Quran Elmləri

Təfsir elmi

 
(3 votes)

Təfsir elmi

 

“Təfsir” elminin lüğətdə tərifi belədir: “Təfsir elmi Quranın mənasını nəzmlə (ayələrini bir-birinə bağlılığını) hər dövrə uyğun, ərəb-dili qaydalarından istifadə edərək bəhs edən bir elmdir”.

Digər bir tərifi də belədir: “Təfsir İlahi kəlamın necəliyini və ayələrin nəyə dəlalət etdiyini aydın izah edən bir elmdir”.

Ən dəqiq tərif isə budur: “Təfsirin əsl mənası kəşf və izhar (aşkar) etməkdir, yəni, ayələrdəki mənaları aydın və hissə-hissə, mərhələlərlə açıqlamaqdan ibarətdir”.

 

“Təfsir”- kəlməsi Quranda bir dəfə gəlmişdir:

 

وَلَا يَأْتُونَكَ بِمَثَلٍ إِلَّا جِئْنَاكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا 

“Onlar sənin (peyğəmbərliyinə tənə vurmaq) üçün (sehrbaz, şair, əfsanə söyləyən və bu kimi) hər nə məsəl və sifət gətirsələr, Biz (cavabında) sənin üçün həqiqəti və daha gözəl izah, açıqlama gətiririk”. ("Furqan" surəsi, ayə-33)

 

İslam alimləri qeyd edirlər ki, təfsir elmini yaxşı bilmək üçün ərəb elmlərini, əsasən də sərf və nəhv elmlərini kamil surətdə qavramaq lazmdır. Həmçinin, ərəb ədəbiyyatı, üsuli-fiqh, üsuli-kəlam, elmul-cədəl, fiqh və hədis, xəbər, ərəb şerləri (cahiliyyət dövrünün şerləri), peyğəmbərlərin həyatı və bir neçə digər elmləri də tanımaq zəruridir. Mümkün deyil bir nəfər bu elmləri bilmədən təfsir elmində öz təsniflərini yazsın. Məxsusən də lüğət, əxlaq, nəhv və təsrif, elmi-nəzər, bəlağət və sinaət (şerdə) kimi elmlərin bu sahədə çox faydası var.

Təfsir elminin mövzusu Allah kəlamından ibarətdir və bu mövzü ən şərəfli və üstündür. Bu elm barəsində müxtəlif təriflər izah olunmuşdur, o cümlədən, “Məfatihul-səadə” kitabının müəllifi qeyd etmişdir ki, təfsir elmi yetmiş elmi əhatə edir və təfsirlə bəhs edən şəxs gərək bu elmlərin hər birinin alimi olsun. Həmçinin hər hansı bir alim bu elmləri tam mənimsədikdən sonra onların hər birinin barəsində öz nəzərini bildirməli və bəhs etməlidir. Bundan başqa digər alimlərlə müzakirələr aparmalıdırlar. Sadalanmış bütün bu elmlər təfsirə görə silsiləvi şəkildə bir-birinə bağlıdırlar. Əgər bu elmlərdən hər hansı birində mütaliə cəhətindən zəiflik olsa, mütləq təfsirdə özünü göstərəcək. Təfsir geniş və əhatəli bir elmdir.

Təfsir mənbələri

Təfsir elmi ilə bağlı araşdırma aparmaq üçün ilk öncə təfsir mənbələri ilə tanışlıq lazımdır. Aydındır ki, İslam elmlərindən biri təfsirdir və bu elmin çox əhəmiyyəti var. Digər elmlər təfsirin gölgəsində inkişaf etmiş elmlərdir.

