmasına etiraz etmir, əksinə o dinə səmimi qəlblə inanır və tam inamla ona qulluq edir.

Sonuncu din sayılan müqəddəs İslam dini ilk dəfə Ərəbistanda yaranmasına baxmayaraq, hal-hazırda bütün dünyanı ağuşuna almaqda davam edir. Bu heç də qeyri-adi bir şey deyil. Çünki din fitri bir məsələdir və fitrət isə yalnız ərəblərdə deyil, bütün insan adlanan varlıqlarda mövcuddur.

Bir az diqqətlə baxanda İslam dininin Ərəbistanda yaranıb deyə yalnız ərəblərə məxsus bir din olmasını iddia edənlərin sonsuz dərəcədə nadan olmaları nəzərə gəlir.

Mənim fikrimcə, belə yazarların nəinki dindən, hətta dünyadan belə xəbərləri yox imiş.

 

İlqar Həşimov

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4826, 

Dostların veb səhifələri

15659100
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
7504
7422
54647
15456216
134239
160067
15659100

sizin IP ünvanınız: 18.118.19.89
2024-12-22 22:06

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!