Quran Elmləri

Quranda dəstnamaz

 
(2 votes)

                                                                                                        Dəstəmaz

Dəstəmaz - üzü, iki əli yumaq, başa və ayaqlara məsh çəkməyə deyilir. Müəyyən şəraitdə ibadət sayılır.

İslamda vacib edilən bir çox ibadət və dini ayinlər iki cəhətdən böyük əhəmiyyət daşıyır. Birinci cəhət onun insanı Allaha yaxınlaşdırması , mənəvi yetginliyi, ikinci cəhət isə ictimai mühitə və ya insanın öz sağlamlığını təmin etməsidir. Namaz, oruc, dəstəmaz, qüsl və s. bu qəbildəndir.

                                                                                       Quranda dəstəmaz haqqında

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun... Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə şükür edəsiniz!” (Maidə 6)

Elmi sirləri

Dəstəmazın elmi və mənəvi faydaları haqqında hədislərdə və bir çox elmi əsərlərdə mühüm məqamlara toxunulmuşdur.

1. Rəvayətlər.

İmam Rzadan (ə) nəql olunmuşdur:

“Dəstəmaz bunun üçündür ki, bəndə Allah qarşısında pak və danışmağa hazır olsun. Mövlasının əmrinə tabe olub çirkinliklərdən, murdarlardan təmizlənsin. Əzginliyi aradan getsin. Yuxusu qaçsın...”

2. Şəxsi təmizliyi namaza daxil etmək.

Bəzi həkimlər yazırlar:

“Bir çoxlarının fikrincə təmizlik zövqə, fərdin iqtisadi durumuna bağlıdır. Quranda isə müntəzəm surətdə təmizlik işi aparmaq bir dini zərurət olaraq göstərilmişdir”.

3. Dəstəmazın insan sağlamlığında rolu.

Bəzi həkimlər yazırlar:

“Əgər dərinin sağlamlığı haqqında son elmi nailiyyətlərə nəzər salsaq, o zaman dəstəmazın əhəmiyyəti anlaşılacaq. Dərinin sağlamlığı ilk növbədə bədənin, xüsusilə açıq yerlərin yuyulmasından, təmiz saxlanılmasından asılıdır. Dərinin davamlı olaraq yuyulması tər vəzilərinin tər ifrazını asanlaşdırır”.

                                                                                        Dəstəmazın gigiyenik faydaları

“Dəstəmaz əllərin çirklənməsindən törəyən bir çox həzm xəstəliklərinin qarşısını alır. Bu xəstəliklərin təhlükəlisi yoluxucu xəstəliklərdir (vəba, qarın yatalağı, mədə iltihabları,qida məhsullarından zəhərlənmələr və s.). Bundan başqa qan dövranına və s. müsbət təsir göstərir”.

Alimlərdən biri yazır:

“İslamda göstərilən dəstəmaz eynilə masaj (isveç masajı) xarakterinə malikdir. Çünki bədənə soyuq su dəydikdə, həmin üzv soyuyur. Qan soyuyan üzvə doğru surətlə hərəkət edir və bədənin itirilən təbii hərəkətini qorumağa çalışır. Qan dövranını sürətləndirir, nəticədə insan gümrah və sağlam olur”.

Dəstəmazın hansı su ilə (soyuq, pak və s.) alınması, burunu, ağzı yaxalamaq, dəstəmazdan öncə dişləri yumaq və s. bu kimi məsələlər haqqında hədislərdə maraqlı gigiyenik məqamlara toxunulmuşdur ki, ixtisar məqsədi ilə burada qeyd etmirik.

 Dəstəmaz hökmünün zəruri dini ayin olaraq vacib olunması səmavi dinlərin insanlara təmizliklə yanaşı, daxili nurluluğu, səciyyəvi mənəviyyatı da özündə cəmləşdirən ərməğandır.

  Nəticə

 Öncə də qeyd olunduğu kimi əlləri və üzü yumaq insanların gündəlik proqramlarında mövcud olmuş, bəzi dinlər tərəfindən isə dəstəmaz olaraq vacib edilmişdir.   Deməli, bunu Quranın elmi möcüzəsi hesab etmək olmaz (qeyd etmək lazımdır ki, İslamda göstərilən dəstəmaz, digər dinlərdə göstərilən dəstəmazla müəyyən   baxımlardan fərqlidir).