Qurani-Kərim tək kitabdır və onu təfsir etmək ilk öncə Peyğəmbərin (s) öhdəsində olmuşdur. Peyğəmbərin (s) yalnız vəhyə məmur olmasını deyə bilmərik, çünki, Allahın əmrlərindən biri də bu idi ki, Peyğəmbər (s) vəhyi insanların başa düşəcəyi tərzdə onlara çatdırsın. Allah Təaladan Peyğəmbərinə (s) gələn “Quranı oxu və onlara izah et” və yaxud “Biz Quranı nazil etdik ki, sən onu açıqlayasan” nidaya əsasən artıq məlum olur ki, Peyğəmbərin (s) vəzifəsi fəqət Quranı oxumaq deyil, həm də onu izah etmək idi. Necə ki, Qurani-kərimdə Allah Təala buyurur:

 

بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

 

“Biz onları (peyğəmbərliklərinin doğru olduğunu sübut edən) açıq-aşkar möcüzələr və kitablarla göndərdik. Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (" Nəhl surəsi, ayə-16)

Peyğəmbər (s) Quranın ilk müfəssiridir və Quranın təfsiri həzrətin (s) öz yaşadığı zamandan başlayıb. Aydındır ki, Peyğəmbərin (s) dövründə Quranın təfsiri həzrətin (s) özündən soruşmaq idi. Belə ki, ayə nazil olan zaman onu insanlara bəyan edirdi və həmin izah təfsir idi. Peyğəmbərdən (s) ayə barəsində sual olunduqda, o da cavab verirdi və həmin cavab isə hədis idi. Həzrətin (s) zamanında təfsirlə hədis eyni idi. Sonrakı dövlərdə isə hədis əsasında təfsirlər meydana gəldi, yəni, yalnız hədislərdən ibarət bir sıra təfsirlər yazıldı. Həmin təfsirlərdə nazil olan hər hansı bir ayənin barəsində hədislər qeydə alınmağa başladı. Beləliklə, bu təfsir üslubu tarixdə “Təfsiri-rivayi” adı ilə tanındı, yəni, rəvayətlər əsasında yazılmış bir sıra təfsirlər. Bu təfsir üslubunda daha ayənin mənasını, lüğətini araşdırmağa ehtiyac yox idi. Hətta, izahını da ayrı üsullarla qeyd etmirdilər. Ancaq bir ayənin haqqında gələn mötəbər hədis əsas götürülürdü, məsələn, filan ayə haqqında imam Baqirdən (ə) filan hədis var, əgər mənalar həmin hədisdə açıqlansaydı ayrı izaha ehtiyac yox idi. “Təsiri-rivayi” bu üsülla yazılmışdır, yəni, rəvayət və hədis əsasında yazılmış təfsir. Həmçinin, bu təfsir etibar baxımından meyar idi və onun təsdiqlənməsində mötəbər şəxslərin şahidliyinin də iştirakı olmuşdur.

“Təfsiri-rivayi” əsasən 3 ədəddir: İkisi əhli-şiədə, biri isə əhli-sünnədədir. Bu təfsirlər çox tanınmış mötəbər təfsirlərdir.

Əhli-şiədə iki “Təfsiri-rivayi” var:

1- “Əl-Burhan fi təfsiril-Quran”, 5-cilddən ibarətdir. Müəllifi; Seyyid Haşim Bəhrani

2- “Nurus-Səqəleyn”, 5-cilddir. Müəllifi; Şeyx Əbdul-Əli ibni Cumeyi Ərusi-dir.

O, 1700 Miladi ilində dünyasını dəyişib. Adətən bu təfsirə daha çox müraciət edirlər, çünki, çox səliqəli yazılıb. Müəllifin özünün təfsir hədisləri ilə tanışlığı çox olduğundan izahları aydın və silsilə ilə yazıb. Şeyx Əbdul-Əli ibni Cumeyi Ərusi məxsusən təfsir alimi idi və ona görə də hədisləri ayələrlə təbir etməyə xüsusi diqqət etmişdir. Əgər bir şəxs hər hansı bir ayənin haqqında hədisin olub-olmamasını bilmək istəsə, gərək “Nurus-Səqəleyn"ə müraciət etsin.

Əhli-sünnədə bir təfsiri-rivayi var:

1- “Əd-Durrul-mənsur”- mənası (durr-mirvari, mənsur-səpələnmiş) səpələnmiş mirvari deməkdir. Müəllifi; Cəlaləddin Əbdur-rahmən Siyuti.

Əhli-sünnədə hədis axtarışı etmək istəyən hər kəs bu təfsirə müraciət edə bilər. Hətta, “Təfsiri-Mizan”-da gələn hədislər əhli-sünnədə “Əd-Durrul-mənsur”-dan, əhli-şiədə isə “Nurus-Səqəleyndən” əxz olunub.

Digər rivayi təfsirlər (əhli-şiə)

İkinci dərəcəli rivayi təfsirlər

Rəvayət əsasında yazılmış bir neçə təfsirlər də var və ibarətdir:

1- “Təfsiri-Qummi”.   Bu təfsir yalnız imam Baqir (ə) və imam Sadiqin (ə) hədislərindən ibarət olan bir təfsirdir. Ali-İmran surəsinin 49-cu ayəsinə qədər imam Baqirdən (ə), sonra isə imam Sadiqdəndir. Bu təfsirin müəllifi Əli ibni İbrahim Qummidir və ona görə adına “Təfsiri-Qummi” deyilir. Əli ibni İbrahim Qummi şiənin böyük alimlərindəndir və mərhum Kuleyninin ustadı olub. “Üsuli-Kafi”-də hədislərin əksəriyyətinin sənədi belədir, Muhəmməd ibni Yəqubi Kuleyni ən Əli ibni İbrahim. Adətən də hədisləri öz atasından nəql edib, məsələn, ən Əli ibni İbrahim ən əbi.....  Hədis mənbələrində bu cür termin var. Hər ikisi şiənin böyük alimləri olublar. Tərcumeyi halı kitabxanalarda mövcuddur. Adətən hədislər hədis kitablarında nəql olunur. Lakin bu üsul mötəbər deyil, çünki, bu yolla hədisin bizə gələn sisiləsi qırıqdır. Məsələn, biz necə cürət edib Üsuli-Kafidən hədis nəql edə bilərik? Yaxud da həmin kitabın dəqiq Üsuli-Kafi olduğunu necə bilə bilərik? Belə məsələdə icazə mütləqdir. Məsələn, Şeyx Kuleyni öz tələbəsinə icazə verib və deyib ki, filan nüsxə Üsulu-Kafidəndir və ya ona dəlalət edir. O bunu ya oxuyub özü tətbiq edib, ya da cələsə dərslərində eşidib. Beləliklə, hədisin nəql olunmasına icazə verilib, həmçinin o da öz tələbəsinə icazə verib və bu icazə davamlı olaraq hal-hazırda yaşayan mühəddisə çatıb.

İcazə iki cürdür:

1- “İcazeyi fil ictihad”- bu icazə fiqh sahəsində alimə verilir ki, sən müctəhidsən.

2- “İcazeyi fil hədis” - bu icazə isə hədis bölməsində verilir ki, filan hədisləri nəql edə bilərsən (hədislərdə nüsxə ixtilafları olduğu üçün dəqiqilik lazımdır)

Hədis alimləri də öz tələbələrinə hədis nəql etmək icazəsini verirlər (yəni, alimin kitabxanasında olan hədis kitabları, hansı ki, alimə də öz ustadı icazə verib). Şeyx Kuleyni hədisi silsilə ilə nəql edib. Kitabda olmasa da, hədisdə ona silsilə ilə hədis nəql etmək icazəsi verilib. Təsiri-Qummiyə diqqət etsək onun təfsiri-rivayi olduğunu açıq görərik. Gözəl, əxlaqi hədislər çoxdur, amma Təfsiri-Qumminin bir sıra hədisləri zəifdir, yəni, sonradan o təfsirə əlavələr olunub və gərək diqqətlə araşdırılıb digər mənbələrlə müqaisə olunsun. Həmçinin, başqa hədislərlə sənədi araşdırılmalı və uyğunlaşdırılmalıdır.

2- “Təfsiri-Əyyaşi”.   Müəllifi:  Şeyx Muhəmməd ibni Məsud Əl-Əyyaşi (vəfatı; Hicri-Qəməri-320, əhli-şiə alimlərindəndir), 3-cü əsrin alimlərindəndir. Bu təfsir rəvayət əsasında yazılmış təfsirdir.