1. Dəstəmaz bir dini ibadətdir. Onu sadə masaj və ya yuyunma həddinə düşürmək yolverilməzdir. Doğrudur, onun gigiyenik xüsusiyyətlərinə göz yummaq olmaz.       Lakin bu dəstəmaza bir tərəfli yanaşmaya səbəb olmamalıdır.

2. Dəstəmazın elmi sirləri onun vacib olunması səbəblərindən ola bilər. Lakin bu      heç də tam səbəb deyil. Burada digər səbəblərin (xüsusilə mənəvi səbəblərin)     mövcudluğu da ehtimal olunur.

Qüsl 

Qüsl İslamda bir ibadət olaraq göstərilmişdir. Öncə də qeyd olunduğu kimi bu növ ibadətlərin iki mühüm cəhəti spesfikdir; ibadət və sağlamlıq. Quranın bir çox ayələrində pak insanlar mədh olunur və Allahın istəklisi kimi göstərilir. Qüsl “təharət” (paklıq) deyə alınır. Quranda bir neçə vəziyyətdə qüsl etməyin zəruri olduğu bildirilir.

Birinci: Cənabətli olduqda (cinsi əlaqə və ya istənilən şəkildə məni xaric olduqda).

“Ey iman gətirənlər! Namaza durduğunuz zaman... Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)... Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq (artırmaq) istər ki, bəlkə, şükür edəsiniz!” Maidə-6

                                                                                                     

Yuxarıda qeyd olunan ayə bir daha göstərir ki, ilahi göstərişlər insanların mənafeyinə xidmət edir. Allah bu göstərişlərlə insanların mənəvi və cismani paklığını təmin edir.

İkinci: Heyz (qadınların aybaşı adəti - menstruasiya) olan qadınlar.

“Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin. Təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” Bəqərə 222                                                                                                        

                              

Qeyd: Əlbəttə, İslamda digər qüsllar də mövcuddur (Buraya nifas (doğuş qanı görən qadınlar üçün), istihazə (müəyyən şəraitdə qan görmələr zamanı) vacib, cümə, bayram və s. müstəhəb qüsllər daxildir).

Elmi sirlər

1. Qüslün səbəbləri hədislərdə.

İmam Rza (ə) Muhəmməd ibn Sənanın sualının cavabı olaraq buyurur:

“Cənabət qüslündən məqsəd təmizlikdir. İnsan qüsl zamanı özünü çirkdən təmizləyir, bədəni paklayır. Çünki məni bütün bədəndən xaric olur. Buna görə də bütün bədəni təmizləmək lazımdır”.

2. Qüslün mənəvi rolu.

Qüsl insanın daxilən nurluluğuna səbəb olur. Onda mənəvi əhval-ruhiyyə yaradır. Ruha paklıq bəxş edir.

3. Qüslün gigiyenik faydaları.

Bəzi həkimlər qüslün gigiyenik faydaları haqqında yazırlar:

“Spermanın orqanizmdən xaric olması (sidik və s. kimi) yalnız bir üzvlə bağlı deyil. O, bütün orqanizmə təsir göstərir. Bütün hüceyrələr sperma xaric olduqda süstləşir.”

Alimlərin tədqiqatına görə insan orqanizmində mövcud olan veketativ sinir sistemi – simpatik və parasimpatik olmaqla iki hissəyə bölünür. Simpatik sinir sisteminin funksiyası orqanizmin fəaliyyətini sürətləndirmək, çoxaltmaq, parasimpatik sinir sisteminin funksiyası isə tam əksinə orqanizmin fəaliyyətini ləngitməkdir. Vegetativ sinir sisteminin bu iki hissəsi orqanizmdə tarazliğı qoruyur. Bəzən oranizmdə baş verən fəaliyyət nəticəsində məlum tarazlıq pozulur. Bu tarazlığı pozan amillərdən biri də orqazm aktıdır. Bu zaman parasimpatik sinir sistemi simpatik sinir sistemini üstələyir və məlum tarazlıq mənfi şəkildə pozulur. Sübuta yetirilmişdir ki, simpatik sinir sistemini işə salan və itirilmiş tarazlığı bərpa edən amillərdən biri də bədənin suya toxunmasıdır. Orqazm zamanı simpatik və parasimpatik sinir sistemlərinin tarazlığı pozulduğu üçün cinsi əlaqədən və ya məni xaric olduqdan sonra su ilə yuyunmaq (qüsl etmək) vacib edilmişdir.