Əyyaşinin təfsiri nəqli təfsirdir və bu təfsirin iki problemi var:

1- Təfsir müəllifin tərəfindən tam yazılıb, lakin sonradan naməlum bir şəxs bu təfsirin sənədlərini aradan aparıb. Məqsəd də bu olub ki, hədisin sənədi camaatın əlində olmasın və rahat istifadə edə bilsinlər, ancaq hədisin mətni qalıb. Hədis əsasında qalan təfsirlərə “mürsəl” hədslər deyilir. “Mürsəl”- yəni, sənədi olmayan. Bu, təfsiri etibardan salan böyük problemdir. Hal-hazırda bizim əlimizdə Təfsiri-Əyyaşi yoxdur və müxtəsər Təfsiri-Əyyaşı var.

2- İkinci problemi isə onun kamil şəkildə əlimizdə olmamasıdır, yəni, bir hissəsi bizə gəlib çatıb. Müəllif tərəfindən kamil surətdə yazılsa da hal-hazırda bu təfsir bütövlükdə mövcud deyil. Bunlar ikinci dərəcəli rivayi təfsirlərdir.

3- “Ət-Tibyan fi təfsiril-Quran”. Tibyan təfsirini Şeyx Tusi (385-460 Hicri ili) yazıb. Əbu Cəfər Muhəmməd ibn Həsən Tusi. Bu təfsir əhli-şiənin möhtəvalı və ətraflı yazılmış ilk təfsiridir. Hərtərəfli yazılması bu mənadadır ki, yəni, təfsirdə həm araşdırma var, həm nəzəriyyə var, həm təhlil və təhqiq var. Fəqət nəqli deyil və nəqli intiqatda bir dənə camei-təfsirdir (əhatəli).

 

Təfsirin növləri

 

Təfsir iki cürdür; tərtibi təfsir və mövzu üzrə təfsir.

1- Təfsiri-tərtibi - yəni, Quran əvvəldən axıra qədər tərtiblə izah olunur.

2- Təfsiri-mozui - yəni, Qurandan bir mövzu nəzəriyyəsi.

Bildiyimiz kimi Qurani-Kərim bir mövzunu bir yerdə cəm etməyib. Ayələrə diqqət etsək, haqqında danışılan hər hansı bir mövzunun bir neçə yerdə gəldiyini açıq görərik. Mövzuların bu şəkildə gəlməsi insanların hidayəti üçündür. Təfsiri-mozui - yəni, Quranın klassik bəyan üslubu və bu üslub hal-

hazırkı zəmanəmizdə çox əhəmiyyət kəsb edir. Çünki, qeyri-müsəlmanlara təfsirin əslini yalnız bu yolla başa salmaq mümkündür və zəruridir. Mövzu əsasında ayələri tanıtdırmaq daha təsirlidir. Təfsiri-tərtibidə nizam üslubu daha çox nəzərə çarpır. Quranın başlanğıcından sonuna qədər nazil olan ayələr ard-arda izah olunur. Təfsiri-tərtibi bir növ təfsiri-mozuinin müqəddiməsi sayılır, bu mənada ki, hər hansı bir mövzunu təfsir edərkən onun tərtibinə də baxmaq lazımdır və həmin ayənin zamanı, səbəbi, özündən əvvəlki və ya sonrakı əlaqəli ayələrin düzülüşünə baxılmalıdır. Çünki, tarixə diqqət etsək, təfsiri-mozuidə müsəlmanların mənfi nəzəriyyələrinin şahidi olarıq. Bəzi müsəlman alimləri təfsiri-mozuidə bir ayənin yerinə başqa bir ayəni deyiblər. Elə bu səbəbdən də təfsiri-mozuini oyrənmək üçün əvvəlcə gərək təfsiri-tərtibini diqqətlə oxuyasan. Xülasə, hər ikisini tam şəkildə oxuyub təhqiq etmədən təfsir elmini mənimsəmək mümkün deyil.

Birinci dərərcəli Təfsiri-mozui kitabları

1- “Biharul-Ənvar”, müəllifi-Əllamə Məclisi

2- “Mənşur-Cavid” (müasir təfsir)- 12 cilddir. Cəfər Sübhani.

3- “Bəyanul-Quran”, Mövlana Mufti Əbdul-Vəhid Sahib.

4- “Təfsiri-mozui”, Cavad Amuli

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 


 6952, 

Dostların veb səhifələri

15660785
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
913
8276
9189
15493342
135924
160067
15660785

sizin IP ünvanınız: 18.219.127.59
2024-12-23 03:56

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!