Elm adamlarından biri yazır:

“İnsan bədəninin xarici örtüyündə 2 milyona yaxın məsamə mövcuddur. Dəri bu məsamələr vasitəsilə xarici aləmlə qaz mübadiləsinə girir. Yəni oksigenin orqanizmə daxil olmasını təmin edir (orqanizmin tənəffüsünün 7%-i bu yolla baş verir). Tər və zəhərli qazlar da bu məsamələrdən xaric olur. Bədəndən xaric olan tərin davamlı buxarlanması nəticəsində qazlı maddələr buxara çevrilir, zəhərli mineral maddələr isə dərinin üzərində qalır. Bu oturumlar (çöküntülər) məsamələri tutur və parazitlərin inkişafı üçün əlverişli şərait yaradır. Cinsi əlaqə zamanı insan daha çox tərləyir. Nəticədə məsamələrin üzərində daha çox çöküntü oturur ( İnsan hər 24 saatda orta hesabla 1 litr su tərləyir. Əgər məsamələr bu və ya digər vasitələrlə tutularsa, çox keçmədən ölümlə nəticələnər). Buna görə də şəriətdə cənabət qüslü vacib eilmişdir ki, bədənin üzərində parazit yuvacıqları məhv edilsin.

Qabaqlar məninin yalnız müəyyən bir üzvdən xaric olduğu zənn olunurdu. Yalnız zaman keçdikcə məninin bütün bədəndən xaric olması isbat olundu”.

4. Qüslün ictimai rolu.

Bəzi alimlər həkimlərə istinad edərək yazırlar:

“Bilməliyik ki, (cinsi əlaqədən sonra) bədən tam yuyulmazsa, insanı tündməcaz olmasına gətirib çıxarır. Bundan başqa, ünsiyyət, sevgi azalır, onlardan pis iy gəlir, iy bilmə hisləri azalır”.

5. “Məss-meyyit” qüslünün faydaları.

Bəzi yazıçılar məssi-meyyit qüslü haqqında yazırlar:

“Xəstənin dəri örtüyündə çoxlu mikroblar olur (təqr. hər santikvadratda 40 000). Bəzi mikroblar xəstə öldükdən sonra güclənərək artır. Bu zaman dəri örtüyü yoluxucu xəstəliklərin yayıcısına çevrilir. İslamda meyit yuyulmazdan öncə çirkin hesab olunur və ona toxunanların xəstəliyə yoluxmamaları üçün qüsl etməyə tövsiyə edilir”.

Nəticə

Burada bir neçə məqama toxunmağı zəruri hesab edirik.

  1. Qüsl ayini dinlərin insana töhfələrindəndir. Hansı ki, onun mənəvi və cismani sağlamlığına yol açır. İlahi dinlər bu növ məsələlərdə insana düzgün həyat yolunu   göstərmişlər. Lakin bunun təbii bu instinktiv kökləri öncədən insanda mövcud olduğu üçün səmavi kitabların elmi möcüzəsi hesab oluna bilməz. Bu, sadəcə insanın     təbii əməlinin təsdiqidir.

  2. Qüsl namaza giriş üçün bir ibadətdir. Onu sırf gigiyenik tədbir səviyyəsinə endirmək doğru deyil. Təbii ki, onun gigiyenik faydaları da danılmazdır.

  3. Bir çox elm adamlarının fikrincə cənabət qüslünün vacib olmasının səbəbi gigiyenik məsələlərdir. Halbuki cənabət qüslü özlüyündə müstəhəbdir. Lakin namazın müqəddiməsi olduğu üçün vacib olur. Deməli, gigiyenik səbəbləri bu növ hökümlərin tam səbəbi kimi göstərmək doğru deyil.

 4. Qeyd olunan gigiyenik faydalar bədənin adi qaydada yuyulması zamanı da özünü göstərir. Bu bir daha məlum faydaları İslamın əsl məqsədi olmadığını aşkara çıxarır.

Muhəmməd Əli Rzayi: “Quranın elmi ecazkarlığı”

Mütərcim: Maqsud Sayılov

 

                                                                                         Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir


 6025, 

Dostların veb səhifələri

15659531
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
7935
7422
55078
15456216
134670
160067
15659531

sizin IP ünvanınız: 18.191.14.104
2024-12-22 22:52

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!